13 
Fev
2014
09:23
42
12
13758
Virtual karabakh

Məşhur Ailə: Gülyaz və Gülyanaq Məmmədovalar - FOTO + MÜSAHİBƏ

13 Fev, 2014
09:23
13758

Məşhur Ailə: Gülyaz və Gülyanaq Məmmədovalar - FOTO + MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmmədova bacıları öz məharətini göstərdi...

Əməkdar artistlər Gülyaz Gülyanaq Məmmədovalar may ayında solo konsert verməyə hazırlaşır.

Oxu.Az bu dəfə sizə Məmmədova bacılarının müsahibəsi və maraqlı söhbətlərini təqdim edir.

Qeyd edək ki, bacılar sualları bir-birindən xəbərsiz cavablandırıb. Görək onlar bir-birilərini necə tanıyır?

- Gülyaz xanımın ən sevimli tələbəsi kimdir?

- Gülyanaq: Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Nigar Rəhimova.

- Gülyaz: Bütün tələbələrim mənə əzizdir. Lakin daha çox Kamilə Nəbiyeva. Hətta beş ay mənim evimdə yaşayıb, indi də qonaq gəlir. Onu  öz balam kimi  çox istəyirəm.

- Məşq zamanı Kamil müəllim Gülyaz xanıma əsəbiləşəndə bacınız nə edir?

- Gülyanaq: Onlar hər ikisi əsəbi insandır. Amma mübahisə düşəndə Gülyaz xanım heç bir cavab vermir, çünki Kamil müəllim bizim ustadımızdır, ona böyüyümüz kimi hörmət edirik. Söz-söhbət isə daha çox repertuar seçimi ilə bağlı olur.

- Gülyaz: Sakit dayanıb, qulaq asıram.

- İllərdir reallaşdıra bilmədiyiniz arzunuz var?  Hansı ki hələ də ona çatmağa cəhd göstərirsiniz?

- Gülyanaq: Solo konsert vermək.

- Gülyaz: Solo konsert verməyə hələ də cəhd edirəm. Tələbələrimlə biryerdə konsert verməyi də istəyirəm. Çünki çox istedadlıdırlar.

- Uşaqlıq illərində ailənizdə ən dəcəl kim olub?

- Gülyanaq: Mən çox dəcəl olmuşam. Mən nadinclik edəndə, Gülyaz məndən böyük olduğuna görə həmişə danlanırdı. Mən də bundan istifadə edərək ərköyünlük edirdim. İndi öz övladlarım da elədir. Böyük həmişə kiçiyin güdazına gedir.

- Gülyaz: Gülyanaq dəcəl olub. Başımıza oyun açırdı. Aranı qarışdırıb, aradan çıxırdı. Mən də onun üstündə qardaşım Elatı döyürdüm (gülür).

- Səhvini üzünə deyəndə Gülyaz xanım  nə reaksiya verir?

- Gülyanaq: Əvvəlcə, əsəbiləşir. Sonra nəticə çıxarır.

- Gülyaz: Baxır, hansı səhvdir. Eləsi olur ki, məəttəl qalıram. Birdən də əsəbiləşirəm, qəbul etmirəm. Lakin  sonradan analiz edirəm ki, bu nəyə görə oldu.

- Gülyaz xanım evdə, yaxud avtomobildə olarkən hansı xanəndəyə qulaq asır?

- Gülyanaq: O, daha çox retro musiqiləri dinləməyi sevir. Daha çox Ağabala Abdullayev, Nəriman Əliyev,  İslam Rzayev, Əlibaba Məmmədov və Əbülfət Əliyevə qulaq asır.

- Gülyaz: Zəif yaxud güclü səsdir deyə ayırmıram, hamısına qulaq asıram. Zəif xanəndə  hərdən  elə boğaz edir ki, heç özünün də xəbəri olmur ki, o nə boğazdır. Ən çox mərhum xanəndələrimizi dinləyirəm: Əbülfət Əliyev, Rəşid Behbudov, Nəriman Əliyev, Hacıbaba Hüseynov.

Keçmişdə müğənnilər, xanəndələr yumşaq, həzin səslə oxuyurdular. İndi biz elə səslə oxusaq deyərlər ki, səsini niyə yığırsan?

- Gülyanaq: Biz əvvəllər mahnı oxuyanda balaca bir cəh-cəh vurardıq ki, bu da var. Ona görə adımızı “qışqıran müğənnilər” qoymuşdular. Amma indi hamı qışqırır.

- Məşqə daha çox kim gecikir?

- Gülyanaq: Mən.  

- Gülyaz: Gülyanaq çox gecikir.

- Demək olar ki, həmişə biryerdəsiniz. Yəqin ki, sirriniz də birdir. Elə olubmu ki, digər bacılarınız buna görə sizdən incisinlər?

- Gülyanaq: Əsla. Mən əslində digər bacılarımla daha yaxınam: Elnaz və Kinayət bacımla. Düzdür, sirlərimizi bölüşürük, amma hamısını yox, elələri var ki, bacıya da demək olmur.

- Gülyaz: Hamımız mehribanıq, bir-birimizə fərq qoymuruq. Onlar da bizi başa düşməyə çalışır ki, biz incəsənət adamıyıq.

- Əməkdar artist adı almağınız xəbərini ilk dəfə kimdən eşitdiniz?

- Gülyanaq: 1998-ci ilin may ayı idi. Mən həmin vaxt bacım uşaqlarının kiçik toy məclisində idim. Hiss etdim ki, hamı bir-birini çəkib, pıçıldaşır ki, “mən deyəcəyəm”. Nəhayət mənə söylədilər ki, sənə fəxri ad veriblər. Əvvəlcə, inanmadım, fikirləşdim ki, mənimlə zarafat edirlər. Sonra düşündüm ki, yəqin Gülyaza fəxri ad verilib, mənimlə səhv salırlar. Çünki Gülyaz deyəndə Gülyanaq yada düşür, ya da əksinə. Gecə saat 12 xəbərlərində eşidəndən sonra əmin oldum ki, əməkdar artist adı almışam.

- Gülyaz:  Mən evdə idim. Ustadım Nəriman Əliyevin həyat yoldaşı Xalidə xanım zəng etdi ki, sizə fəxri ad veriblər.

- Başınıza gələn maraqlı, yaxud məzəli hadisələrdən birini bizə danışa bilərsiniz?

- Gülyanaq: Öz toyumda yıxılmağım heç vaxt yadımdan çıxmır. Hələ də həmin hadisəni yada salıb gülürük. Maraqlısı odur ki, mən əyləşdiyim stuldan yıxıldım. Həmin vaxt da hamı rəqs edir, şənlənir, məni görmürdülər. Yıxılmağımı ilk görən bacım Gülyaz xanım oldu, o da gülə-gülə hamıya xəbər etdi ki, baxın gəlin yıxıldı (gülür).

- Gülyaz: Bir dəfə səhnədə çıxışımızı bitirdik, sonra  Polad müəllimə söz verildi. Bir də gördük ki, Gülyanaq düşür səhnənin altına. Sən demə, səhnə hərəkətli imiş (gülür).

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri