Apr
2024
14:30
50
11
1629
Virtual karabakh

Kirill Koktış: “Qərbin Paşinyana qarşı kompromatı ola bilər” - MÜSAHİBƏ

8 Apr, 2024
14:30
1629

Kirill Koktış: “Qərbin Paşinyana qarşı kompromatı ola bilər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda Brüsseldə Avropa İttifaqı-ABŞ-Ermənistan formatında üçtərəfli görüşün ən diqqətçəkən nəticələrindən biri Ermənistan-Azərbaycan şərti sərhədində vəziyyətin gərginləşməsi oldu. Ermənistan tərəfdən mövqelərimizin atəşə tutulması, demək olar ki, hər gün baş verir. Belə bir hiss yaranır ki, Ermənistan eskalasiyaya başlamaq üçün sanksiyanı məhz baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündə alıb. Yeri gəlmişkən, onlara Avropa diplomatiyasının rəhbəri Jozep Borrel də qoşulub.

Görüşün iqtisadi nəticələri erməni ekspert icmasını o qədər də sevindirmədi. Vəd edilən 270 milyon avro və 65 milyon dollar Ermənistanın Rusiya ilə münasibətlərini riskə atmaq üçün kifayət edən məbləğ deyil. Amma yəqin ki, pərdəarxası razılaşmalar olub, ona görə də siyasi baxımdan son görüş diqqətçəkən hadisəyə çevrilib. Nə baş verib? Ermənistanın Qərbə keçidi formalaşır?

Oxu.Az şərh üçün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Siyasi nəzəriyyə kafedrasının professoru, siyasi elmlər doktoru Kirill Koktışa müraciət edib:

- Qərbə bu cür keçidin formalaşması üçün daha ciddi tektonik sürüşmələr baş verməlidir. Amma aydındır ki, Nikol Paşinyan Avropa kreslosuna keçməyə çalışır və görünür, onun praktiki olaraq seçimi yoxdur. Qərbin Ermənistanın baş nazirinə qarşı hansı rıçaqlardan istifadə etdiyini bilmirik. Aydındır ki, Nikol Paşinyan axmaq adam deyil, o, bütün Qafqazda uzunmüddətli sabitliyin pozulmasında maraqlı olan Qərbin təklif etdiyi sövdələşmənin sərfəli və riskli mahiyyətini anlayır. Buna rəğmən Ermənistan baş naziri bu sövdələşməyə razıdır. Deməli, Qərbdə Nikol Paşinyanı nəzarət altına almağı mümkün edən alətlər var.

- Belə çıxır ki, Qərb Paşinyanı nə iləsə şantaj edir?

- Bu, Qərbin ənənəvi alətidir. Amma mən bunu şantaj yox, belə desək, ona qarşı kompromatların olması adlandırardım. Avropa Parlamentinin vitse-prezidenti Yeva Kaylidən külli miqdarda pulların tapılması hadisəsini xatırlayırsınızmı? Həmin vaxt o, “oxu” Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə yönləndirdi. Bəs bu məsələ necə bitdi? Sadəcə olaraq, davamı gəlmədi.

- Niyə belə oldu?

- Sadəcə olaraq, bu siyasətçilərə eyham vuruldu ki, onlar haqqında kifayət qədər kompromat var. Tövsiyə olunduğu kimi hərəkət etməsələr, o zaman bütün bu materiallar cinayət işlərində tətbiq oluna bilər, ardınca isə həbs gəlir.

Almaniya Kansleri Olaf Şoltsla bağlı da oxşar nümunələr var. O, Hamburqun meri olanda (2011-18 - red.) nə qədər hadisələrdə adı hallanıb. Amma o, özünü Çubays (Anatoli Çubays sovet və rus dövlət xadimidir, bir çox analitiklərin fikrincə, Rusiya iqtisadiyyatına mənfi təsir göstərən iqtisadi islahatların ideoloqlarından biridir - red.) kimi aparır. Şolts indi faktiki olaraq Almaniya sənayesini məhv edir. Beləliklə, müəyyən liderləri onlara deyilənləri etməyə təşviq edə biləcək görünməz arqumentlər var.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 5-də Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüşü şərh edərkən bunu “böyük proses”in bir hissəsi adlandırıb. Söhbət ümumiyyətlə nədən gedə bilər?

- Mən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov və qurumun sözçüsü Mariya Zaxarovanın Qərbin Rusiya ətrafında hər cür eskalasiya zonalarının yaradılmasında maraqlı olduğu fikirləri ilə razıyam. Belə cəhdlər ötən əsrin 90-cı illərinin əvvəllərindən baş verir.

- Aprelin 5-dən sonra vəziyyət aydın şəkildə eskalasiya rejimində inkişaf edir...

- Mən ən yaxşısına ümid etmək istərdim. Əvvəllər yalnız Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında ikitərəfli kommunikasiya kanalı bəs edirdi. Bu, destruktiv maraqlara sahib ola biləcək oyunçuları cəlb etməməyə imkan verirdi.

- Ermənistanın baş naziri Nikol Paşinyan bu sırada deyil. Qərb isə İrəvana hərbi yardım vəd etdi. Məsələn, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bəyan edib ki, Paris müdafiə sahəsində Ermənistan qarşısında öhdəliklər götürür. Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos bildirib ki, Avropa İttifaqı da İrəvana silah tədarük etməyi planlaşdırır.

- İrəvan bu sıradan tamamilə bilərəkdən, elə həmin Paşinyanın iradəsi ilə çıxır. Bəs o, son nəticədə kimin maraqlarını müdafiə edir? Əsas məsələ budur.

Fransanın Ermənistandakı səfirinin Parisin İrəvan qarşısında müdafiə sahəsində öhdəliklər götürməsi barədə bəyanatına gəlincə, bu, sadəcə olaraq, gülüncdür. Fransa nəhəng borcu olan müflis ölkədir. Onun hətta Ukrayna qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə resursları yoxdur. Fransızlar sözdən başqa heç nə sata bilməzlər, amma bu sözləri onlardan alırlarsa, onda heç gülməli də deyil.

- Bütün bu vəziyyət danışıqlar prosesinə necə təsir edə bilər, axı biz artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından danışırdıq. İndi isə Ermənistanın Qərbə doğru getdiyini göstərən nümayişkaranə addımlarından sonra yenidən gərginləşmə müşahidə olunur.

- Bu, Qərbə keçmək deyil, informasiya məkanının idarəolunmasıdır - indiki vəziyyət məhz belə adlanır. Bu məkanda yalnız icazə verilənlər mümkündür. İnformasiya suverenliyi deyilən bir şey var ki, bu həmişə olmur, hamıda olmur, bu halda isə çox güman ki, başqa əllərə keçib.

Danışıqlar isə danışıq aparanların özlərinin hansı mandatı almasından asılıdır.

- Axı burada hər şey sadədir. Azərbaycanın olanlar Azərbaycana, ermənilərin olanlar da Ermənistana qayıtmalıdır. Bakı Azərbaycanda Ermənistan anklavının olmasını inkar etmir. Ermənistanda isə Azərbaycanın eksklav və qeyri-eksklav kəndləri var. Bura Azərbaycan ərazisidir...

- ...Nikol Paşinyan onlardan danışdı, eskalasiyanın səbəbi kimi dörd kəndi dedi.

- Bəli, elədir. Amma o, həmçinin, bildirib ki, Ermənistan dörd qeyri-eksklav kəndi geri qaytarmalıdır, çünki onlar heç vaxt Ermənistanın bir hissəsi olmayıb. Aradan bir müddət keçib və Brüsseldəki danışıqlardan sonra İrəvan artıq kəndlərin qaytarılmasından danışmır.

- Deməli, aydındır ki, bütün bundan irəli gələn nəticələrlə (Ermənistan tərəfdən - red.) gərginləşdirmə oyunu var. Bir daha təkrar edirəm - nəzarəti İrəvanda olmayan rıçaqlar var və onlar erməni tərəfinə kifayət qədər güclü təsir göstərməyə imkan verir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri