Apr
2019
16:15
345
120
4481
Virtual karabakh

Politoloq: Ermənistan “xoruzlanır”, vəziyyətin ağası isə Azərbaycandır

Bu günlərdə Azərbaycanda 2016-cı ilin Aprel döyüşləri şəhidlərinin xatirəsi anılır. Həmin döyüşlərdə Azərbaycan ordusu öz gücü və qüdrətini açıq şəkildə nümayiş etdirərək, Azərbaycanın bir sıra ərazilərini işğaldan azad edib.

Elə bir neçə gün əvvəl Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün heç də təsadüfi olmadığını düşünmək olar.

Politoloq Tofiq Abbasov Oxu.Az-a verdiyi müsahibədə danışıqlar ətrafında gedən proseslər, Azərbaycanın diplomatik qələbəsi, həmçinin, Ermənistan Müdafiə Nazirliyinin yeni ərazilərin zəbt olunması ilə bağlı bəyanatı barədə danışıb.

- Əliyev-Paşinyan danışıqları nəyi göstərir?

- Danışıqlar onu göstərdi ki, ATƏT-in Minsk qrupu danışıqlar prosesinin formatını dəyişmək niyyətində deyil, onlar danışıqlar masasına separatçıların cəlb olunması ilə bağlı Yerevanın təklifini rədd etdilər.

Biz bir daha əmin olduq ki, Ermənistan tərəfi sülh prosesinə hazır deyil, prosesin daşa dirənməsi və Azərbaycanı torpaqlarının itirilməsi ilə barışmağa vadar etmək üçün vaxtı uzadır. Ancaq o, buna, əlbəttə ki, nail ola bilməyəcək. Ona görə ki, Azərbaycanın istənilən an işə salına biləcək alternativ tədbirlər planı var.

Hazırda Ermənistanın “xoruzlanmasına” və strateji təşəbbüsün onların tərəfindən olduğunu göstərməyə çalışmasına baxmayaraq, vəziyyətin ağası Azərbaycandır. Azərbaycanın əmr gözləyən ordusu, sabit iqtisadiyyatı, nəyahət, onun tərəfində olan beynəlxalq hüquq var.

- Bu görüşü Ermənistanın diplomatik iflası kimi qiymətləndirmək olar?

- Onlar, sözün düzü, belə düşünmürlər. Ancaq əslində, bu, elə iflasa bərabərdir. Çünki Vyana görüşündən dərhal sonra iki ölkənin başçıları öz mövqelərini səsləndirdi və Nikol Paşinyan bildirdi ki, görüşün yekunlarında qalib və ya məğlub tərəfi axtarmaq lazım deyil, ona görə ki, separatçıların danışıqlar masasına gətirilməsi təklifi qəbul olunmayıb. Bu məsələdə həmsədrlər də prinsipial mövqe tutdu, separatçıların danışıqlarda iştirakına imkan vermədi.

Bütün beynəlxalq təşkilatlar formatın dəyişilməsinin əleyhinə idi. Ona görə də biz Ermənistan tərəfinin diplomatik iflasının şahidi olduq. Beləcə, Nikol Paşinyan öz siyasi səriştəsizliyini üzə çıxardı və onun diplomatik “fərariliyi” heç bir nəticə vermədi, onu suyu süzülmüş şəkildə danışıqlar masasına əyləşməyə vadar etdilər.

- Bildiyiniz kimi, Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan ordusunun Azərbaycanın başqa ərazilərini zəbt etməyə hazır olduğunu bəyan edib. Bu bəyanatı necə qiymətləndirərdiniz?

- Hesab edirəm ki, bu cəfəngiyyatı şərh etməyə belə lüzum yoxdur. Bu bəyanat başdan ayağa sarsaqlıqdır, ona görə ki, Ermənistan heç ordusunu təmin etməyə pul tapmayan, az şeyə qadir olan ölkədir.

Nəticə etibarilə, o qədər də peşəkar olmayan kadr kimi Ermənistan müdafiə naziri ölkənin hərbi planda zəif olduğunu və ordu sıralarında hansı səviyyədə hərc-mərcliyin olduğunu bilə-bilə, açıq aydın sarsaqlayır.

Bu gün Ermənistan əsgərləri komandanlığa qarşı qiyam edir, cəza olaraq onlar Qarabağda hərbi qulluğa göndərilir. Qarabağda xidmət onlar üçün qeyri-prestijli və təhlükəli xidmət sayılır. Belə bəyanatlar ölkə rəhbərliyinin tamamilə mənəviyyatını itirdiyini və belə bəyanatların köməyi ilə özlərini ölkə vətəndaşlarına yaxşı göstərməyə can atdıqlarını göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri