10 
Fev
2020
20:38
78
169
3630
Virtual karabakh

Günay İbrahimli: “Bir çox ifaçılardan fərqli olaraq, radio dalğaları mahnılarımı pulsuz səsləndirir” - VİDEO

“Radiolarda ödənişsiz müğənniyəm. Heç bir pul ödəmirəm. Sağ olsunlar, radio dalğaları mahnılarımı pulsuz səsləndirir”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində müğənni Günay İbrahimli deyib. Bir sıra müğənnilərin “radiolar mahnılarımızı səsləndirmək üçün pul istəyirlər” iddialarına sənətçidən cavab gəldi. O, adının həmin müğənnilərin sırasında olmadığını bildirərək, mövzuya belə reaksiya verdi: 

“Diqqət yetirsəniz, görərsiniz ki, radio dalğalarımızda hər ifaçının mahnısını səsləndirmirlər. Bir çox ifaçılardan fərqli olaraq, mahnılarım yetərincə radio kanallarımızda yayımlanır”.

Şou əhli arasında imici və tərzi ilə seçilməyə bacaran Günay geyim-keçimində öz zövqü ilə geyindiyini deyib, zövqsüz seçimləri ilə qıcıq yaradan bəzi həmkarlarını asıb-kəsdi:

“Geyimlərimi özüm seçirəm. Bu günə kimi ölkəmizin ən öndəgedən, peşəkar stilistləri ilə çalışmışam. Artıq bilirəm ki, mənə nə yaraşır və nə yaraşmır. Düşünürəm ki, zövqlü görünmək üçün gedəcəyin məkana uyğun geyinməlisən. Dəb aləmini və yeni trendləri diqqətlə izləyirəm. Misal üçün, elə geyimlər var ki xoşuma gəlir, amma mənə yaraşmır. Xoşuma gəlsə belə, yaraşmayandan sonra o geyimi geyinmərəm”.

O ki qaldı zövqlü müğənnilərə, G.İbrahimli barmaq qatlayıb, ad çəkdi:

“Bizim ulduzlar zövqsüz geyinirlər. Zövqlülər isə barmaq sayılacaq qədərdir. Zövqlü müğənnilər Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya, Ədalət Şükürov, Namiq Qaraçuxurlu, Zamiq Hüseynov, Samir Bağırovdur”.

Səhnə obrazı ilə təəcübləndirməyi bacaran Əməkdar artist Elza Seyidcahanın adını çəkmişdik ki, Günay qarşı tərəfi təriflərə qərq etdi:

“Elza xanımı çox bəyənirəm. O qadına çox böyük hörmətim və simpatiyam var. Geyimlərini də, tərzini də çox bəyənirəm”

Oxu.Az-ın kamerası önündə dil-dil ötən Günay İbrahimli yeni layihələrindən də danışdı:

“Bu son” həm fotosessiyamın, həm də yeni mahnımın adıdır. Hamı elə bildi ki, məndən canları qurtardı (gülür). Fotosessiya hazırdır, mahnımı isə yaxın günlərdə dinləyicilərə təqdim edəcəyəm. Bu bəstəyə klip də çəkdirəcəyəm. Mahnının ruhuna uyğun olaraq fotosessiyanı da fərqli bir obrazda etdim”.

Çəkdirəcəyi klipin büdcəsinin nə qədər olduğu haqqında müğənni bunları söylədi:

“Qiymət açıqlamağı sevmirəm. İşimə pul yatırmağı sevirəm. Çalışıram ki, hər hansısa bir iş görəndə keyfiyyətli və yüksək səviyyədə olsun. Aranjimanına kimi hər şeyə diqqətlə yanaşıram”.

Müsahibəsinin sonunda Günay İbrahimli yaxın günlərdə sürpriz duet təqdim edəcəyini dilə gətirdi:

“Yaxın günlərdə Xalq artisti və mənim müəllimim İlqar Muradovla oxuduğum yeni duetimizi təqdim edəcəyəm. Düşündüm ki tələbə-müəllim dueti tamaşaçılara maraqlı olar”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri