12 
Avq
2022
16:54
48
254
3090
Virtual karabakh

İran neytrallıq dekorasiyasını qoparır: Moskva üç istiqamətdə Tehrana “yaşıl işıq” yandıra bilər – ŞƏRH

12 Avq, 2022
16:54
3090

İran neytrallıq dekorasiyasını qoparır: Moskva üç istiqamətdə Tehrana “yaşıl işıq” yandıra bilər – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya-Ukrayna müharibəsində iştirak edən oyunçular gizli məramlardan açıq fəaliyyətə keçirlər, münaqişə uzandıqca həmin tendensiya sürətlənəcək.

Çin müharibəyə münasibətdə ehtiyatlı duruş sərgiləsə də, o, bu mövqeyi ilə Rusiyanın maraqlarının qoruyucusuna çevrilir.

Rusiya Ukraynanın işğalına girişən andan sonra güc balansına dair qavrayışlar dəyişdi, Moskva qısa müddət ərzində istədiyinə nail olmaq planının xam xəyal olduğunu anladı və müharibə uzandıqca Kreml açıq-gizli müttəfiqlər axtarmağa girişdi.

Üzə çıxan informasiyalar Moskvanın bu cəhdinin əbəs getmədiyini göstərir, çünki Rusiya-İran müttəfiqliyi Ukraynadakı müharibəyə nisbətdə də dəyər qazanmaqdadır.

İranın Rusiyaya bir neçə pilotsuz uçuş aparatları (“Şahed 129” və “Şahed 131”) verəcəyi ilə bağlı Qərbin kəşfiyyat kulislərində gəzən məlumatlar Moskva ilə Tehranı növbəti sanksiyaya məruz qoya bilər.

Tehran hər nə qədər Ukrayna müharibəsində ümumi neytrallıq ifadələri ilə tərəfsiz olduğunu göstərsə də, onun əsas xətti Moskva ilə uyğunluq təşkil edir.

Hərçənd ki, Rusiya ilə İranın hərbi-texniki əməkdaşlığı da yeni deyil, lakin Ukrayna mövzusu fonundakı silah alış-verişi Qərbin qəzəbinə səbəb olur, bir növ Qərb də cığallığa əl atır.

Belə cığallığın səbəbi odur ki, Qərb üçün Ukraynadakı müharibə tam fərqli bir mahiyyət daşıyır və imkan vermək istəmir ki, əvvəlki razılaşmalar bu münaqişə fonunda silah tədarükü predmetinə çevrilsin.

Ancaq Qərb İrandan Rusiyaya gedən gizli təminat kanallarının qarşısına hərbi güc çıxarmaq imkanından məhrumdur, buna görə də Tehran-Moskva əlaqələrindəki PUA faktorunu “dağıtmaq” mümkünsüz hala gəlir.

Ortaya isə sual çıxır: Görəsən, Rusiya İslam Respublikasının hörmətinə qarşılıq olaraq hansı istiqamətlərdə ona “yaşıl işıq” yandıracaq?

Sualın cavabı indi qeyd edəcəyimiz üç istiqamətdə gizlənib.

Birincisi, bu yaxınlarda Rusiya öz kosmodromundan istifadə edərək, İran peykini orbitə çıxardı. Bu peyk İran üçün xarici hərbi əməliyyatları, Yaxın Şərqdə ABŞ və onun tərəfdaşlarına qarşı hücumları dəstəkləmək üçün əhəmiyyətli məlumatları toplamağa imkan verəcək.

İkincisi, Rusiya İrana “Su-35” kimi dördüncü nəsil döyüş təyyarələri verə bilər ki, bu da İran ordusuna müasir hava qüvvələrini idarə etmək imkanını tanıyar.

Üçüncüsü, Rusiya İranın Suriyadakı siyasi payını artırmaq vədi verə bilər, amma Moskva indi Türkiyə ilə əlaqələrin istiliyinə görə Ankaranı Tehranın ayağına verən addımlara da gedən deyil.

PROQNOZLAR:

Moskva Ukraynadakı müharibə səbəbi ilə güc dinamikasının dəyişdiyini hiss etdiyindən onun iqtisadi və hərbi dəstəyə ehtiyacı artacaq.

Qərb diplomatik kanallarla İranın önünə keçə bilməsə, Moskva-Tehran ikilisinə embarqolar tətbiq ediləcək.

Ancaq Rusiya İsrail-İran münasibətlərində və Fələstin məsələsində İranın mövqeyinə çox da yaxın durmayacaq.

Moskva Türkiyə-İran rəqabətində də incə balansı qoruyub-saxlamaq əzmini nümayiş etdirəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri