20 
May
2022
14:22
217
27
1151
Virtual karabakh

Ceyhun Bayramov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış etdi - YENİLƏNİB + FOTO

20 May, 2022
14:22
1151

Ceyhun Bayramov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış etdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin İtaliyanın Turin şəhərində keçirilən 132-ci sessiyasında çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Ceyhun Bayramov AŞ Nazirlər Komitəsində sədrliyinin müvəffəqiyyətlə başa çatması münasibətilə İtaliyanı təbrik edib və gələcək İrlandiya sədrliyinə dəstəyimizi ifadə edib.

Çıxışında Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayan nazir sözügedən prinsiplərin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin əsası olduğunu qeyd edib.

XİN-in rəhbəri bölgədəki cari vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə iclas iştirakçılarını məlumatlandırıb. Hazırda iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən ardıcıl səylərin davam etdiyini bildirən nazir aprelin 6-da Aİ Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşünün bu prosesə müsbət təsir göstərdiyini qeyd edib. Nazir sözügedən görüşün yekunlarına görə iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verildiyini, həmçinin iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Ermənistanla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edən Ceyhun Bayramov, bu istiqamətdə xüsusi rola malik etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə Avropa Şurasının töhfə verə biləcəyini qeyd edib və AŞ Baş katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün təşkilini müsbət qiymətləndirib.

Azərbaycanın post-münaqişə dövründə üzləşdiyi problemlərdən olan mina təhlükəsi, 1990-cı illərin əvvəlində baş verən müharibə zamanı itkin düşən 4000-dən çox azərbaycanlı barəsində bu günədək məlumatın olmadığına diqqət çəkən Ceyhun Bayramov beynəlxalq birliyi regionda möhkəm sülh və sabitlik naminə bu problemlərin aradan qaldırılmasına fəal dəstək və töhfə verməyə çağırıb.

Azərbaycanın AŞ üzv dövlətləri və orqanları ilə əməkdaşlığa sadiq olduğunu qeyd edən nazir 2022-ci ilin aprelində AŞ Baş katibinin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu, AŞ 2022-2025-ci illərdə Azərbaycan üçün yeni fəaliyyət planının təqdim edildiyini və sözügedən planın birgə fəaliyyət üçün yeni zəmin yaratdığını vurğulayıb.

Çıxışın sonunda nazir İrlandiyanın gələcək sədrliyi dövründə də AŞ ümumi dəyərləri əsasında prioritetlərinə uyğun olaraq nəticəyönümlü əməkdaşlığımızın davam etdirəcəyini bildirib.

12:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İtaliyaya səfəri başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat yayılıb.

C.Bayramov Avropa Şurası Nazirlər Komitəsinin İtaliyanın Turin iştirakında keçirilən 132-ci iclasında iştirak edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri