İyn
2022
14:30
146
13
2829
Virtual karabakh

Azərbaycana qarşı təxribat törədən, öz kimliyinə xəyanət edən “RİA Novosti”yə bir sual, bir məsləhət

3 İyn, 2022
14:30
2829

Azərbaycana qarşı təxribat törədən, öz kimliyinə xəyanət edən “RİA Novosti”yə bir sual, bir məsləhət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli mövqe nümayişi, vaxtaşırı olaraq təxribatlara əl atılması prosesi davam edir.

Növbəti belə addımı “RİA Novosti” atıb. Belə ki, nəşr Artak Beqlaryan adlı separatçı ilə müsahibə edib və müsahibə başdan-sona ölkəmizə qarşı təxribat xarakterli fikirlərlə dolu olub. RİA-nın müsahibi Azərbaycana qarşı iftiralar atıb, ölkəmizi ittiham etməkdən çəkinməyib.

Ən pisi isə odur ki, istifadə olunan başlıqlardan birində separatçıların qondarma qurumu hansısa müstəqil ölkə kimi qələmə verilməyə çalışılır, separatçı Artak Beqlaryan isə ona yaradılmış bu cür platformadan maksimum istifadə edərək, Azərbaycanla münasibətləri şərh etmək cürətini belə özündə tapır.

Qeyd:

“RİA Novosti” - 2013-cü ildə ləğv olunub və onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılıb.

“RİA Novosti”nin sayt kimi tərkibinə daxil olduğu bu agentliyin “haqqımızda” bölməsindəki bəndlərdən birində bu cür qeydə rast gəldik:

“Rusiya Federasiyasının dövlət siyasətinin və ölkənin ictimai həyatının işıqlandırılması”.

Belə olan halda isə “RİA Novosti”nin təxribatının miqyasının təkcə Azərbaycanla məhdudlaşmadığını görürük. Bu sayt və tabe olduğu agentlik həm də Rusiya Federasiyasının dövlət maraqlarını şübhə altında qoyur, açıq şəkildə dövlətlərarası münasibətlərə xələl gətirən təxribata yol açır.

RİA-nın özbaşınalığı həm də Rusiyada Azərbaycan mətbuatına qarşı senzuranı da yenidən xatırladır. Rusiyada heç bir əsas olmadan Azərbaycan mətbuatının haqlı və ədalətli mövqeyi bloklanır. Rusiyanın maraqlarına uyğun hesab etmədiyi Azərbaycanın müstəqil media orqanları “Roskomnadzor”un əli ilə “qara siyahı”ya salınır. Halbuki, kifayət qədər əsaslar olmasına baxmayaraq, Azərbaycan analoji addımı atmır. Azad mətbuat prinsiplərinə Azərbaycanda hörmətlə yanaşılır. “Rossiya Seqodnya” mediaqrupuna daxil olan “Sputnik Azərbaycan”ın ölkəmizdə hələ də fəaliyyətini davam etdirməsi məhz buna əyani sübutdur.

Ancaq görünən odur ki, Rusiyada bəzi dairələr Azərbaycanın bu cür demokratik yanaşmasından sui-istifadə edirlər. Belə olan halda isə mətbuat azadlığı prizmasından uzaqlaşaraq, aşkar təbliğat və təxribatlara keçirlər. Məhz bu fakt isə Azərbaycanı istənilən qərarında haqlı mövqeyə daşıyır. “Sputnik Azərbaycan”ın, eləcə də “RİA Novosti” kimi təxribat-təbliğat maşınının ölkəmizdə bloklanmasını həm legitimləşdirir, həm də zəruri edir. Bu məsələ artıq Azərbaycanın ən təbii hüququna və ədalətsizliyə qarşı ortaya qoyacağı haqlı mövqeyə çevrilib.

Necə deyərlər, “nüsh ilə yola gəlməyəni etməli təkdir, təkdir ilə uslanmayanın haqqı – kötəkdir”!

“RİA Novosti”yə məsləhət

Xüsusən mətbuat sahəsində ən vacib məqamlardan biri sözün qüdrətini dərk edə bilməkdir. Sözün ifadə imkanlarından, onun təsir gücündən istifadə edə bilməkdir. Bu incə detalları peşəkar mətbuatda hər kəs bilməlidir. Biz bu məqamı bildiyimiz üçün RİA-ya elə onun öz “səfeh”liyi barədə məsləhəti özümüzə borc bilirik.

Yuxarıda qeyd etdiyimiz kimi, bu sayt və tabe olduğu beynəlxalq agentlik özünün “haqqında” bölməsində Rusiya Federasiyasının dövlət siyasətini işıqlandırdığını iddia edir. Belə olan halda isə RİA özünün təxribatını həm də öz dövlətinə aid edir, onu separatçılığı dəstəkləyən, dost Azərbaycana qarşı qərəzli mövqeyə qoyur. Rusiya dövlətinin rəsmi mövqeyi isə RİA-nın yazdıqları ilə uzlaşmır.

O zaman haqlı olaraq RİA-da kimliyini təsdiq etmək zərurəti, kimlik problemi olduğu üzə çıxır. RİA kimlərin maraqlarına cavab verir, hansı maraqlara əsaslanıb bu cür provokasiyalara yol verə bilir? Əgər bu - nəşrin qeyd olunan bölməsində iddia olunduğu kimi, Rusiya dövlətidirsə, o zaman Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycan XİN-dən müvafiq reaksiyanı gözləməyə dəyər. Yox, əgər RİA hansısa ermənipərəst, separatçı dairələrin təsiri altında “özbaşına” hərəkət edibsə, o zaman da layiq olduğu cəza verilsin, kim olduğu xatırladılsın.

Ola bilər ki, bu nəşrdə etdiyimiz tövsiyənin Azərbaycan dilində olması səbəbilə bizi anlamasınlar, elə isə RİA-ya rus dilində, həm də bir zamanlar Azərbaycandan çıxıb Rusiyada da olduqca populyar olan bir ifadə ilə məsləhətimizi çatdıraq: “RİA, ты кто такой?” (RİA, sən kimsən?). Əgər bunu müəyyən etməkdə problem varsa, RİA və onun kimi Azərbaycana qarşı aşkar təxribatlara yol verən bütün Rusiya nəşrlərinə sadəcə bir cavabımız olmalıdır: “давай, до свидания!”

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri