18 
Mar
2019
12:03
243
60
2088
Virtual karabakh

Millət vəkilləri prezidentin əfv sərəncamından danışdı

18 Mar, 2019
12:03
2088

Millət vəkilləri prezidentin əfv sərəncamından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayıb.

Sərəncamın icrası martın 17-si səhər saatlarında başlayıb, elə həmin gün də yekunlaşdırılıb.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı deputatların fikrini öyrənib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyev saytımıza açıqlamasında deyib ki, Novruz bayramı ərəfəsində 431 ailəyə sevinc bəxş edən bu əfv sərəncamını yalnız alqışlamaq lazımdır:

“Ölkə prezidenti bu sərəncamla növbəti dəfə minlərlə insanın, yüzlərlə ailənin sevincinə sevinc qatmış oldu. Odur ki, bu nəcib və humanist addımına görə cənab prezidentimizə seçicilərim adından minnətdarlığımızı bildirirəm”. 

Millət vəkili Elman Nəsirov da qeyd edib ki, Novruz bayramı ərəfəsində imzalanmış növbəti əfv sərəncamı ölkə prezidentinin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Novruz bayramı ərəfəsində belə bir humanist addım atılmasının xüsusi məna və əhəmiyyət daşıdığını qeyd edən E. Nəsirov vurğulayıb ki, dövlət başçısı yüzlərlə ailəni sevindirib:

“Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olunmuş bu insanlar əziz bayramı öz ailə üzvləri, yaxınları ilə birlikdə keçirəcəklər. Eyni zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. 

Cinayət yolu tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dərsi götürür və görürlər ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütöv bir ailənin faciəsidir”. 

Digər millət vəkili Eldəniz Səlimov öz növbəsində qeyd edib ki, hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində “hər bir azərbaycanlının prezidenti olacağam” deyən, dövlət başçısı son 10 ay ərzində ikinci dəfə böyük və tarixi əfv sərəncamı imzalamaqla, bir daha vədinin, sözünün üstündə durduğunu nümayiş etdirdi: 

“Yəni, dövlət başçısı heç bir azərbaycanlıya, heç bir Azərbaycan vətəndaşına fərq qoymadığını, hətta, səhvə, xətaya, cinayətə yol vermiş insanları belə bağışlamaq, əfv etmək iradəsinə və qüdrətinə malik olduğunu əməlləri ilə sübut etdi və etməkdədir. 

Hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevə bu, son dərəcədə müdrik və humanist addımına görə minnətdarlığımı bildirir, azadlığa qovuşan insanlarımızı, onları yaxınlarını isə təbrik edirəm. Arzu edirəm və inanmaq istəyirəm ki, həmin insanlar onlara verilmiş bu tarixi şansı və fürsəti olduğu kimi və yaxşı şəkildə dəyərləndirəcək, bir daha səhvə, xətaya yol verməyəcəklər”. 

Millət vəkili, akademik Gövhər Başxşəliyeva da qeyd edib ki, əfv fərmanının xalqımızın Novruz bayramı ərəfəsində verilməsi ilk növbədə əfv olunanlara, onların ailə üzvləri və qohum-əqrəbalarına yeni böyük bir sevinc və bayram hədiyyəsidir:

“Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir.

Bildiyiniz kimi, hər Novruz bayramı ərəfəsində cənab İlham Əliyev tərəfindən bu addım atılır.

Siyasi baxışından, əqidəsindən, dünya görüşündən asılı olmayaraq, törətdiyi cinayət əməli və ya hüquqpozma əməlindən peşman olmuş, səhvini etiraf etmiş, yaxud, səhhəti, ailə vəziyyəti ilə əlaqəli olaraq, bir qrup insan cənab prezidentimizin humanizm və mərhəmətindən  irəli gələn verdiyi fərman və sərəncamla cəza çəkməkdən azad olunur.

Cənab prezident bir daha bu əfv fərmanı ilə sübut etdi ki,  hər bir vətəndaşımızın prezidentidir, insan hüquq və azadlıqları prinsiplərinə ölkəmiz sadiqdir və bu sahədə işlər müxtəlif islahatlar vasitəsi ilə daim təkmilləşir.

Bu gun dünyada ölkəmizi istəməyən qüvvələr və onların dəyirmanına su tökən öz içimizdən olan bəzi yaramazlar bütün bu kimi addımlara kölgə salmaq istəyirlər”.

Millət vəkili Azər Badamovun sözlərinə görə, belə sərəncamları ölkə prezidenti mütəmadi olaraq imzalayır.

“Törətdikləri cinayət əməllərinin cəmiyyət üçün təhlükəlilik səviyyəsi nəzərə alınaraq, məhkumluq həyatını yaşayan insanların bir çoxu əfv olunur, onlar ailələrinə qovuşdurulur, gözü yolda olan ailələrin intizarına son qoyulur və bir daha cəmiyyətdə özünü doğrultmasına imkan verilir.

Təbii ki, bu, cənab prezidentin siyasətinin təməlində humanizmin birinci yerdə dayandığının göstəricisidir.

Martın 16-da imzalanan əfv sərəncamı da 431 nəfərə şamil olunub, o cümlədən, 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Bu, çox təqdirəlayiq haldır və xalq tərəfindən alqışlanır”, - deyə, millət vəkili bildirib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri