Dek
2022
16:32
324
19
3918
Virtual karabakh

Podolyak: “Müharibə çoxlarının gözlədiyindən daha tez bitəcək” - MÜSAHİBƏ + FOTO/VİDEO

5 Dek, 2022
16:32
3918

Podolyak: “Müharibə çoxlarının gözlədiyindən daha tez bitəcək” - MÜSAHİBƏ + FOTO/VİDEO

“Rusiyadan qorxmaq və ya bu ölkə ilə ciddi məsələlər haqqında danışmağı düşünmək qəribədir”.

Bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko NATO və Ukraynanın Belarusa hücumunun gözlənildiyini bildirdi, orduya tam silahlanmaq, döyüşə hazır olmaq əmri verdi. Sizcə, bu, Rusiyanın Ukraynaya davamlı hücumlarla məqsədinə çata bilməməsi fonunda rəsmi Minskin müharibəyə qoşulması üçün bəhanə ola bilərmi? Belarusun Ukraynaya açıq hücumu nə dərəcədə gözlənilir?

- Birincisi, Belarusun Ukrayna ərazisinə hücum üçün hansısa əhəmiyyətli tapşırığı yerinə yetirməyə qadir olan zərbə qruplaşmasının yaradılmasını təsdiq edəcək heç bir məlumat hələ yoxdur. Təbii ki, biz bu prosesi izləyirik, Ukraynanın şimal sərhədi mümkün qədər möhkəmləndirilib və beləliklə, ən pis halda belə, biz buna hazırıq. Buna baxmayaraq, ilk növbədə, Rusiya ilə müqayisədə Belarusun hərbi baxımdan daha zəif olduğunu və rəsmi Moskvanın hərbi mənada hər hansı bir nailiyyət qazana bilmədiyi halda yəqin ki, ona Belarusun kömək edə bilməyəcəyini Kreml başa düşməlidir.

İkincisi, şübhəsiz ki, Rusiya Belarusu müharibəyə cəlb etməkdə maraqlıdır. Təbii ki, bunun çox qəribə görünməsi Rusiyanı maraqlandırmır. Ukrayna ilə doqquz ay yarım davam edən müharibədən sonra hətta elan etdiyi səfərbərlik fonunda Rusiyanın canlı qüvvə ilə ona kömək edə biləcək müttəfiqlər axtarması bir daha göstərir ki (bunu hər kəsin, o cümlədən postsovet məkanındakı tərəfdaşlarımızın başa düşməsi vacibdir), Rusiya həm hərbi, həm iqtisadi, həm də maliyyə baxımından uğursuz dövlətdir. Rusiya müharibəni uduzur və buna görə də əlbəttə, Rusiyadan qorxmaq və ya bu ölkə ilə ciddi məsələlər haqqında danışmağı düşünmək qəribədir.

“Həm Putin, həm də Lukaşenkonun səbəb-nəticə əlaqələri ilə bağlı ciddi problemləri var”

Nəhayət, NATO ölkələrinin və Ukraynanın hücumu ilə bağlı son bəyanatda deyilənlər çox gülüncdür. Çünki dünya başqa paradiqmada, başqa dəyərlər ilə yaşayır və NATO ölkələrinin Avropanın ən kasıb ölkələrindən birinə - Belarusa hücum etməyinin heç bir mənası yoxdur. Yəni nə üçün? İnsanların yaşamağı bacarmadıqlarını görmək üçün? Avropa ölkələri öz ölkələrinin həyat səviyyəsinin yüksəldilməsi qayğısı ilə yaşayırlar. Ukraynanın Rusiya ilə problemi bitirmədən daha bir cəbhənin açılacağı ilə bağlı sözlər bir daha göstərir ki, həm Putin, həm də Lukaşenkonun səbəb-nəticə əlaqələri ilə bağlı ciddi problemləri var. Buna görə, belə gülünc bəyanatlarla çıxış etməmək üçün orta məktəbdə normal təhsil almaq və hər hansı bir həcmli bilik əldə etmək lazım idi.

“Rusiya hərbi kampaniyasının səmərəsizliyini və uğursuzluğunu başa düşür”

- Son vaxtlar mətbuatdan görürük ki, A.Lukaşenko Ukraynanı Rusiya Prezidenti Vladimir Putindən daha çox təhdid edir. Belarus liderini buna nə vadar edir?

- İlk növbədə, qorxu. Cənab Lukaşenkonun yaşadığı çox qabarıq, böyük bir qorxu. O, Rusiyadan uzun müddət pul və pulsuz enerji alacağına ümid edərək bir zaman “müttəfiq dövlətə” arxalanmaqla səhv etdiyini başa düşür. Bu gün Rusiya onilliklər ərzində Belarusun əldə etdiyi bütün resurslar üçün ondan hesab istəməyə və onu Ukraynadakı “müharibə” adlı tamamilə absurd bir avantüraya cəlb etməyə çalışır. Lukaşenko yaxşı başa düşür ki, Rusiya bu müharibəni uduzur və o, Moskvanın avantürasını dəstəklədiyi üçün həm hüquqi, həm də fiziki məsuliyyət daşıyacaq. Yəni Rusiya hərbi kampaniyasının səmərəsizliyini və uğursuzluğunu başa düşür və buna görə də əlbəttə, beynəlxalq məhkəmələrin qarşısında daşıyacağı hüquqi məsuliyyətdən qorxur.

İkincisi, Rusiya Lukaşenkoya təzyiqi artırır. Xarici işlər naziri Vladimir Makeyin gözlənilməz və qəfil ölümü Rusiyanın həm Lukaşenkonun ətrafına, həm də Lukaşenkonun özünə qarşı getdikcə daha aqressiv davrandığını göstərir. Buna görə Lukaşenko həm öz ətrafını, həm də öz mühafizəsini nəzarətdə saxlamaq barədə düşünməlidir. Bu, hazırda gördüyümüz müəyyən sinir probleminə səbəb olur.

“Lukaşenko quru əməliyyatları çərçivəsində Rusiyanı dəstəkləmək qərarına gəlsə, ölkəsində inqilabi əhvali-ruhiyyənin kəskin artmasına səbəb ola bilər”

Üçüncüsü, Lukaşenkonun spesifik bir seçki tarixçəsi olsa da, 2020-ci ilin yay-payız seçkilərindən sonra qeyri-qanuni prezident hesab olunur və bu gün müharibəyə Rusiyadan tamamilə fərqli bucaqdan baxan bir ölkəyə nəzarət edir. Belarus cəmiyyəti “Rusiyanın Ukraynaya qarşı müharibəsi” adlı bir avantüraya cəlb olunmağın heç bir mənasını görmür və buna görə də əgər Lukaşenko quru əməliyyatları çərçivəsində Rusiyanı dəstəkləmək qərarına gəlsə, ölkəsində inqilabi əhvali-ruhiyyənin kəskin artmasına səbəb ola bilər. Yəni ən qısa gələcəkdə Lukaşenko üçün hər yerdə böyük problemlər yaranır.

“Ukrayna nüvə dövləti deyil və biz qeyri-adekvat nüvə dövlətlərinin mövcudluğu problemini təkbaşına həll edə bilmirik”

- Xerson azad edildikdən sonra Rusiyanın nüvə silahı və ya çirkli bomba istifadə etməsi ehtimalı getdikcə daha çox müzakirə olunur. Rusiyanın nüvə hücumu ehtimalı nə dərəcədədir?

- Mənə elə gəlir ki, bu, daha çox informasiya spekulyasiyası, sui-qəsd nəzəriyyəsi və bir növ konspirologiyadır. Fikrimcə, bu nüvə ritorikası bu gün kəskin şəkildə azalıb. Başa düşmək lazımdır ki, Ukrayna nüvə dövləti deyil və biz qeyri-adekvat nüvə dövlətlərinin mövcudluğu problemini təkbaşına həll edə bilmirik. Fikrimcə, nüvə klubuna aid olan ölkələr müxtəlif səviyyələrdə, o cümlədən qeyri-ictimai səviyyədə Rusiya rəhbərliyinə nüvə və ya digər kütləvi qırğın silahlarının istifadəsi ilə bağlı danışıqların nə ilə nəticələnəcəyini olduqca aydın izah etdilər. Rusiya yenə də bu cür vasitələrə cəhd edərsə, bu, qlobal nüvə təhlükəsizliyinin tamamilə məhv edildiyini, nüvə silahlarının qarşısının alınması müqaviləsinin qüvvədən düşdüyünü göstərər. Ona görə ki, bir çox ölkə nüvə silahını bu və ya digər formada istifadə etmək üçün əldə etməyə çalışacaq. Yəni demək olar ki, dünyanın təhlükəsizlik çərçivəsi məhv olacaq. Dünya çirkli bombalar da daxil olmaqla müəyyən növ qeyri-qanuni silahlardan istifadə edilən çoxsaylı münaqişələrlə üzləşəcək. Düşünürəm ki, Rusiyaya bunun üçün heç kim icazə verməyəcək, çünki müasir sivilizasiya qlobal təhlükəsizliyin bütün prinsiplərini pozan qəribə bir ölkəyə görə ölmək yox, yaşamaq istəyir.

“Bəzi ölkələrin Ukraynaya “xahiş edirik, Rusiyanın təklifini qəbul edin, müharibəni qazansanız da, onlara təslim olun” deyəcəklərinə şübhəm var”

- ABŞ Prezidenti Cozef Bayden müharibəni dayandırmaq üçün Putinlə danışıqlara hazır olduğunu söyləyib. Eyni zamanda, o qeyd edib ki, Putin hərbi əməliyyatlara son qoymaq niyyətində deyil. Sizcə, hazırda belə bir görüş nə dərəcədə mümkündür? Nəzərə alsaq ki, ilk şərt Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərindən çıxmasıdır.

- ABŞ Prezidentinin sözlərini düzgün şərh etmək lazımdır, o, bütün vurğuları çox aydın və dəqiq şəkildə qeyd edir. Bunlar Ukrayna prezidentinin qeyd etdiyi vurğulardır. Siyasi elitanın nümayəndələri ilə hər hansı bir dialoqa başlamaq (bu, çox güman ki, Putin olmayacaq, çünki Putinin Rusiya Federasiyasının güc və siyasi şaquli xəttini nəzarətdə saxlaması imkanları getdikcə azalır) üçün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və mülki infrastruktura qanadlı raket hücumlarının dayandırılması lazımdır. Yəni bütün bu soyqırımı hücumları, enerji strukturuna kütləvi kaskad zərbələri bitməlidir. Yalnız bu halda danışıqlar prosesi bərpa oluna bilər.

Əslində, Rusiya Federasiyası ABŞ Prezidentinin sözlərindən dərhal sonra açıq şəkildə dedi:

“Biz danışıqlar masasına oturmağı lazım görmürük, çünki ukraynalıları öldürməyə davam etmək istəyirik”. Yəni faktiki olaraq real danışıqlardan açıq şəkildə imtina edirlər. Müasir rus dilindən tərcümədə “danışıqlar” sözünü düzgün başa düşmək lazımdır. Müasir rus dilindən tərcümədə “danışıqlar” aşağıdakıları ifadə edir: “Biz müharibəni uduzuruq, amma yenə də Ukraynanı təslim olmağa məcbur edin, əks halda Ukraynanın mülki vətəndaşlarını kütləvi şəkildə öldürəcəyik”. Rusiyanın təklifi belə səslənir.

Bəzi ölkələrin Ukraynaya “xahiş edirik, Rusiya Federasiyasının təklifini qəbul edin, müharibəni qazansanız da, onlara təslim olun” deyəcəklərinə şübhəm var. Təbii ki, ABŞ heç kimə belə təklif verməyəcək. Almaniya Kansleri Şolts ilə yanaşı, Prezident Bayden də aydın şəkildə dedi ki, danışıqlar prosesi Rusiya qoşunlarının çıxarılması şərti ilə mümkündür. Bu, sülh düsturudur, “danışıqlar” sözünün həqiqi mənasında danışıqlar düsturudur. Ukrayna ilə Rusiya arasında danışıqlar Rusiya qoşunlarının geri çəkilməsi, mülki əhaliyə hücumun dayandırılmasından sonra vasitəçi olmaq istəyi barədə çox danışan digər ölkələrin, vasitəçilərin iştirakı ilə keçirilə bilər, ancaq danışıqlar prosesinin gündəliyini yalnız Ukrayna formalaşdıracaq.

“Rusiya indi sistemli top atəşləri ilə yaşayış məhəllələrini gizlətmədən məhv edir”

- Bu günlərdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen real məlumatlarla ziddiyyət təşkil edən Ukrayna itkilərinin sayı ilə bağlı bəyanatını sildi. Nə olmuşdu, onu belə bir bəyanat verməyə nə vadar etdi?

- Burada heç bir problem görmürəm, bu olduqca faciəli olsa da, sadəcə, texniki, ümumi məlumatların səhvidir. Xanım Ursula fon der Lyayenin mövqeyi mənim xoşuma gəlir, səhvini sakitcə etiraf edir və daha düzgün konsepsiyada, Ukraynada baş verənləri daha düzgün anlayaraq işləməyə davam edir. Bildirim ki, qeyd olunan rəqəm səhvdir. Ukraynada 100 min hərbçi həlak olmayıb. Rusiyanın öldürdüyü dinc vətəndaşlar (dünyanın bu barədə daha aydın danışmasını istərdim), həqiqətən, çoxdur. Yəni dağıdılmış şəhərlərə baxsaq, Rusiya dinc sakinlərlə döyüşür. Mücərrəd bir şey haqqında danışmaq əvəzinə, dünyaya dağılmış böyük şəhərlərin video və fotoşəkillərinə baxmağı tövsiyə edirəm. Bu, yalnız Mariupol deyil, eyni zamanda, Şimali Donetskdir. İndi Baxmut tamamilə məhv edilib. Biz görürük ki, Rusiya 100 mindən çox dinc əhalinin yaşadığı Xersonda da eyni şeyi edir. Rusiya indi sistemli top atəşləri ilə yaşayış məhəllələrini gizlətmədən məhv edir. Orada hərbi hədəflər yoxdur və heç zaman olmayıb. Beləliklə, ölən mülki şəxslərin sayı çox böyükdür, hərbçilərin sayı isə tamamilə başqadır. Baş Qərargah vaxtaşırı itkilərimizin sayını açıqlayır.

- Son vaxtlar Ukraynada mütəmadi olaraq Rusiyanın casus din xadimləri aşkarlanır. Nə baş verir?

- Heç nə, çünki obyektiv olaraq Ukrayna kilsəsində bir çox xüsusi din xadimləri özlərini rus dünyasının tərəfdarı hesab edirlər. Suveren dövlətin ərazisində xarici bir kilsə ola bilməz, əks halda, bu, üçüncü ölkənin maraqları naminə dövlətə təsir etmək imkanı kimi qəbul ediləcəkdir. Ukraynanın Konstantinopol Pravoslav Kilsəsi də daxil olmaqla bütün digər yurisdiksiyalar tərəfindən tanınan pravoslav kilsəsi var. Üçüncü ölkənin lehinə dini deyil, agentlik missiyasını yerinə yetirən, Ukraynaya nifrət edən ruhanilər şəbəkəsi vasitəsilə Ukraynaya təsir edən bu qəribə hekayəni bitirmək istərdik. Buna görə indi hüquq-mühafizə orqanları, ilk növbədə Ukrayna Təhlükəsizlik Xidməti, müəyyən din xadimlərinin əməllərini və ya sadəcə, Ukraynada olduqları müddətdə etdiklərini müəyyənləşdirmək üçün əks-kəşfiyyat tədbirləri görür.

Rusiyanın xüsusi orqanları ilə sistemli qarşılıqlı əlaqələr haqqında danışmağa imkan verən çox sayda material tapılıb və beləliklə, konkret faktlar üzrə cinayət işləri başlanacaq ki, bu da nəhayət, hər şeyə aydınlıq gətirməyə, bu səhifəni bağlamağa imkan verəcək. Mən bunu belə yekunlaşdırardım: Rusiya Ukraynaya xüsusi hərbi əməliyyat çərçivəsində “Ukrayna yoxdur, Ukrayna dövləti yoxdur, Ukrayna mədəniyyəti, Ukrayna dili, Ukrayna kilsəsi yoxdur” kimi anlayışları sübut etmək üçün daxil oldu. Yalnız rus ədəbiyyatı, musiqisi, kilsəsi və s. çərçivəsində rus xalqı tərəfindən idarə ediləcək “Ukrayna” adlı bir müqəvva dövləti olacaqdır. Beləliklə, göründüyü kimi, döyüşməyi bacarmayan, ancaq dinc əhalini öldürməyi bilən Rusiya sovet dövründən bəri, kilsə də daxil olmaqla, Ukraynada qalan, Ukrayna ərazisindəki hər hansı postsovet təsirini praktiki olaraq sıfırladı. Burada din yoxdur. Rusiya din deyil, pravoslavlıq deyil. Rusiya, Pravoslav Kilsəsi də daxil olmaqla kilsədən bəhs etdiyimiz zaman, insanların inancına deyil, təsiretmə, hökmranlıq üsuludur. Biz Rusiyanın bütün təzahürlərdə olan, o cümlədən Ukraynada kəşfiyyat və agentlik funksiyalarını kilsə qurumları vasitəsilə yerinə yetirənləri Rusiyaya geri göndərmək istəyirik. Məhz dinin din olması üçün. Dünyəvi bir dövlətdə din dövlətdən ayrıdır. Biz istəyirik ki, burada vahid kanonik yerli kilsə olsun, kilsə ətrafında siyasi spekulyasiyalar olmasın, üçüncü ölkənin kilsə vasitəsilə daxili həyata, Ukraynanın ideologiyasına təsir etməyə cəhdləri olmasın. Yəni indi baş verənlər Sovet İttifaqının dağılmasından sonra baş verməli idi.

Hər bir ölkə özünün mədəni və ruhani varlıq tərzini müəyyənləşdirir. İndi müharibə nəticəsində bütün bunlar sona çatacaq. Vahid postsovet məkanı olmayacaq. Hesab edirəm ki, bu siyasi formada dövlət mövcud olmamalıdır. Ukrayna mövcud olacaq, yerli kilsə ilə Ukrayna dövləti arasındakı münasibətlər ayrıca və düzgün tənzimlənəcək. Dövlət və kilsə arasındakı münasibət qaydalarını aydın şəkildə müəyyənləşdirən təsirli bir moderasiya şaqulisi yaradılacaq. Burada Rusiya Federasiyasının heç bir təsiri olmayacaq. Rusiya 9,5 aylıq müharibə zamanı Ukraynadakı Rusiya ruhunu mükəmməl şəkildə tamamilə öldürdü. Çünki buraya insanları doğramağa, o cümlədən uşaqları kütləvi şəkildə zorlamağa və öldürməyə gəlirsə, Rusiyanın axmaq təbliğatına baxmayaraq, kimsə bunun üçün sənə çətin təşəkkür etsin.

“Ukraynanın bu müharibə çərçivəsində çəkdiyi bütün ziyanları kompensasiya etmək yalnız Rusiyanın məğlub olduğu təqdirdə mümkündür”

- Müxtəlif ölkələrin liderləri, institutlar Ukraynada müharibənin çox davam edəcəyi açıqlamalarını verirlər. Nəzərə alsaq ki, Ukrayna strateji cəhətdən regionda, xüsusilə Avropada yolların kəsişdiyi yerdir, necə deyərlər, Avropanın ürəyidir, bu müharibənin bu qədər uzun davam etməsi nə dərəcədə realdır?

- Çox yaxşı ifadə etdiniz. Bu xoş sözlərə görə çox sağ olun! Bəli, Ukrayna Avropanın mərkəzidir, Avropanın ürəyidir. Vurğuları aydın şəkildə qoyaq. Hazırda bunun üçün bir çox platformalar olduğuna görə çox danışırlar və hər kəs nyusmeyker olmaq istəyir, hər kəs müharibənin mahiyyətini, səbəb-nəticə əlaqələrini, baş verənləri başa düşmədən oxuduqlarına qiymət verməyi vəzifəsi hesab edir. Mənə elə gəlir ki, Rusiyada resursların tükənməsini nəzərə alsaq, müharibə çoxlarının gözlədiyindən daha tez bitəcək. Başa düşürəm ki, uzun müddət bu və ya digər şəkildə Rusiya Federasiyasına yönəlmiş bəzi digər ölkələrin prezidentləri və siyasi liderləri Rusiya ilə işləməyi çox sevirdilər, bunu çox səmərəli hesab edirdilər.

Yəni siz deyirsiniz ki, Rusiya pis ölkə deyil və bunun üçün sizə pul verilir və ya enerji resurslarını daha ucuz almağa icazə verilir. Aydındır ki, bu ölkələrin liderləri Rusiyanın mövcudluğunu davam etdirməsini çox istəyirlər. Çünki Rusiya təcavüzkar, işğalçı ölkə kimi nə qədər uzun müddət mövcud olsa, onun xarici siyasət doktrinalarını dolayı yolla dəstəkləmək üçün daha çox pul almaq mümkün olacaq. Rusiya “yəqin ki, Rusiyanın ukraynalıları öldürmək hüququ var, yəqin ki, Rusiyanın NATO ilə döyüşmək hüququ var” deyən hər kəsə pul ödəyəcək, çünki Rusiyanın Ukraynaya uduzduğunu söyləmək gülüncdür, Rusiyanın NATO ilə döyüşdüyünü söyləmək daha uyğundur. Çox ağıllı olduqlarını, dolayı yolla Rusiyanı dəstəklədiklərini düşünən bəzi siyasi liderlər müharibənin mümkün qədər uzun müddət davam etməsini çox istəyirlər, çünki bunun üçün daha böyük həcmdə pul ala biləcəklərini başa düşürlər.

Bu günlərdə NATO Parlament Assambleyasında və Avropa Parlamentində Rusiyanın terrorizmin sponsoru kimi tanınması ilə bağlı səsvermə keçirildi və bu qətnaməyə qarşı səs verən bəzi Avropa deputatları “NATO-nun Liviyaya necə hücum etdiyini xatırlayırsınız?” kimi ifadələri deməyə başladılar. Onların sözlərinə görə, hər şeydə NATO günahkardır. İnsanlar bu mövqe ilə ciddi şəkildə qəzetlərdə yazırlar və deyirlər ki, Ukraynada baş verənlərdə NATO günahkardır.

Bu, tamamilə absurddur və əlbəttə ki, bunu deməyə davam edəcəklər, çünki getdikcə bahalaşan bu primitiv təbliğatdan faydalanırlar. Ancaq çox sadə bir müharibə riyaziyyatı var ki, nə qədər resurslara sahib olduğunuz bu intensivlikdə müharibəni nə qədər davam etdirə biləcəyinizi açıq şəkildə söyləyir. Bu, çox qısa bir müddətdir. Müharibə Rusiyanın ciddi hərbi məğlubiyyətə uğradığı vaxta qədər davam edəcək. Bu intensivlikdə müharibəni başa çatdırmaq, təhlükəsizliyi, o cümlədən Avropanın təhlükəsizliyini bərpa etmək, müharibə cinayətkarlarını cəzalandırmaq və Ukraynanın bu müharibə çərçivəsində çəkdiyi bütün ziyanları kompensasiya etmək yalnız Rusiya Federasiyasının məğlub olduğu təqdirdə mümkündür. Əks təqdirdə, qitə son dərəcə qeyri-sabit vəziyyətdə olacaq və bu gün bütün əsas liderlər bunu yaxşı başa düşürlər.

“Azərbaycan bizi dəstəkləyir”

- Azərbaycan Rusiyanın raket zərbələri nəticəsində yaranan enerji böhranının nəticələrinin aradan qaldırılmasına dəstək verir. Ümumiyyətlə, Azərbaycanın humanitar yardımını necə qiymətləndirirsiniz? Bildiyimiz kimi, yalnız ukraynalılar deyil, Ukraynada yaşayan bir çox xalqın nümayəndələri də Ukrayna ərazilərinin azad edilməsi uğrunda mübarizə aparırlar. Ukraynanın bütövlüyü və müstəqilliyi uğrunda müharibədə azərbaycanlıların iştirakını necə dəyərləndirirsiniz?

- Əlbəttə, hər hansı azad insan bu müharibədə çox dəqiq mövqe sərgiləyir və yalnız Ukraynanın tərəfini tutur. Mən konkret olaraq bu və ya digər millətin nümayəndələri haqqında danışmağa hazır deyiləm, çünki öz seçimləri haqqında başqa bir ölkənin vətəndaşı olaraq yalnız onların danışmaq hüququ var. Biz Ukraynanı humanitar, ideoloji, informasiya formasında dəstəkləyən bir çox azad insanları görürük. Öz inkişafına uzaqgörənliklə baxan bütün ölkələr Ukraynanı dəstəkləməyi özlərinə borc hesab edirlər. Hazırda enerji dəstəyindən danışırıq, çünki Rusiya bu müharibəni sona qədər aparacağını gizlətmir. Enerji strukturunu məhv edərək milyonlarla insanı dondurmaq istəyirlər, çünki döyüş meydanında tamamilə absurd bir karikatura ordusu olduqlarını görürük. Say çoxluğu ilə mübarizə aparırlar. Bunu anlayan bütün ölkələr, o cümlədən Azərbaycan bizi dəstəkləyir. Seçim göz qabağındadır.

Lavrovun hansısa çıxışlarına və müharibədə günahkar onların olmadığını ciddi şəkildə deməyinə qulaq asmağa ehtiyac yoxdur. Lavrov ittiham edilməlidir, çünki bu insan 2014-cü ildə insanları öldürmək, 2022-ci ildə də insanları məhv etmək üçün buraya gəldi və indi “insanları öldürən o deyil” kimi absurd nağıllar danışır. Azərbaycan da daxil olmaqla, bütün ölkələr üçün hücumu kimin etdiyi, burada hansı müharibə getdiyi, Ukraynanın necə əziyyət çəkdiyi aydındır. Hər bir ölkə düzgün, tarixi seçim etməlidir, çünki bu müharibə nəticəsində Ukrayna Sovet İttifaqının guya həll etdiyi millətlərarası münaqişələri, İkinci Dünya müharibəsi tarixini və s. icad etdiyi kimi, tarixin yenidən yazılmasına imkan verməyəcək. Tarixin yenidən yazılmasına icazə verməyəcəyik və buna görə Rusiyanı dəstəkləyən bütün ölkələr son dərəcə neqativ görünəcəklər. Regionda daha əhəmiyyətli rola iddialı olan Azərbaycanın düzgün tərəfi seçməsi vacibdir və düşünürəm ki, o, artıq bu seçimi edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri