Mar
2019
14:07
134
70
2108
Virtual karabakh

Aydın Mirzəzadə: Paşinyanın Qarabağı işğalda saxlamaq gücü yoxdur

7 Mar, 2019
14:07
2108

Aydın Mirzəzadə: Paşinyanın Qarabağı işğalda saxlamaq gücü yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində həm məlumatsızdır, həm də çox təcrübəsizdir.

O, problemin həllindən qaçmağa, diqqəti bacardığı qədər digər məsələlərə yönəltməyə çalışır. Amma görünən ondan ibarətdir ki, bu, birbaşa Paşinyanın hakimiyyətdə qalması məsələsinə ciddi təsir edən faktordur və bundan qaçmaq qeyri-mümkündür.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi, bu prosesə separatçı “DQR” rejimi rəhbərliyinin, Dağlıq Qarabağın erməni icmasının cəlb edilməsi təklifinə və bunun Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən rədd edilməsinə, bu təklifin baş tutmasının qeyri-mümkünlüyü məsələsinə münasibətini bildirərkən deyib. 

“Əgər Paşinyan bildirsəydi ki, işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarır və Azərbaycan mərkəzi hakimiyyəti erməni icması ilə danışıqlara gedir, Azərbaycan buna razı olardı və dünyanın hər bir yerində regional məsələlər, konfliktlər məhz bu cür həll olunur”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan üçün bu gün vacib olan məsələ torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir. 

“Ayrı-ayrı bölgələrin icmaları ilə problemin həll edilməsi bizim üçün çətin məsələ deyil. Azərbaycan bu gün Ermənistandan ilk növbədə ərazi bütövlüyümüzə hörmətlə yanaşılmasını tələb edir və cənab prezidentin cavabı bir daha bu prinsipial mövqeyin səsləndirilməsidir.

Bu baxımdan, danışıqlar prosesinin formatının dəyişdirilməsi indiki halda heç cür mümkün deyil. Paşinyan bir şeyi dərk etmir ki, onun bundan sonra torpaqları işğalda saxlamaq üçün gücü, imkanı yoxdur. Nə iqtisadi, nə hərbi gücü var, nə də diplomatik cəbhədə dəstəklənir.  

Bu gün Ermənistan cəmiyyətinin özündə işğala son qoyulması ilə bağlı cəsarətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, Paşinyanın son bəyanatları onun özünün siyasi nüfuzuna və hakimiyyətinin uzunömürlülüyünə ciddi təsir edəcək. 

Azərbaycan isə problemi istənilən yolla həll edəcək. Azərbaycan bu problemi həll etmək üçün bütün imkanlara malikdir və onlardan imtina etmək fikrində deyil”, - deyə politoloq əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri