Fev
2018
15:15
117
22
5810
Virtual karabakh

ADR–100: Fevral inqilabından sonrakı hadisələr

2 Fev, 2018
15:15
5810

ADR–100: Fevral inqilabından sonrakı hadisələr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd edilir. Ölkəmizdə bununla bağlı il ərzində silsilə tədbirlər planlaşdırılır.

Artıq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb.

Oxu.Az Şərqin ilk demokratik – parlamentli respublikasının mövcud olduğu 23 ay ərzindəki fəaliyyətinin hər ayına həsr olunmuş məqalələrin yayımlanmasını nəzərdə tutur.

Bu qəbildən olan ilk məqaləni oxucularımıza təqdim edirik:

Böhranlı 1917-ci il Bakı üçün nikbin başladı. Belə ki, yanvarın 20-də mühəndis V.Q.Lindley ilk dəfə olaraq Şollar suyunun şəhərin əsas su rezervuarına nəqlini işə saldı. Fevralın 25-də isə Bakıda təntənəli mərasimdə dörd nəfər əllərinə stəkan aldı və ilk dəfə nəql olunan Şollar suyunu daddı.

Bakıya Şollar suyu ötürülən əsnada Peterburq “çörək qiyamlarına” qərq olmuşdu, yanvarın 27-də başlanan iğtişaşlar Fevral inqilabına çevrildi. Hakimiyyətin devrilməsi və imperatorun taxtdan imtina etməsi haqqında xəbərlər Bakıya kifayət qədər tez çatdı və artıq bir neçə gün sonra şəhər rəisi (qradonaçalnik, qlava) Q.S.Kovalyov Bakının bütün ali dini xadimlərinə müraciət edərək, onları Dövlət Dumasının Müvəqqəti Komitəsinin simasında Rusiya hakimiyyətini tanımağa, təlaşa düşməməyə və dindarlar arasında bununla bağlı moizə aparmağa çağırdı. Martın 4-dən 5-nə keçən gecə Şəhər Duması və faktiki olaraq, həmin illərdə fəaliyyət göstərən bütün ictimai təşkilatların nümayəndələrindən ibarət olan müvəqqəti hökumətin nümayəndələri tərəfindən ictimai təşkilatların Bakı Soveti yaradıldı və onun İcraiyyə Komitəsi seçildi.

İcraiyyə komitəsinin atdığı ilk addımlardan biri Bakı şəhər rəisini, qubernatoru, vitse-qubernatoru və qarnizon rəhbərinin tutduğu vəzifədən kənarlaşdırılması oldu. İcraiyyə Komitəsi ilə yanaşı, Bakıda Əsgər Deputatları Soveti, Zabit Deputatları Soveti, Fəhlə Deputatları Soveti təsis olundu. Sonradan onlar vahid qurum şəklinə gətirilərək, Bakı Fəhlə və Hərbi deputatlar Soveti yaradıldı. Yeni Bakının başına qubernator P.F.İlyuşkin gəldi. V.İ.Frolov şəhər rəisi, S.Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi.

Peterburqda olduğu kimi, Bakıda da tədricən ikili hakimiyyət formalaşmağa başladı. Regionun idarə olunması məqsədilə müvəqqəti hökumət martın 9-da Tiflisdə Dövlət Dumasının Cənubi qafqazlı deputatlarından ibarət olan Xüsusi Cənubi Qafqaz Komitəsini (XCQK) yaratdı. 

Azərbaycanı XCQK-da Məmməd Yusif Cəfərov təmsil edirdi. Azərbaycanın qismən müasir ərazisi üzrə Təsis Yığıncağı seçkilərinin komissiya sədri F.Xoyski seçildi. Təsis Yığıncağı çağırılana qədər bütün müvəqqəti orqanlar fəaliyyətini davam etdirməli idi.

Bu arada, Bakıda adı Birjadan Azadlığa dəyişdirilmiş mərkəzi meydanda (hal-hazırda “Sahil” metrostansiyasının qarşısındakı eyniadlı parkın ərazisi – red.) inqilaba həsr olunmuş bayram tədbirləri keçirilirdi. Azadlıq tədricən həyatın bütün sferalarına sirayət edirdi. Belə ki, 22 mart 1917-ci ildə Rusiyanın müvəqqəti hökuməti “Dini və Milli məhdudiyyətlərin ləğv olunması haqqında” sərəncam vermişdi. 

Bu, müxtəlif hərəkatların canlanmasına yol açdı və Bakıda çoxsaylı milli təşkilatlar və hərəkatlar (litvalılar, latışlar, estonlar, polyaklar, ukraynalılar və b.) meydana gəlməyə başladı. Martın 27-də Bakıda Müsəlman İctimai Təşkilatları Soveti və onun Müvəqqəti İcraiyyə Komitəsi quruldu. M.Hacinski bu komitənin sədri seçildi. 

Cəmiyyət qurmaq azadlığı toplaşma azadlığına yol açdı və tədricən yerlərdə müxtəlif - peşə ilə bağlı və milli qurultaylar keçirilməyə başlandı. Aprelin 15-dən 20-nə kimi Bakıda Ümumqafqaz Müsəlman Qurultayı baş tutdu. Qurultayda ideologiya və mövqeyindən asılı olmayaraq, bütün müsəlman təşkilat və icmaları təmsil olunurdu. Qurultay müvəqqəti hökumətin dəstəklənməsi haqqında qərar çıxarsa da, hər hansı ilhaq və ya kontribusiyalar olmadan müharibənin qeyd-şərtsiz dayandırılmasını və sülhün bağlanmasını tələb etdi.

Qurultayda Qafqazın müsəlman xalqlarının “Rusiya dövlətində olan bütün xalqların öz milli-siyasi prinsiplərini həyata keçirmək səylərini dəstəkləməkdə qətiyyətli olduğu” ortaya qoyuldu. Ana dilində ümumi, icbari və pulsuz təhsilin tətbiq olunması qət olundu; bunun üçün seminar və institutların yaradılması təklif edildi. Bu ideyaların gerçəkləşdirilməsi məqsədilə milli fond yaradıldı, tapşırıqlar təsbit olundu. İlk dəfə olaraq belə böyük toplantıda qadınlar çıxış etdi. Buna qarşı çıxan dini xadimlərinə cavab olaraq, qurultayda qadın məsələsi ilə bağlı qətnamə qəbul edildi, həmin qətnamədə siyasi və mülki hüquqlarda gender bərabərliyinin təmin olunmasının vacibliyi vurğulandı. 

Qafqaz qurultayına paralel olaraq, mayın 1-dən 11-nə kimi Moskvada I Ümumrusiya Müsəlmanları Qurultayı keçirildi. Rusiyanın gələcək dövlət quruluşu məsələsi ilə bağlı iki qətnamə irəli sürüldü: A.Tsalikovanın Rusiyada unitar dövlət quruluşunun saxlanılması və müsəlmanlara mədəni-milli muxtariyyətin verilməsi, M.Rəsulzadənin milli-ərazi-federativ prinsiplər əsasında demokratik respublikanın qurulması haqqında qətnamələr.

Qurultayda böyük səs çoxluğu ilə Rəsulzadənin qətnaməsi qəbul olundu. Azərbaycan xalqının milli azadlıq mübarizəsinin hədəfləri və metodları baxımından oxşar siyasi və ideoloji proqrama malik olan “Müsavat” və Türk Federalistlər Partiyası 3 iyun 1917-ci ildə Türk Demokratik Federalistlər-müsavatçılar Partiyasına birləşə haqqında qərmar qəbul etdi. Vahid partiyanın Mərkəzi Komitəsinə “Müsavat”dan dörd nümayəndə – M.Ə.Rəsulzadə, M.H.Hacinski, M. Vəkilov, X.Rəfibəyov və Türk Federalistlər Partiyasından isə N.Usubbəyov, Ş.Rüstəmbəyov, Ağazadə və M.M.Axundov daxil edildi. Sentyabr ayında daha bir partiya – “İttihad – Rusiyada müsəlmanlıq” Partiyası quruldu.

Qəbul olunan qərarlara uyğun olaraq, Bakıda məktəblərin milliləşdirilməsi prosesi və milli dillərdə tədris sisteminin tətbiqinə başlandı.

Beləcə, sentyabrın 12-də bununla bağlı müvafiq komitə yaradıldı. Həmin komitəyə azərbaycanlılardan Q.B. Mahmudbəyov, A.A.Həsənov və digərləri daxil edildi. Paralel olaraq milli təşkilatlar birgə platformaların yaradılması üzərində işləri davam etdirirdi. Misal üçün, oktyabrın 4-də Şəhər Dumasının zalında milli ictimai təşkilatların toplantısı keçirildi.

25 oktyabr 1917-ci ildə (yeni tipli təqvimə görə noyabrın 7-də) Oktyabr İnqilabı baş verdi. Hakimiyyətə bolşeviklər və solçu eserlər gəldi. Cənubi Qafqazda bir ilk, Rusiyada isə ilklərdən biri olan Bakı Soveti oktyabrın 31-də yerli bolşeviklərin təşəbbüsü ilə hakimiyyətin Sovetin nəzarətinə keçməsi haqqında qətnamə qəbul etdi. Bir qədər sonra - noyabrın 2-də Bakı Fəhlə və Hərbi Deputatları Sovetinin toplantısı keçirildi və Sovet bu orqanı Bakı şəhərinin ali hakimiyyət qurumu elan etməyə nail oldu.

Müsəlman Təşkilatları Konfransı və hətta Bakıdakı siyasi partiyaların vahid konfransı bu qərara təsir edə bilmədi. Ancaq Xüsusi Cənubi Qafqaz Komitəsi yeni hakimiyyəti tanımadı və 12 komissardan ibarət yeni Cənubi Qafqaz Komissarlığı yaratdı. Azərbaycanı Komissarlıqda F.Xoyski, M.Y.Cəfərov, X.A.Məlik-Aslanov və X.Xasməmmədov təmsil edirdi.

Yeri gəlmişkən, həmin dönəmlərdə, 26-31 oktyabr tarixlərində Bakıda partiyanın qarşıdakı siyasi mübarizədə strategiyasını, taktikasını təsbit edən və yeni proqramını qəbul edən “Müsavat”ın ilk qurultayı keçirildi. Qurultayda Azərbaycanın, demək olar ki, bütün bölgələrini təmsil edən 100-ə yaxın nümayəndə iştirak edirdi. Qəbul olunmuş proqramda hakimiyyət və müstəqil məhkəmənin bölgüsü prinsipi elan olundu.

Bu arada, Bakıda noyabrın 22-də (5 dekabr) İctimai Təşkilatlar Şurasının ləğv olunması və Bakı Sovetinin vahid hakimiyyətinin bərqərar olması haqqında qərar qəbul olundu. Düzdür, paralel olaraq, hələ də təsərrüfat məsələləri ilə məşğul olan Bakı Şəhər Duması fəaliyyət göstərirdi.

Bir qədər sonra, 26-28 noyabr tarixlərindən Təsis Yığıncağına seçkilər keçirilməyə başlandı.

Bəzi bölgələr üzrə Təsis Yığıncağı seçkilərinin nəticələri

Şəhərin adı

Eserlər

Bolşeviklər

Menşeviklər

Eneslər

Sosialistlər

Kadetlər

Millətçilər

siyahısı*

Ümumi

Ağstafa

86

13

391

-

264

8

-

762

Bakı

18789

22276

5667

116

21801

9062

33438

111149

Göyçay

31

160

1

-

218

19

1764

2193

Yelizavetpol

1781

1598

154

12

6660

231

6251

16687

Quba

-

45

-

-

79

46

3959

4129

Nuxa

64

56

6

 

1921

55

11254

13336

ÜMUMİ

20751

24148

6219

128

30943

9421

56666

148276

 % nisbətdə

13,99

16,28

4,19

0,08

20,86

6,35

38,21

100,00

* millətçi partiyalar dedikdə, “Müsavat”, “İttihad”, “Daşnaksütun”, “Qnçak” və digərləri nəzərdə tutulur. 

Ümumilikdə, Cənubi Qafqaz seçkilərində 2455274 seçici iştirak etdi. Seçki nəticələrinə görə, menşeviklər – 661934 səs (ümumi səslərin 26.9%-i), müsavatçılar – 615 816 (25.1%), daşnaklar – 558 400 (22.7%), “Müsəlman Sosialist Bloku” – 159 770 (6,5%), eserlər – 117 522 (4.8%), bolşeviklər – 95 581 (3.9%), “Hümmət” – 84 748 (3.5%) və “İttihad” 66504 (2.7%) səs topladı. Nəticə etibarilə, Azərbaycan partiyaları Təsis Yığıncağında Cənubi Qafqaz üçün ayrılmış 35 yerdən 14 yerə sahib çıxdı (“Müsavat” – 10, “Müsəlman Sosialist Bloku” – 2, “Hümmət” və “İttihad” – 1).

İki həftə sonra Bakıda daha bir seçki keçirildi. Bu dəfə Bakı fəhlə və əsgər deputatları sovetinin üzvləri seçilirdi. Bu seçkilərdə əsas mübarizə bolşeviklər, daşnaklar və müsavatçılar arasında gedib. “Müsavat” şəhərin müsəlman rayonlarından toplanan səslərin sayına əsasən bolşevikləri üstələsə də, ancaq şəhərdə müvəqqəti qeydiyyatda olan hərbçilərin və sənaye-təsərrüfat müəssisələrinin çoxluq təşkil etdiyi rayonların hesabına bolşeviklər liderliyi qoruyub-saxlaya bildi. Bununla belə, mütləq üstünlük qazanmağa nail olmadı. 

Xarici arenada hadisələr bir qədər fərqli şəkildə inkişaf edirdi. Belə ki, Birinci Dünya Müharibəsinin davam etməsi fonunda Osmanlı İmperiyasının hökumət nümayəndəsi Məhmət Tələt paşa “Rusiyada çar hakimiyyətinin devrilməsinin Türkiyə üçün də arzuolunan hadisə olduğunu” bəyan etdi.

Həmin dönəmdə Rusiya prizmasından baxdıqda Osmanlı imperiyası Cənubi Qafqaz üçün əsas təhdid hesab olunurdu. Bu təhdidi aradan qaldırmaq üçün Sovet Rusiyası 2 (15) dekabr 1917-ci ildə Brest-Litovskda İttifaq Dövlətləri Bloku ilə sülh müqaviləsi imzaladı.

Müqavilənin şərtləri Rusiya-Osmanlı cəbhəsini də ehtiva edirdi. Ancaq Cənubi Qafqaz Komissarlığı Brest danışıqlarını qəbul etmədi və 5 dekabr 1917-ci ildə Ərzincan şəhərində Osmanlı İmperiyası ilə sülh bağladı.

Başqa sözlə desək, Şollar su kəmərinin təntənəli açılışı və azadlığın bayram edilməsi ilə başlayan il təkcə ayrı-ayrı şəhərləri deyil, bütün regiona sirayət edən gərgin vəziyyətlə (Duma və Sovet arasında çəkişmələr, Bakıda “Müsavat” və bolşeviklər arasında mübarizə, bolşevik və menşeviklər arasında qarşıdurma, Cənubi Qafqazda Baksovet və komissarlıq arasında mübarizə) yekunlaşdı.

Məmməd Yusif Cəfərov
(1885-1938)

Məmməd Yusif Hacıbala oğlu Cəfərov Azərbaycanın ilk siyasi xadimlərindən sayılır. Məhz o, 1912-ci ildə Rusiyanın IV Dövlət Dumasına Cənubi Qafqazın müsəlman icmasından deputat seçilib.

M.Y.Cəfərov 1885-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda kişi gimnaziyasında alıb. 1907-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Moskvada azərbaycanlı tələbələrin yaratdığı Azərbaycan Həmyerliləri Təşkilatının dərnəklərində və tədbirlərində aktiv şəkildə iştirak edib. Bir müddət təşkilatın sıravi üzvü, sonralar isə hətta rəhbəri vəzifəsinə qədər qalxa bilib. 1912-ci ildə “Şəriət əsasında boşanma” mövzusunda dissertasiyanı müdafiə edərək Moskva Dövlət Universitetini fərqləmə ilə bitirib. Bakıya geri döndükdən sonra məhkəmələrin birində andlı hakim köməkçisi vəzifəsinə işə düzəlib.

1912-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Dumasının IV çağırışına seçkilər keçirilib. Cəfərov deputat seçilmək üçün namizədliyini irəli sürüb. Bakı, Yelizavetpol və İrəvan quberniyalarında yaşayan müsəlmanlar onun lehinə səs verib.

Cəfərov 1912-1917-ci illərdə Dövlət Dumasının işində fəal şəkildə iştirak edib. Dumada Müsəlman Fraksiyası və Kadetlər Fraksiyasına daxil olub. Büdcə, məhkəmə islahatları, hərbi və dəniz məsələləri üzrə komissiyanın üzvü kimi xidmət göstərib. Dəfələrlə Dumada hökumət başçısının hesabatı, büdcə məsələləri ilə bağlı çıxışlar edib. 1913-cü ildə Cənubi Qafqazda məhsul yığımı uğursuzluğa düçar olmuş əhaliyə yardımın göstərilməsi ilə bağlı müzakirələrdə aktiv iştirakçı olub. Öz çıxışlarında dəfələrlə çar hökumətinin müsəlmanlar arasında maarifləndirmə işlərinə olan pis münasibətindən danışıb, milli məktəblərin bağlanmasını pisləyib, məscid binalarının dini qurumlara qaytarılmasını tələb edib. Dövlət strukturlarına qarşı çəkişmələrdə dəfələrlə həmvətənlərinin hüquqlarını müdafiə edib.

Fevral İnqilabından sonra Cənubi Qafqazın deputatı olaraq, V.Xarlamov, A.Çxenkeli, K. Abaşidze və M.Papacanovla birgə Xüsusi Cənubi Qafqaz Komitəsini (XCQK) təsis edib. Bu komitədə o, sənaye və ticarətlə bağlı məsələlərə cavabdeh olub. Fəaliyyəti çərçivəsində Ümumqafqaz Müsəlmanları Qurultayında iştirak edib, bütün müsəlmanları birliyə çağırıb. O, çıxışlarının birində deyib: “Etimad göstərib seçdiyiniz nümayəndəniz kimi, sizə bildirirəm ki, Rusiyada məhz əsgər və fəhlələr azadlığa nail olub, bunu unutmaq lazım deyil, onlar sizləri öz qardaşları hesab edir”.

XCQK-nin ləğvindən və Cənubi Qafqaz Komissarlığının qurulmasından sonra o, sənaye və ticarət üzrə komissar vəzifəsini tutub. “Müsavat”dan və Müsəlman Milli Komitəsindən Təsis Yığıncağına seçildiyinə görə Cənubi Qafqaz Seyminin deputatı olub. Seymin müsəlman Fraksiyasının İcraiyyə Komitəsinin tərkibində yer alıb. M.Y.Cəfərov Azərbaycanın müstəqilliyinin leyhinə səs vermiş və İstiqlal Bəyannaməsini imzalamış böyük şəxsiyyətlərdən biri olub.

F.Xoyskinin ilk Nazirlər Kabinetində ticarət və sənaye naziri vəzifəsini tutub. İyunun sonunda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Səfir vəzifəsində fəaliyyəti dövründə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin inkişafına, ölkələr arasında sərhədlərin müəyyən edilməsinə böyük töhfələr verib, Ermənistan və Avropa dövlətləri ilə danışıqlarda aktiv iştirak edib.

M.Y.Cəfərov Tiflisdə Gürcüstan, Ermənistan, Azərbaycan və Dağlılar Respublikasının iştirakı ilə keçirilən regional konfranslarda Azərbaycanı təmsil edib. 1919-cu ildə N.Usubbəyov ona Azərbaycana geri dönməyi və xarici işlər naziri vəzifəsinə keçməyi təklif edib. 1919-cu ilin dekabr ayının sonuna kimi bu vəzifəni icra edib. Onun təyinatı kifayət qədər keşməkeşli dönəmə təsadüf edib: bir yandan Britaniya qoşunları Azərbaycanı tərk edib, digər yandan şimaldan Denikin təhlükəsi. Sonuncuya gəldikdə, o, Gürcüstanla birgə müdafiə haqqında saziş bağlamağa nail olub. Bununla yanaşı, Azərbaycanın digər xarici dövlətlərlə münasibətlərini maksimum şəkildə genişləndirməyə çalışıb.

1920-ci il fevralın 2-də parlament sədrinin müavini olub. Sədr Topçubaşov Paris səfərində olduğuna, Q.Ağayev isə xəstələndiyinə görə parlamentin iclası onun sədrliyi altında keçirilib. O, Azərbaycanda hakimiyyətin N.Nərimanovun başçılığı altında Müvəqqəti İnqilab Komitəsinə təhvil-təslimi ilə bağlı qərarı imzalayan rəsmilərdən biri olub. Daha sonralar o, pambıq və şərab trestlərinin hüquqi müşaviri vəzifəzində çalışıb. 15 may 1938-ci ildə dünyasını dəyişib və Şağan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri