May
2023
14:24
30
154
4805
Virtual karabakh

Çin lideri beş prezidenti görüşə çağırır: Türk Dövlətləri Təşkilatını ələ almaq üçün yarış - TƏHLİL

8 May, 2023
14:24
4805

Çin lideri beş prezidenti görüşə çağırır: Türk Dövlətləri Təşkilatını ələ almaq üçün yarış - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sian şəhərində Çin - Mərkəzi Asiya Sammitinin keçirilməsi gözlənilir, tədbirə sədrliyi ÇXR lideri Si Cinpin edəcək.

Mərkəzi Asiyada yerləşən beş dövlətin (Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan) liderləri sammitə qatılacaqlar.

Ukraynadakı müharibənin cari nəticələri Mərkəzi Asiyadakı vəziyyəti mürəkkəbləşdirir, Rusiya, Qərb və Çin arasındakı çəkişmənin şiddətini gücləndirir.

Mərkəzi Asiyadakı qlobal rəqabətin əmək bölgüsünün dəyişdirilməsinə cəhdlər regiondakı hegemonluq dalğasını qabarıqlaşdırır.

Ukraynadakı müharibə səbəbilə Rusiyanın mövqeləri zəifləsə də, o, hələ də Mərkəzi Asiyada hərbi və siyasi güc kimi həyati rol oynayır.

Çin isə mühüm iqtisadi güc və regionun infrastrukturunun inkişafında həlledici investor kimi çıxış edir.

Qərb, öz növbəsində, enerji layihələri üzrə şaxələndirilmələrdə Mərkəzi Asiya bazarlarında monopoliya yaratmaq istəyir və tədricən Rusiyanın mövqeyinin sıxışdırılması üçün müxtəlif variantlara əl atır.

Lakin ən çox meydanoxuyucu tərz Çinə məxsusdur, Pekinin Mərkəzi Asiyadakı gücünü Rusiya-Ukrayna müharibəsinin yaratdığı boşluqlar hesabına artırdığına dair müzakirələr siyasi gündəmdə ağırlıq təşkil edən mövzulardandır.

Pekinin regional maraqlarını müdafiə etmək üçün seçdiyi metodlar sırasına yenisini əlavə etməsi də diqqət çəkir. Çin İran-Səudiyyə Ərəbistanının barışdırılması prosesi üzrə uğurlu vasitəçilik etdikdən sonra üzünü digər münaqişəli regionlara tutur.

Elə Mərkəzi Asiya haqqında da münaqişələrin dondurulmuş vəziyyəti təsvirini verə bilərik. SSRİ-dən miras qalan konfliktlərin canlandırılması, belə demək mümkündürsə, an məsələsidir.

Çinin Mərkəzi Asiyada qüdrətinin artması fonunda o, münaqişələrin idarə edilməsi yönündə siyasi təsirlər də qazanır. Bu mənada Mərkəzi Asiya respublikalarının prezidentlərinin Çin səfəri siyasi-iqtisadi anlayışlara yeni nəfəs – konfliktologiya üzrə tezislər - gətirə bilər.

Bəli, mümkündür ki, Çin regiondakı iqtisadi genişlənməsinin yedəyinə təhlükəsizlik təminatçısı rolunu qoşduğunu Mərkəzi Asiyada da nümayiş etdirsin.

Çinin Ukrayna münaqişəsində Rusiyanın tərəfindən çıxış edən tezislərə üstünlük verməsi, Moskva-Pekin əlaqələrində genişlənən əməkdaşlıq etməsi diqqət çəkir.

Bu mənzərədən yola çıxaraq ortaya məntiqi bir fikir çıxır – Rusiya Mərkəzi Asiyadakı aktivlərinin Çinin balansına keçməsi üçün güzəştlər edir və Pekindən bunun müqabilində hərbi-siyasi dəstək gözləyir.

Ona görə də Si Cinpinin beş dövlətin rəhbərini “hüzuruna” dəvət etməsi Moskva-Pekin qarşılıqlı güzəştlərinin yarada biləcəyi yerdəyişmələrə münasibət kontekstində də şərh edilə bilər.

Ancaq inandırıcı deyil ki, Çin perspektivdə Mərkəzi Asiyanın hakim-qüdrətinə çevrilsin, çünki Qərbin özü də xeyli şəkildə mövqelərini regionda irəlilədə bilir.

Üstəgəl, Rusiya ilə Çinin rəqabəti sönməyib və altdan-altdan bir-birinə qarşı kompleks yanaşmalarındakı qəzəbi yığışdırmayıblar.

Ona görə də Çinin regionda eyni anda Rusiya və Qərblə mübarizə aparıb hakimi-mütləqə çevrilməsi çətindir.

Ancaq regionda qlobal güclərin kvotasını artırması üçün səylər davam edəcək və bu, gələcək konyunkturun konturlarını cızacaq.

Vəziyyətin güclənən rəqabət müstəvisinə girməsi Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı da gündəlik formalaşdırır. Mərkəzi Asiya ölkələrindən üçü – Qazaxıstan, Özbəkistan, Qırğızıstan – TDT üzvüdür. Türkmənistan isə müşahidəçi statusunda TDT-də təmsilçilik hüququ qazanıb.

Ona görə də Mərkəzi Asiya ilə Pekin arasındakı danışıqlar masası Türkiyə və Azərbaycanı da maraqlandırır, yəqin ki, Çindəki görüşlərdən sonra TDT çərçivəsində siyasi hərəkətlilik yaranacaq.

Hər halda, Çin - Mərkəzi Asiya sammiti TDT ilə bağlı güclü təsir yaratmaq gündəliyi formalaşdırır. Yəni rəqabət rinqində TDT-ni ələ almaq və onunla yola çıxmaq həm Çinin, həm Rusiyanın, həm də Qərbin gündəmində yer alır.

Hələlik Qərbin aparıcı gücü olan ABŞ Mərkəzi Asiyada Rusiyadan da, Çindən də qabağa gedə bilməyib, ancaq enerji resursları uğrundakı mübarizə Qərbi daha aktiv fəaliyyətə sövq edəcək.

Qərbi təşviq edən amillər isə həm Rusiya, həm də Çini narahat edir və bu mənada Mərkəzi Asiya uğrundakı mübarizənin əks-sədaları daha geniş miqyasda regionlara təsirsiz ötüşməyəcək.

TDT səhnəsindəki aktivliyin Çin siqnalları ilə paralellik təşkil etməsi digər regional oyunçu olan İranı da narahat edəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri