19 
İyn
2021
00:45
385
50
3197
Virtual karabakh

Ceyhun Bayramov Qaqauz rəhbərinə azad edilmiş ərazilər barədə məlumat verib – YENİLƏNİB + FOTO

Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Qaqauz Muxtar Ərazisinin rəhbəri İrina Vlah ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Azərbaycan və Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla vurğulayıb. O, 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

İrina Vlah Qaqauzda Heydər Əliyev Fondu tərəfindən 650 yerlik yeni məktəbin inşa edildiyini qeyd edərək, bu kimi təşəbbüslərin iki ölkə arasında olan dostluq münasibətlərinin genişləndirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

20:23

Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisaunun xarici işlər və icmalar naziri Syuzi Karla Barbosa ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və Qvineya-Bisau arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir, Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, bu ölkənin 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər də daxil olmaqla, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə diqqət çəkib.

Post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan nazir, işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.

Öz növbəsində Syuzi Karla Barbosa beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlığı yüksək qiymətləndirərək, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşüb

19:49

Bu ilin 18 iyun tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamed Abdirizak ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib. Bu xüsusda, nazir qarşı tərəfə cari ilin 13 iyun tarixində Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedinin Azərbaycan səfəri çərçivəsində azad edilmiş Ağdam rayonuna etdiyi səfərinə toxunaraq onun şəxsən Ermənistanın törətdiyi dağıntıların miqyasının şahidi olduğunu qeyd edib.

Nazir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə Somalinin hər zaman dəstək olduğunu vurğulayıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, habelə iki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri