29 
Sen
2022
17:28
219
11
915
Virtual karabakh

Beynəlxalq hüququ pozan Ermənistan: Qərbi və NATO-nu qaralayan İrəvan - RƏY + FOTO

29 Sen, 2022
17:28
915

Beynəlxalq hüququ pozan Ermənistan: Qərbi və NATO-nu qaralayan İrəvan - RƏY + FOTO

Beynəlxalq hüququ qorumağa bütün dövlətlər borcludurlar. Bununla bağlı hər bir dövlət üzərinə öhdəlik götürüb. Onun prinsiplərinin pozulması cinayət sayılır. Beynəlxalq məhkəmə bu tip məsələlərə də baxır.

Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı. Bir milyon sakin qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğal olunan ərazidəki mülki, sosial, mədəni, inzibati binalar dağıdıldı və bütün infrastruktur məhv edildi. Eləcə də elektrik xətləri kəsildi. Ermənistan və himayədarları işğal olunmuş Azərbaycan torpaqlarında talançılıq etdilər. Neçə-neçə tarixi mədəni abidələri dağıdıblar. Azərbaycanın həmin ərazilərinə xaricdən və Ermənistandan qanunsuz köçlər edildi, eyni zamanda regiona minalar basdırıldı.

Ermənistandakı hakimiyyətlə birlikdə xarici şirkətlər Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərərək ölkəmizin sərvətlərini talan etdilər. İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qarət etdikləri tapıntıları isə Ermənistana daşıyıblar. İşğaldan əvvəl Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri mövcud olub.
 
Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdı. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə bir edilib, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb.

İşğal nəticəsində ermənilər Şuşada 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evini dağıdıb və viran ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilib.
 

Son zamanlar bəzi təhlilçilər, dövlət rəsmiləri Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mətləblərdə beynəlxalq hüquq, qanunlar, ədalət prinsipləri və BMT nizamnaməsindən ağız dolusu danışırlar. Yuxarıda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmin ərazilərdə törətdiyi cinayətləri xatırlatmaqla o zamanlar da beynəlxalq hüququn, BMT-nin, ədalət prinsiplərinin olduğunu yada salmaq istədik.

Ermənistan Azərbaycana qarşı cinayət törədib. Beynəlxalq hüququ, norma və prinsipləri pozduğuna görə başqaları üçün görk olması ilə əlaqədar beynəlxalq məhkəməyə cəlb olunması vacibdir.
 

2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi və zəmanəti ilə Azərbaycan, Ermənistan və Rusiya liderləri atəşkəs haqqında üçtərəfli bəyanat imzaladı. Həmin sənədə əsasən, Ermənistan öz hərbçilərini Azərbaycan torpaqlarından çıxarmalıdır. Çünki bir dövlətin ordusunun başqa bir ölkənin ərazisində qanunsuz yerləşdirilməsi işğalçılıqdır. Bu, beynəlxalq hüquqa əsasən cinayətdir. Son vaxtlar Ermənistan Azərbaycanla sərhədyanı bölgələrdə təxribatlar törədir. Sentyabrın 12-13-dəki sərhəd təxribatları Ermənistanın son zamanlar etdiyi cinayətlərin pik nöqtəsidir. Bu, rəsmi İrəvanın sülh, əməkdaşlıq tərəfdarı olmasını ancaq sözdə olduğuna dair örnəkdir.

Bəzi ölkələrdə guya Ermənistanın “ərazi bütövlüyünün pozulması”ndan bəlağətlə danışırlar. Belələri ərazi bütövlüyünün pozulduğunu iddia edərək, bunun yolverilməz olduğunu deyirlər. Əvvəllər də deyildiyi kimi, Azərbaycanla Ermənistan arasında konkret sərhəddə müəyyənləşməyib. Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sərhədlərin 1991-ci il xəritəsinə uyğun müəyyənləşməsini istədiklərini deməklə bunu etiraf edib. Sərhəd müəyyən deyilsə, o zaman ərazi bütövlüyünün pozulmasından danışmaqda, bu istiqamətdə İrəvanı müdafiə etmək cəfəngiyyatdır. Ancaq 2020-ci il sentyabrın 27-dək Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu. İşğal faktı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, beynəlxalq vasitəçilərin çıxışlarında belə vurğulanırdı.

Bu baxımdan müxtəlif ölkələrdə Ermənistana dəstək verib “ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi” barədə boş-boş danışan dövlət rəsmilərinin, siyasətçilərin, parlamentarilərin bütün versiya və arqumentləri bu reallıq qarşısında puç oldu. Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi cinayətlərə görə mühakimə olunması vacib məsələlərdəndir. Odur ki, Ermənistan və havadarları cəzasız qaldıqları üçün regionda vəziyyəti yenidən gərginləşdirməyə, təhlükəsizliyi və sabitliyi təhdid etməyə, müxtəlif pozuculuq fəaliyyəti ilə məşğul olmağa səy göstərirlər. Rəsmi İrəvan, Ermənistanda müxalifət sayılan siyasi qüvvələr, onların xarici havadarları cinayəti ört-basdır etmək, diqqəti yanlış və səhv istiqamətə yönəltməklə hay-küy salırlar.

Rəsmi İrəvan bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, Rusiyanı öz avantüralarına qoşmağa çalışdı - amma alınmadı. İndi Ermənistan reallıqla barışıb, yeni şəraitə uyğun fəaliyyət göstərməkdənsə, regiona beynəlxalq müşahidəçiləri cəlb etməklə yenə cəfəng iddialar irəli sürür. Bununla da NATO-nu, qərb dövlətlərini spekulyativ düşüncəyə, cinayətlərinə, pozuculuq və revanşist əməllərinə ortaq etməyi hədəfləyir...

Report İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri