25 
Fev
2020
16:07
16
75
1414
Virtual karabakh

Roma səviyyəsində nəyi bəyan etdik?

25 Fev, 2020
16:07
1414

Roma səviyyəsində nəyi bəyan etdik?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

Dövlət başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən həftə İtaliyaya dövlət səfəri bir neçə aspektdə əhəmiyyətli oldu. Bu səfər ümumən götürsək, həm vaxt baxımından yerinə düşdü, həm də olduqca məhsuldar oldu. 

Vaxt nöqteyi-nəzərindən ona görə yerinə düşdü ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəmərinin gerçəkləşməsi üzrə işlərin, yəni mühəndis, təchizat və tikinti işlərinin 92 faizi tamamlanıb. Və adıçəkilən boru kəməri vasitəsilə ticari məqsədlə qaz nəqli 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi, sınaqdan keçiriləcəyi vaxtda baş tutacaq.

Bu baxımdan, sözügedən səfərin məhz bu ərəfədə həyata keçirilməsi böyük məna daşıdı. Səfər əhəmiyyətli və məhsuldar keçdi, ona görə qeyd edirəm ki, Azərbaycan özünün təkcə neft-qaz ölkəsi olmadığını bir daha bəyan etdi. Özü də Avropanın ən inkişaf etmiş ölkələrindən biri olan, həmçinin, ölkəmizin də adıçəkilən regionun ən sıx əməkdaşlıq etdiyi və demək olar, birinci sırada tərəfdaşı sayılan İtaliyanın özündə...

Bəli, bu, çox mühüm faktdır. İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır. Bunu adıçəkilən ölkənin yüksəkçinli dövlət, hökumət nümayəndələri tərəfindən də eşitdik. Məsələn, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayonu nəzərə çatdırdı ki, 10 ildən bir az müddət ərzində iki ölkə arasında ticarət əlaqələri 70 faizə qədər artaraq, İtaliyanın Azərbaycandan idxalı 55,5 milyon avroya çatıb.

Dövlət başçımız İlham Əliyev isə xatırlatdı ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neft ixrac edilməsinə görədir. 

“Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır”, - deyə Prezident qeyd etdi.

Azərbaycanda bu gün qeyri-neft sektorunu inkişaf etdirmək prioritet sayılır. Odur ki, belə səfərlərin ən böyük məqsədi və məramı ikitərəfli əlaqələri və əməkdaşlığı mövcud müstəvidən qeyri-neft-qaz sektoruna transfer etməkdir. Bunun üçün Azərbaycanda hər cür şərait yaradılıb, üstəlik, beynəlxalq maliyyə, iqtisadi və reytinq agentlikləri, o cümlədən, qiymətləndirici dairələr və ekspertlər də ardıcıl olaraq müsbət rəy verirlər. 

Prezidentimiz bunların bir çoxunu xatırlatdı. 

Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında nəqliyyat infrastrukturu baxımından Azərbaycanın dünyada 34-cü, dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yer tutduğu bir daha nəzərə çatdırıldı. Açıq dənizlərə çıxışımız olmasa da, artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişik...

Eyni zamanda, ölkədə həyata keçirilən islahatlar da dəstəklənir ki, dəyişikliklər müsbət qiymətləndirilir. Bunun nəticəsidir ki, son 16 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, əhalinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayırdısa, bu, 4,8 faizə düşüb.

Dünya Bankının “Doing Business” hesabatında ölkəmiz biznes mühitini sağlamlaşdırmaq istiqamətində atdığı addımlara görə 20 ən islahatçı ölkə sırasına çıxıb.

Yəni bütün qeyd olunanlar fonunda bu gün, bəlkə, İtaliya qədər bizimlə əməkdaşlıq edə biləcək, neft-qaz sektorumuzdan kənar sahələrə də lazımi səviyyədə maraq göstərə biləcək ikinci bir ölkə, əslində, olmalı deyil. Niyə? 

Ona görə ki, İtaliya yuxarıda qeyd olunduğu kimi çox böyük və mühüm tərəfdaşdır. Ölkəmiz uzun illərdir, İtaliyanı xam neftlə təchiz edir və bizdən idxal edilən xam neft İtaliyada istehlakın 18 faizini təşkil edir.

Azərbaycan bu sahədə birinci yerdədir. TAP layihəsi başa çatdıqdan sonra isə Azərbaycan və İtaliya növbəti onilliklər ərzində qaz sahəsində də çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərməli olacaqlar. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq ki, bu həcmin gələcəkdə 20 milyard kubmetrədək çatacağı imkanı var.

Sözün qısasını deyim, iki ölkə arasında münasibətlər yenə də, əsasən, neft-qaz üzərində inkişaf etməli olsa, bu, səmərəli və strateji sayılmayacaq, bəsit xarakter daşıyacaq. Düzdür, İtaliyanın ölkəmizin qeyri-neft sektoruna da sərmayə qoyuluşunda təcrübəsi var.

Belə ki, bu gün italyan şirkətləri bizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyərinin yeddi milyard avro təşkil etdiyi məlumdur ki, hazırda 100-dən çox İtaliya şirkəti istər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya, istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə ölkəmizdə fəaliyyət göstərirlər.

İtaliya Azərbaycanda təqribən bir milyard dollara yaxın dəyəri olan iki böyük sənaye müəssisəsini istifadəyə vermiş tərəfdaş sayılır. Podratçı kimi bu işi görən sözügedən ölkəyə məxsus şirkət Azərbaycanda bu gün neftayırma zavodunun yenidən qurulmasında iştirak edir.

Sözüm bunda deyil. Bununla belə, qeyri-neft sektorunda real əməkdaşlıq konturlarını Azərbaycan Prezidenti İlham Əliyev yaxşı ifadə etdi. Prezidentimiz bildirdi ki, məsələn, İtaliya şirkətlərinin kənd təsərrüfatı sahəsində çox böyük təcrübəsi var ki, həmin şirkətlərin bəziləri Azərbaycanda fəaliyyət göstərir. 

“Hətta bir İtaliya şirkəti Azərbaycanda şərabçılığın inkişafı ilə məşğul olur və çox uğurla məşğul olur. O şirkətin istehsal etdiyi məhsul xarici bazarlara da ixrac edilir. Biz bu sahəyə də xüsusi əhəmiyyət veririk”, - deyə dövlət başçımız nəzərə çatdırdı.

2019-cu ildə Azərbaycanda təqribən 200 min ton üzüm tədarük edilib. Bunun böyük əsas hissəsi texniki sortlardır. Bu, şərabçılığın inkişafı üçün gözəl imkan deməkdir. İtaliyanın da bu sahədə zəngin təcrübəsi olduğu sirr deyil. Düzdür, bizim təcrübəmiz də az deyil, paralel olaraq bu sahədə bazarlara çıxış baxımından da ciddi problem yoxdur. Müvafiq İtaliya şirkətləri ilə nədən şərabçılıq sahəsində əməkdaşlıq genişləndirilməsin ki?

Və yaxud Prezident digər sahəni və mümkün əməkdaşlıq istiqamətini göstərdi. Dövlət başçımız İlham Əliyev qeyd etdi ki, İtaliyanın zeytunçuluq sahəsində böyük təcrübəsi var. Ölkəmiz isə artıq zeytun yağlarını ixrac etməyə başlayıb: İtaliya şirkətləri bu sahədə məsləhətçi və podratçı kimi iştirak edə bilməzlərmi? 

Digər bir sahə isə fındıqçılıqdır. Fındıqçılıqda Azərbaycan İtaliya ilə bərabər, dünya miqyasında aparıcı ölkələrdən biridir. Fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsuludur.

Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında hazırda dördüncü yerdədir. Ölkəmiz İtaliyaya fındıq ixracı ilə məşğuldur. O cümlədən, İtaliya şirkətlərinin də bu sahəyə böyük marağı var.

Dövlət başçımız onları dəvət etdi ki, Azərbaycanda bu və digər sahələri bizimlə bərabər inkişaf etdirsinlər. Çünki indi Azərbaycanda yeni texnologiyaların tətbiqi nəticəsində məhsuldarlıq kəskin şəkildə artır və İtaliyanın bu sahədə böyük təcrübəsinin olması əməkdaşlıq üçün geniş perspektivlər açır.

Daha bir qeyri-neft sektoru üzrə sahə isə turizmdir. İtaliyanın turizm sahəsində zəngin təcrübəsi var. Ölkəmiz ilə bu istiqamətdə də əməkdaşlıq imkanları mövcuddur. Həm təcrübələrin bölüşdürülməsi, həm də qarşılıqlı turist idxalı və ixracı sahəsində əməkdaşlıq mümkündür.

Sözügedən sferada mövcud xidmətin yaxşılaşdırılması üçün infrastrukturun inkişafı məqsədilə qarşılıqlı investisiya addımları da həyata keçirilə bilər ki, bu, hər iki tərəfə böyük səmərə verə bilər.

Bir sözlə, səfər zamanı imzalanan sənədlərin sayı və əhatə etdiyi sahələrin spesifikası da deməyə əsas verir ki, əməkdaşlığın iqtisadiyyatın real sektora transferi üçün ortada nəinki böyük imkanlar var, konkret istək də mövcuddur.

Bu mənada, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumlarını, “Azərbaycan Dəmir Yolları” QSC ilə “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satın alınması barədə müqavilə”ni yüksək qiymətləndirmək lazımdır.

Ümumiyyətlə, Azərbaycan İtaliya qarşısında bu ölkəni neçə illərdir neftlə təchiz etməklə bərabər, tezliklə qazla da təchiz etməyə başlayacağını diqqətə çatdırmaqla yanaşı, bununla heç də təkcə neft-qaz ölkəsi kimi tanınmaq istəyində olmadığını bir daha bəyan etdi. Özü də Roma səviyyəsində...

Bu, ötən həftə Azərbaycandan İtaliyaya həyata keçirilən yüksək səviyyəli səfərin iqtisadi baxımdan ən böyük uğurudur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri