22 
Okt
2015
15:15
164
465
37591
Virtual karabakh

Saleh Bağırov: Nişanlımla proqramımda tanış olmuşuq – MÜSAHİBƏ + FOTO

22 Okt, 2015
15:15
37591

Saleh Bağırov: Nişanlımla proqramımda tanış olmuşuq – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müğənnilərlə dostluq etməyi vacib hesab etmirəm”.

Oxu.Az-ın budəfəki müsahibi səs tembri, savadı, danışıq mədəniyyəti, səmimiyyəti, həm də xarizması ilə seçilən “İTV” telekanalının sevilən siması, məşhur aparıcı Saleh Bağırovdur.

- Yaxın günlərdə nişanlandınız. Təbrik edirik. Tanışlığınız necə olub?

- Təşəkkür edirəm. Tanışlığımız mənim proqramımda oldu. Televiziya təkcə mənim karyeramı, sevdiyim peşəyə bağlılığımı müəyyən etmədi. Bütün bunlarla yanaşı televiziya həm də mənim həyat yüklü məsələmdə mənə yardımçı oldu.

- Toyu nə zamana planlaşdırırsınız?

- Toyun dəqiq tarixini hələ müəyyənləşdirməmişik.

- İndi dəbdir, səbəbkarlar toy mərasiminin daha fərqli, maraqlı və şən keçməsi üçün əvvəlcədən hazırlanan ssenariyə üstünlük verirlər. Bəs Saleh Bağırov özəl günü üçün nə düşünür?

- Bəli, mən dəfələrlə xüsusi ssenari ilə yazılan toy məclislərini aparmışam. Yaradıcı insan olduğumdan təbii ki, müəyyən fikirlərim var, o cümlədən nişanlımın da. Əvvəlcədən yazılan xüsusi ssenari düşünmürəm. Sadəcə istəyirəm ki, səliqə-sahmanlı gözəl bir gün yaşayaq və qonaqlarımıza yaşadaq.

- Azərbaycan teleməkanında orfoqrafik və orfoepik qaydalara əməl edən beş aparıcı varsa, onlardan biri, bəlkə də birincisi sizsiniz. Qüsursuz aparıcı olmağın sirri nədədir?

- Təşəkkür edirəm. Efirdə, teleməkanda çalışan insanların orfoqrafik və orfoepik qaydalara əməl etməyi birbaşa onların borcudur. Çünki kütləvi informasiya daşıyıcısı olmağımızla yanaşı bizim əsas hədəflərimizdən biri də düzgün, doğru danışığı təbliğ etmək və onu yaymaqdan ibarətdir. O ki qaldı məni bu sırada birinci görməyinizə, bunun iki səbəbi var: son dərəcə peşəmi sevirəm və onun mənim qarşımda qoyduğu bütün tələbləri icra etməyə çalışıram ki, o da əvəzində mənə uğur gətirsin.

- Bir neçə il əvvəl avtomobiliniz olmayanda metrodan istifadə edirdiniz. Və “Neftçilər” metrostansiyasında qatarı tərk edirdiniz.  O zaman sizinlə bağlı bir nüans diqqətimi çəkmişdi. Gənc və orta nəsil əlində telefonla oynayarkən, siz daima kitab oxuyurdunuz. Bu, mənim çox xoşuma gəlmişdi. Çünki mən də kitabları sevirəm və heç vaxt kitablarımı kiməsə hədiyyə etmirəm.

- (Gülür) Gözəl illəri, tələbəlik illərimi, yenicə fəaliyyətə başladığım illəri yadımıza saldınız. Mən məktəb illərindən kitab oxumağı çox sevirəm, ona görə də boş vaxt tapan kimi oxumaqla məşğul oluram. Metro isə elə bir nəqliyyat vasitəsidir ki, bir ünvandan o biri ünvana çatana qədər xeyli vaxt var. Telefon və digər texnoloji əşyaların əleyhinə deyiləm, çünki özüm də istifadə edirəm. Amma daha çox kitab oxumağa üstünlük verirəm. Ona görə də siz məni oxuyan yerdə yaxlamısınız (gülür). Günü bu gün də ədəbiyyata, şeiriyyətə bağlılığım davam edir.

Sonuncu dəfə oxuduğunuz kitabdan sizi həmişə düşündürən bir misra söyləyə bilərsiniz?

- Son oxuduğum kitablardan gözəl ifadələr var ki, onlar indiyə qədər mənim yadımdadır. Məsələn, ən son Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər” romanını oxumuşam. Orada belə bir ifadə var ki, hər zaman insanın yaxşı olmaq imkanı var, hətta ən çətin məqama belə düşəndə insan başa düşməlidir ki, həmin məqamda da yaxşı olmaq imkanı var. Sən bunu unutmamalısan, o zaman yaxşı olacaq.

Həmin romandan daha bir ifadə xatırlayıram: “Gözlər insanın ruhuna açılan pəncərədir”. Bu sözləri də çox bəyənirəm.

Daha sonra Xalid Hüseyninin “Çərpələng uçuran” romanında gözəl bir ifadə var:

“Sən adam öldürəndə onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan. Bu barədə düşün”.

Bunlar doğrudan da insanı çox düşündürən ifadələrdir.

- Siz dəfələrlə “Bu şəhərdə”nin aparıcısı olmusunuz. Konsert ərəfəsində başınıza gələn maraqlı və yaxud gülməli əhvalatı bizimlə bölüşə bilərsinizmi?

- “Bu şəhərdə”nin konsertlərinin aparıcısı olmaq asan məsələ deyil. Çünki bu, yumor konsertidir və onu aparan aparıcı həmin o səhnədə baş verən olayların bir parçası olmalıdır. Yəni orada sadəcə təqdimatla məşğul deyilsən. O baxımdan tam olaraq konsertə, vəziyyətə, gedişata uyğunlaşmalısan. Orada o qədər yadda qalan məqamlar olub ki... Məsələn, mən səhnədə danışan vaxt Rəfael və Coşqunun pərdəarxasından məni güldürmək xatirinə etdiyi hər hansı bir nüansları. Bu, məni çox güldürüb və həmin an tamaşaçılarla bölüşmüşəm ki, əziz tamaşaçılar özümü saxlaya bilmirəm və əsl konsert pərdənin arxasındadır (gülür). Bu hal dəfələrlə baş verib, onlar çalışıblar ki, səhnədə çıxışım zamanı məni güldürsünlər və buna müvəffəq olublar.

Bir neçə dəfə “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov səhnə arxasından əl hərəkətləri ilə mənə bildirmək istəyib ki, danışığını bitir, növbəti səhnəcik hazırdır. Mən bunu əksinə başa düşmüşəm və sözümü uzatmışam. O yenidən jestlərlə fikrini başa salmağa çalışıb və mən yenə də yanlış anlamışam, danışaraq vaxtı uzatmışam. Konsertdən sonra bu hadisəyə qarşılıqlı gülməyə başlamışıq.

- Tez-tez yerli televiziyalarda hansısa əcnəbi layihələrin eynisi təqdim olunur. Amma əksəriyyəti uğursuz alınır, qeyri-səmimilik, sünilik diqqəti daha çox cəlb edir. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı...

- Doğrudur, biz televiziyalarda belə hallara rast gəlirik ki, bəzi əcnəbi layihələr uğursuz alınır. Amma mən televiziyanı bu cəhətə görə mənfi qiymətləndirmək istəmirəm. Bu gün televiziyada uğurlu irəliləyişlərimiz var. Kadr önündə və arxasında çalışıan peşəkar insanlarımız var. İndi elə bir dövrdə yaşayırıq ki, biz öyrənirik və müəyyən təcrübələrdən istifadə edərək nəsə etməyə çalışırıq.

Son söz isə təbii ki, tamaşaçının olur. O, bunun içərisindən ayırd edərək baxmaq istədiyi proqramı və kanalı özü müəyyən edir. Əgər hansı bir uğursuz layihə alınırsa, elə bunun özü də  bir uğurdur. Uğursuzluqları davam edə-edə insan kamilləşir, təkmilləşir və nəticədə uğurlu layihə ortaya çıxarır. Sadəcə bunu zamana buraxmaq və nikbin baxmaq lazımdır. Mən əminəm ki, biz inkişafa doğru gedirik və peşəkarcasına olan layihələrimizin təqdimatı, istər dekor, istər aparıcı və s. baxımından hər şey qaydasında olacaq. Çatışan və çatışmayan tərəflərimizi bilirik. Gəlin, əl-ələ verək, çatışmayan cəhətləri düzəltməyə çalışaq. Kanallar arasında ayrıseçkiliyi sevmirəm. Buna son qoyulmasına çağırıram. Biz eyni kütlə üçün çalışırıq. Həmrəy olmağımızı istəyirəm.

- Hansı pis vərdişiniz var, hansı ki ondan canınızı qurtara bilmirsiniz?

- Hər bir insan kimi mənim də mənfi və müsbət tərəflərim var. Mən də istəyərəm ki, mənfilərdən qurtulum. Amma bu, xasiyyətdir və bizimlə doğulur. Yaşa dolduqca səni narahat edən cəhətləri aradan qaldırmağa çalışırsan, amma konkret məni narahat edən elə bir cəhətim yoxdur ki, mən ondan can qurtara bilim.

- Bəzi məşhurlar incəsənət sahəsinə gəlməmişdən əvvəl uşaqlıq və yeniyetməlik illərində bu arzularını dilə gətirərkən gülünc obyektinə çevrildiklərini dönə-dönə etiraf edirlər, həmyaşıdları tərəfindən lağa qoyulduqlarını söyləyirlər. Bəlkə də həmin qınaq onların bu gün tanınmış və sevilən sima olmağına bir təpər olub. Öz istedadlarını sübut edə biliblər. Bəs sizdə necə olub, uşaq vaxtı aparıcı olmağınızı etiraf edəndə yaşıdlarınız sizi ələ salmırdılar ki?

- Əstağfirullah. Yeniyətmələrin istəyinə gülünc obyekti olaraq yanaşan, onları lağa qoyan insanların, özlərinə baxmalarını, əvvəl özünə gülüb, sonra başqalarına gülməyi tövsiyə edirəm. Şəxsən mənim həyatımda belə bir şey olmayıb. Bağçada və məktəbdə tədbirləri mən aparırdım. Hamı bunu gözəl qarşılayırdı. Həmişə dəstək görürdüm, uşaq olduğum üçün məni ruhlandırırdılar. Demək istəyirəm ki, insanlarda uşaqlarda hər hansı bir arzu, istək görürlərsə, ona rişxəndlə yanaşmaq lazım deyil. Onları daha da alqışlamaq lazımdır. Bu, onların bir keçid dövrüdür, onu keçməlidirlər.

- Dostluq etdiyiniz müğənnilər var?

- Aparıcı kimi çalışdığım üçün bir-iki nəfəri çıxmaq şərtilə müğənnilərlə gözəl münasibətim var. Hörmətlərini saxlayıram, mənim hörmətimi saxlayırlar. Amma sırf can-bir qəlbdə dostluq etdiyim müğənni yoxdur, bunu vacib hesab etmirəm.

- Yaxşı oğul, yaxşı qardaş, yaxşı aparıcı, yaxşı dost, yoxsa gələcəyin yaxşı həyat yoldaşısınız?

- Bu, maraqlı sualdır. Yaxşı oğul olmağım anama ünvanlanan sualdır. Yaxşı qardaş olmağımı bacım cavablandıra bilər. Yaxşı aparıcı olmağımı tamaşaçılar söyləyə bilər. Yaxşı dost olmağımı ətrafımdakı mənə doğma olan insanlar deyə bilər. Gələcəyin yaxşı həyat yoldaşı olmağımı isə inşallah gələcək həyat yoldaşım söyləyə bilər. Amma ümumilikdə götürəndə mənə elə gəlir ki, bu missiyaların hər birini dərk edirəm və onlara layiq olmağa çalışıram. Allah bu yolda məni çaşdırmasın. Siz dediyiniz kimi yaxşı olum.

- Oxu.Az-ın hansı bölmələrini daha çox oxuyursunuz?

- Ümumilikdə, hər bölməyə nəzər salıram. Sizə uğurlar arzu edirəm. Adınız kimi oxunaqlı olun. Hər zaman oxucularınıza doğru, düzgün, maraqlı informasiyalar çatdırın.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri