21 
Avq
2019
17:06
92
41
2661
Virtual karabakh

Rusiyalı ekspert: ABŞ SSRİ-nin səhvini təkrarlayır - MÜSAHİBƏ

Beynəlxalq Yeni Dövlətlər İnstitutunun (Moskva) direktoru Aleksey Martınovun Oxu.Az-a müsahibəsi:

- Sidney Universitetinin ABŞ-ın Öyrənilməsi Mərkəzinin hazırladığı məruzədə deyilir ki, Vaşinqton Hind-Sakit okean regionunda hərbi üstünlüyünü itirərək birinciliyi Pekinə verib. Bu, doğrudanmı belədir?

- ABŞ artıq uzun müddətdir bu regionda bir sıra mövqelərdə Çindən geridə qalır. Sözün düzü, bu məruzədə yeni heç nə yoxdur. Sözügedən məruzə ABŞ hakimiyyətinin İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizliyin arxitekturasına əsaslanmış bir sıra sazişlərdən çıxması ilə bağlı yeni siyasətini dəstəkləyir.  

Beynəlxalq təhlükəsizliyin arxitekturası 1970-1980-ci illərdə kütləvi qırğın, strateji raket və nüvə başlıqlarının istehsalı və istifadəsini məhdudlaşdıran müqavilələr qismində yekun olaraq təsbit edilib.

ABŞ-ın indiki strategiyası beynəlxalq təhlükəsizliyin arxitekturasını dağıdır və SSRİ-nin vaxtilə yol verdiyi səhvi təkrarlayaraq yeni silah yarışına qoşulur. 1991-ci ildə SSRİ-nin dağılmasına səbəb nə oldu? Vaşinqtonun Moskvaya zorla qəbul etdirdiyi silah yarışması yekunda sovet iqtisadiyyatına zərbə endirdi.

Qeyd etmək lazımdır ki, yeni silah yarışı böyük ölçüdə Rusiyaya təhlükə törətmir, çünki Moskva opponentləri ilə müqayisədə prinsipial olaraq yeni səviyyəli hərbi texnologiyaların istifadəsinə başlayıb. Mən hipersəsli silahı və digərlərini nəzərdə tuturam.

- Məruzə müəllifləri iddia edirlər ki, son onillikdə ABŞ-ın müdafiə büdcəsi maliyyənin yubanmasına və gözlənilməzliyinə görə əziyyət çəkir.  Bu iddiaların əsası varmı? Avstraliyalı araşdırmaçılar qeyd edirlər ki, Vaşinqton son 20 ildə Yaxın Şərqdəki hərbi əməliyyatlarda müntəzəm iştirak edirlər. Bu da digər fövqəldövlətlərlə mümkün münaqişələrin hazırlığına yardım üçün xərclənə biləcək vəsaitləri yayındırır.

- Düşünmürəm ki, ABŞ-ın hərbi büdcəsi nədənsə əziyyət görür. Onun büdcəsi 716 milyard dollardır. Ola bilsin, nədənsə əziyyət çəkirlər, lakin rəqəmlər heyrətləndirici, başgicəlləndiricidir.

- Pentaqon "Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında" müqavilənin (OYMRM) əhatə dairəsinə düşən yerüstü qanadlı raketlərin avqustun 18-də San-Nikolas adasında sınaqdan keçirildiyinə dair məlumat verib. Bildirilir ki, raket 500 kilometrdən artıq məsafəni qət edərək hədəfi uğurla vurub.

- Bütün bunlar ondan xəbər verir ki, ABŞ OYMRM-nin müddəalarını pozmaqla bu sənədlə qadağan edilmiş silahların layihələndirilməsinə və istehsalına davam edib. ABŞ OYMRM-dən çıxmaqla bağlı planlarını bəyan etdikdən iki ay sonra sınaq keçirir. Belə şeyləri qısa müddət ərzində düzəltmirlər. Yəni ABŞ razılaşmanı pozaraq öz raket potensialının inkişafını davam etdirib. Eyni vaxtda isə OYMRM Rusiyaya fəaliyyət məhdudiyyəti qoyurdu.

Digər tərəfdən, müqavilə dənizdə yerləşdirilən raketləri əhatə etmədiyinə görə müəyyən disbalans olub, Pentaqon məhz həmin raketlərin istifadəsinə güc verib. Rusiya bir neçə il öncə "Kalibr" raketini silahlanmaya daxil edərək bu boşluğu doldurub, Vaşinqtonun bu məsələdə üstünlüyü sıfıradək enib. Buna görə də Ağ Ev öz əl-qolunu açmaq və silah yarışından istifadə edərək irəliyə getmək üçün mövcud müqavilə bazasını dağıtmaq yoluna keçib.

- ABŞ OYMRM-dən çıxmaq istəyini onunla izah edib ki, sənədin çərçivəyə salmadığı Çin öz raket potensialının sərbəst inkişafını davam etdirir, Vaşinqton isə fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətindədir.

- Düzdür. Amerikalıların məntiqinə gəlincə, bu, anlaşılan deyil. Son 10 il ərzində Moskva bu məsələ ilə bağlı üçtərəfli danışıqların keçirilməsini təkidlə təklif edib. Rusiya OYMRM-in iştirakçılarının artırılmasıınn lehinə olub və mövcud gərginliyi azaltmaq üçün təklif edib ki, Çin müqaviləyə qoşulsun.

Məlum olduğu kimi, ABŞ-da hərbi-sənaye kompleksinin lobbiçiləri çox güclüdürlər. Onlar ABŞ rəhbərliyinə öz fikir və maraqlarını diktə edə biliblər. Nəticədə, Vaşinqton məsələnin həllində müharibəyə doğru aparan yolu seçib. Dünyada belə təhlükəli silahlar nə qədər çox olarsa, qlobal münaqişənin baş vermə şansı da bir o qədər artır.

Yeni nəsil müxtəlif silahların, o cümlədən, hipersəsli silahın olması ABŞ-ın istənilən sənaye və inzibati mərkəzlərini qlobal münaqişə şəraitində tamamilə müdafiəsiz edir. Rusiya bu texnologiyalarla heç kimi təhdid etmək istəmir, əksinə, mövcud fikir ayrılıqlarını və problemləri həll etmək məqsədilə danışıqların aparılması səylərini təşviq edir.

Əfsus ki, amerikalılar hazırda əks istiqamətdə gedirlər. Bunun nə ilə qurtaracağını bilmirəm. Çinin də hazırda ən mükəmməl hərbi texnologiyaları var. Qlobal münaqişə baş versə, istisnasız hamıya toxunacaq.

- Çin hazırda uğurla inkişaf edən dövlətdir, gələcəkdə dünya üzrə iqtisadi liderliyi ABŞ-ın əlindən ala bilər. Lakin bəzi ekspertlər iddia edirlər ki, Çin gil ayaqlar üzərində dayanan nəhəngdir və onu SSRİ-nin kədərli taleyi gözləyə bilər.

- Bilirsiniz, Çinin SSRİ kimi nə vaxtsa dağılacağını istənilən qədər iddia etmək olar. Lakin Çin min illərdir mövcuddur. Bəli, onun müxtəlif dövrləri olub, buna rəğmən, o var və olacaq. ABŞ-ın taleyinin necə olacağını isə təsəvvür etmək çətindir. Əgər Çin gil ayaqlar üzərindəki nəhəngdirsə, ABŞ-ın ayaqları hətta gildən deyil, hansısa şübhəli materialdandır.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri