18 
Noy
2021
15:20
497
29
1800
Virtual karabakh

Elnur Allahverdiyev: “Döyüşçülərimizə qumbara atan erməni Azərbaycana təhvil verilməlidir”

18 Noy, 2021
15:20
1800

Elnur Allahverdiyev: “Döyüşçülərimizə qumbara atan erməni Azərbaycana təhvil verilməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nə qədər ki, sülh sazişi imzalanmayıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sərhədlərin delimitasiya və demarkasiyasına başlanılmayıb, Ermənistanın bir dövlət, erməni xalqının da bir xalq kimi vəziyyəti daha da çətinləşəcək. İllərdir Azərbaycan Prezidenti xəbərdarlıq edirdi ki, Yerevan işğalçılıq siyasətindən əl çəkməsə, erməni xalqı öz dövlətçiliyini itirə bilər. Hazırda biz bu prosesin canlı şahidiyik”.

Bu sözləri Oxu.az-a Ermənistanla sərhəddə baş vermiş son hərbi toqquşmanı şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

E.Allahverdiyevin sözlərinə görə, Ermənistandakı hökumətin mövcud vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla tam sülhə nail olmasından keçir:

“Ötən ilin 10 noyabr bəyanatının bütün maddələri icra edilməyincə, sülhdən danışmaq mümkün deyil. Birincisi, Azərbaycan ərazilərində qalan erməni hərbi birləşmələrinin tör-töküntüləri torpaqlarımızı tərk etməlidir, onların onsuz da hər hansı hərbi taqətləri qalmayıb. İkincisi isə, Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır. Əks halda, Azərbaycan buna özü nail olacaq, necə ki, sərhəddəki son hadisələr bunu sübut etdi”.

Ermənistanla sərhəddə 14-16 noyabrda baş vermiş gərginliyi bu ölkənin baş naziri Nikol Paşinyan özlərinə məxsus tərzdə şərh edir. Guya o, üç dəfə sərhədlərin müəyyən olunması prosesinə razılıq verib, Azərbaycan isə bundan imtina edib. Millət vəkili hesab edir ki, Paşinyan ondan əvvəlki Ermənistan liderlərinin oynadıqları siyasi oyunu oynamaq istəyir:

“Ermənilər ən həlledici anda müzakirə masasından qaçmağa, özü də bunu müxtəlif bəhanələrlə etməyə öyrəşiblər. 1999-cu ildə parlamentlərini gülləbaran edib, liderlərini öldürüb sülhdən qaçdılar. 2016-cı ilin aprel döyüşlərindən sonra “Sasna tsrer” terrorçu təşkilatı polis şöbəsini tutub çevriliş etmək istəyirdi. Köçəryan və Sarkisyan Minsk qrupunun vasitəçiliyi ilə təşkil olunan danışıqların məntiqi sonluğu yetişəndə aradan çıxıblar. Hətta bir dəfə Köçəryan o vaxt müdafiə naziri olan Sarkisyanın qayınatasının ölməsini bəhanə edib danışıqları tərk etmişdi. Paşinyanın özü bu dalğada hakimiyyətə gəlib. Odur ki, o zamanlar bitib, ermənilərin siyasi oyunbazlığı güclü Azərbaycan qarşısında artıq keçmir”.

Deputatın sözlərinə görə, son gərginliyin səbəbləri sırasında Ermənistanın sabiq müdafiə nazirinin Xankəndiyə gəlişi və erməni terrorçunun Laçın yolunda hərbçilərimizə qumbara atması kimi təxribatlar olduğunu da unutmamalıyıq.

“Həmin terrorçunun sülhməramlılar tərəfindən nədən Xankəndidəki separatçılara təhvil verilməsi ümumiyyətlə, aydın deyil. Məgər sülhməramlılar dövlətlərinin mövqeyini, terrorçunun Azərbaycan ərazisində cinayət törətdiyini bilmirlər? Fikrimcə, biz onun Azərbaycana verilməsini tələb etməliyik. Gətirilib həmyerliləri kimi həbsxanada saxlanılmalıdır. Özü də necə ki bütün əcnəbi məhbuslar digər məhbuslarla ümumi şəkildə saxlanılırlar, erməni cinayətkarlara da eyni yanaşma tətbiq olunmalıdır. Onlara heç bir özəl yanaşma olmamalıdır” - deyə E.Allahverdiyev vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri