15 
İyl
2022
18:12
70
12
1303
Virtual karabakh

Arkadi İzraileviç: “Sənə aid olmayan yad bir yeri necə “azad” etmək olar?”

15 İyl, 2022
18:12
1303

Arkadi İzraileviç: “Sənə aid olmayan yad bir yeri necə “azad” etmək olar?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynadakı müharibə dünya ölkələrinin iqtisadi vəziyyətinə ciddi təsir edib. Ukraynanın qonşusu olan Belarus Respublikası da ciddi iqtisadi çətinliklər yaşayan ölkələrdən biridir.

Tanınmış belaruslu iş adamı Arkadi İzraileviç Oxu.Az-a açıqlamasında qeyd edib ki, Ukraynadakı münaqişə regionun iqtisadiyyatına öz mənfi təsirlərini buraxıb.

“Əvvəllər Belarusla Ukrayna arasında sıx iqtisadi əlaqələr var idi, baxmayaraq ki, son vaxtlar Kiyevin təşəbbüsü ilə siyasi sferada soyuqlaşma müşahidə olunurdu. Ancaq gəlin 2020-ci ili xatırlayaq. Həmin il Belarusda seçkilər keçirildi, sonra isə etirazlar başladı. Sonra prezidentliyə namizəd Svetlana Tixanovskaya (o, seçkilərdə qələbə qazandığını elan etmişdi - red.) Qərb dünyasının və qonşu dövlətlərin liderləri ilə görüşdü. Lakin onların arasında Ukrayna Prezidenti Volodimir Zelenski yox idi”, – deyə Arkadi İzraileviç vurğulayıb.

İki qonşu ölkə arasında olan iqtisadi əlaqələrə toxunan Arkadi İzraileviç xatırlatdı ki, Ukrayna ilə Belarus bir-birinə sıx bağlı olub və heç bir problem müşahidə edilməyib.

“Belarus neft emalı zavodları Ukraynaya təmizlənmiş məhsullar satırdı, böyük dövriyyə var idi. Bizim yol-tikinti trestləri Ukraynada uğurla işləyirdi, hətta Ukraynada asfalt-beton zavodları fəaliyyət göstərirdi (indi onların fəaliyyətinə qadağa qoyulub - red.). Belaruslular tətildə böyük məmnuniyyətlə Odessaya uçurdular, birbaşa uçuşlar var idi. Həmçinin şəxsi avtomobilləri ilə səyahət edə bilirdilər. İndi bunların heç biri yoxdur. İndi isə müharibəyə görə və rusların davamlı atəşi altına düşməkdən çəkinib heç kim bu səyahəti həyata keçirməz. Raketlər ticarət və əyləncə mərkəzlərinə, yaşayış binalarına və sair yerlərə düşür. Məsələn, Odessada Rusiyaya və onun rəhbərliyinə çox loyal münasibət var idi. İndi isə hər şey dəyişib: “Rusiya düşməndir”. Mən Rusiya mətbuatında istifadə edilən “azad edildi” ifadələrini başa düşə bilmirəm. Sənə aid olmayan yad bir yeri necə “azad” edə bilərsən? Bu, artıq başqa cür deyilməlidir”.

Arkadi İzraileviç ,həmçinin belarusluların Ukraynadakı müharibəyə münasibətini və Belarusun müharibədə iştirakının nə qədər gözlənilən olmasını şərh edib:

“Mənim ətrafımda mütəmadi təmasda olduğum insanlardan hamı müharibənin əleyhinədir. Hər iki tərəfdən insanlar ölür və ya şikəst olurlar, ölkələrin genefondu məhv edilir. Bir müddət sonra bu, demoqrafik böhrana gətirib çıxaracaq. Üstəlik, dinc şəhərlər dağıdılır və bunun səbəbi bəlli deyil. Ölkəmizdəki təbliğat, əlbəttə ki, rusiyadakını tamamilə “əks etdirir”. Amma ABŞ və Qərbin müharibəyə aidiyyəti olub-olmaması məsələsinə gəlincə - bunu az adam mübahisələndirir.

Belarusun müharibədə iştirakına gəldikdə. Mən 300 faiz əmin idim ki, Ukraynada müharibə başlamayacaq, ona görə də indi hər hansı proqnoz verməkdən qorxuram, çünki baş verənlər tamamilə məntiqdən uzaqdır. Mənə elə gəlir ki, hadisələrin sonrakı gedişatını heç kim hesablaya bilməz”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri