Dek
2022
17:08
253
18
3592
Virtual karabakh

Xankəndidə 14 şübhəli: Azərbaycan iki istiqamət üzrə hesablama aparır - TƏHLİL

2 Dek, 2022
17:08
3592

Xankəndidə 14 şübhəli: Azərbaycan iki istiqamət üzrə hesablama aparır - TƏHLİL

Beynəlxalq münasibətlər sistemindəki nizamın öz fırlanma oxundan çıxarılması bəşəri siyasi prosesləri yırğalandırdıqca məkri ülvi niyyətindən çox olan qüvvələr də fəallaşır. Geosiyasi mənzərənin sürətli dəyişikliyə hamilə qalması transmilli cinayətkarlığın artmasına, etnik separatizmin körüklənməsinə meydan buraxır, terrorçuluq fəaliyyəti ilə haram pullar qazanılmasını stimullaşdırır.

Azərbaycanın yerləşdiyi coğrafiyanın böyük strateji əhəmiyyəti Cənubi Qafqazda yaranan reallıqların yedəyində gətirdiyi bəzi risklər fonunda həssaslaşır.

İndi Bakı həmin damardan böyük qanlar fışqırmaması üçün çalışır və xarici siyasət gündəmini həm strateji müttəfiqi Türkiyə ilə müəyyən edir, həm də nəticələri digər strateji tərəfdaşları ilə ayaqlaşdırır.

Azərbaycan bir-birinin strateji maraqlarına qənim kəsilmiş tərəflərin məngənəsində sıxılıb qalmamaq üçün xarici siyasətdə incə balansı saxlamaqda davam edir, hərçənd ki, Bakı nəzəri olaraq Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır.

Ancaq regional təhlükəsizlik şəraiti və Rusiyanın bölgədəki təsir imkanları Azərbaycanın daha çox Kremllə razılıqlar əldə etməsinə “yaşıl işıq” yandırır.

Bakı ilə Moskva bir çox məsələdə ortaq düşüncə tapmaq təcrübəsinə malikdirlər və münasibətlərin istiliyi müxtəlif sferalar üzrə hərarəti qoruyub-saxlamaq potensialını inkişaf etdirir.

Lakin Azərbaycan ərazilərində xidmət müddəti müvəqqəti missiya kimi müəyyənləşdirilən Rusiya sülhməramlı kontingenti Kremldən aldığı gizli hərbi-siyasi təlimatlarla böyük qələtlər edir ki, bu da münasibətləri gərginləşdirir.  

Düzdür, Rusiya sülhməramlıları münaqişədən sonrakı reallıqlarda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində müəyyən rola sahibdirlər, amma onların mandatı ilə fəaliyyətləri arasındakı ziddiyyətlər Qarabağda silahlı münaqişəni diriltmək meyilləri ilə xarakterizə olunur.

Bu yaxınlarda sülhməramlıların fəaliyyətinin nəticəsi olaraq növbəti “şad xəbər”i aldıq, iddialara əsasən, 14 xarici vətəndaş onların müvəqqəti məsuliyyət zonasından keçərək Xankəndiyə ayaq basıb.

Azərbaycan mətbuatındakı həmin iddia ilə bağlı informasiya axınında İranın adı çox hallanır, təbii ki, sıradan iddialar deyil, məlumatlara əsasən, həmin 14 şəxs iranlıdır.

Bunun doğruluğunu sübut etmək üçün əlimizdə maddi dəlillər toplusu olmasa da, qazanın içindən Tehranın çıxması xəbərləri ən uyğun təsbit edilmiş versiya kimi saxlanıla bilər.

İran regional ambisiyalarının mərhələlərində xeyli uğursuzluğa düçar olsa da, Azərbaycana qarşı Ermənistanın əlinə oynayan xarakterini əsaslı şəkildə dəyişməyib və bu, Tehranın kəşfiyyat-pozuculuq fəaliyyətinin hələ də aktual olaraq qaldığını göstərir.

14 şəxs kimdir, hansı ölkənin vətəndaşıdır - əslində, bu da o qədər önəmli deyil, çünki nəticə olaraq həmin şəxslər sülhməramlıların xeyir-duası altında mübhəm bir planla Xankəndiyə yol tapıblar.

Azərbaycan həmin məchul şəxslərin öz ərazilərində mövcudiyyətini müxtəlif pərdə altında həyata keçirilən terror fəaliyyəti kimi qiymətləndirmək hüququna sahibdir.

Yəni dəxli yoxdur, hansı ölkənin vətəndaşıdır, onların Bakının razılığı olmadan Azərbaycan ərazilərinə soxulması Azərbaycana qarşı məhdud kontingentdən istifadə edərək geniş hədəflərə çatmaq planlarının carçısıdır.

Azərbaycan ərazilərinə qeyri-qanuni gələnlər kəşfiyyat çaparıdırlar, ancaq Bakının əlində olan hərbi-texniki nəzarət imkanları, sülhməramlıların xidmət etdikləri ərazilərdə təhlükəsizlik şəraiti ilə bağlı apardığı təhlillər, İrəvanı və erməni separatçıları vicvicəyə salan kəşfiyyat fəaliyyəti həmin 14 nəfərin də maskasını yırtacaq (artıq bəzi yeni məlumatlar mövcuddur).

İndi qalır planın müəlliflərinin üzlərinə çəkdiyi dekorasiyanı dağıtmaq, mümkündür ki, Azərbaycan bu məsələdə iki amil üzrə hesablama aparır:

1. Rusiya həmin insanların Azərbaycan ərazilərinə soxulmasını sırf özünün nəzarətində olan iqtisadi hab yaratmaq məqsədlərinə calayır. Açması odur ki, Rusiya gələcək üçün Qarabağda və Şərqi Zəngəzurdakı qızıl yataqlarının istismarında hüquqi pay sahibi olmaq üçün həmin 14 nəfərdən istifadə edir. Regionda terror ünsürlərini yetişdirmək potensialında olduğu siqnallarını çatdırmaqla Bakıya təzyiq etmək istəyir.

2. Məsələdə Rusiya ilə İran sövdələşiblər və Moskva öz amallarına irəliləmək üçün Tehranın pozuculuq fəaliyyətindən istifadə edir.

Səbəblər zəncirini bir kənara qoyaq, ortada bir nəticə var ki, bu da sirli insanların, ya da aşkar casusluq fəaliyyəti ilə məşğul olanların Azərbaycan ərazilərində peyda olmalarıdır. Həmin nəticə Azərbaycan ilə Rusiya arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin ruhunun Kreml tərəfindən tapdalanması deməkdir.

Mövcud halı Bəyannamənin 11-ci və 18-ci maddələri ilə tövsif etmək olar ki, burada Bakı Moskvaya öz vəzifələrini xatırlatmalıdır. Əks halda, Azərbaycan erməni silahlıları ilə yanaşı, həmin şəxsləri də antiterror əməliyyatlarının hədəfinə gətirə bilər, ona görə də yaxşı olar ki, Moskva indidən yaratmaq istədiyi çətiri terror vasitəsilə deyil, praqmatik iqtisadi-siyasi ideallarla təklif kimi Bakıya təqdim etsin.

Təbii ki, seçim Azərbaycanındır!

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri