22 
İyn
2018
09:40
13
192
9507
Virtual karabakh

“Kiçik” evlilik, böyük bəla: Kimdir müqəssir?

22 İyn, 2018
09:40
9507

“Kiçik” evlilik, böyük bəla: Kimdir müqəssir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün sosial şəbəkələrdə Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı məlumatlar yayıldı. Daha dəhşətli xəbər o oldu ki, zorlanan qızın dörd aylıq hamilə olduğu ortaya çıxdı.

Hadisə ilə əlaqədar sosial şəbəkələrdə hər kəs bu hadisəyə etiraz etdi. Onlar 13 yaşında bir qıza təcavüz edən şəxsin cəzalanmasını tələb edirdilər.

Qızın atası isə açıqlama verərək, “Qızım mən nə desəm, onu edəcək. Mənim ailəmə qarışmayın”, - dedi. Yəni, o qızın artıq heç bir seçim hüququ yoxdur. 13 yaşlı qız öz valideynləri tərəfindən elə doğulan zaman “satılıb”.

Azyaşlı qızların erkən nikahın qurbanı olması barədə faktlar heç də az deyil.

Bəs görəsən, onların tapdanmış hüquqlarını kim müdafiə etməlidir? Valideyn himayəsində olan qızın hüquqlarını müdafiə etmək üçün özünün heç bir haqqı yoxdurmu?

Qızların sayı azalıb

Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci il tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilində cari il məzunlarının gender tərkibinə nəzər saldıqda, görürük ki, IX və XI siniflər üzrə buraxılış imtahanında ayrı-ayrı bölgələr üzrə oğlan və qız şagirdlərin nisbəti arasında kəskin fərqlər var. 

Məsələn, cənub rayonları - Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda IX sinif şagirdlərinin 47.21%-ni qızlar təşkil edibsə, XI sinif şagirdləri arasında bu göstərici 40.81%-ə bərabər olub.

XI sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb.

Hesabatda qeyd edilib ki, cənub rayonlarında bu azalmanın əsas səbəbi region üçün xarakterik olan erkən nikahlardır.

Azərbaycan qanunları qızları qoruyurmu?

Millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycan qanunu övladlarımızı qoruyur:

“Bu məsələ ilə bağlı istənilən qanunvericilik aktları var və bu barədə müəyyən cəzaların verilməsi öz əksini tapıb.

Erkən nikahla bağlı cərimələrin miqdarı vaxtaşırı artırılır. Amma hər şeyi qanunla nizamlamaq olmaz. 14-15 yaşında qızların ərə getməsi problemi valideynləri düşündürməlidir”.

Tahir Rzayev qeyd edib ki, erkən nikahların faciələrini insanlar dərk etməlidir:

“Valideynlər bu məsələyə nə qədər məsuliyyətsiz yanaşsalar, onların sayı günü-gündən artacaq. Uşaq yaşda ana olacaq qızlar fiziki, psixoloji xəstəliyə məruz qalır.

İnsanlar ailə qurmağa hazır olmaldır. Təəssüf ki, bəzi valideynlər 14 yaşında qızları ərə verirlər. Hətta bu hərəkətlə fəxr edirlər. Boşananların, sağlam uşaqların doğulmama səbəbləri erkən nikah qurbanlarıdır”.

4868 boşanma, 308 abort

Qeyd edək ki, bu ilin dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2012-2016-ci illər ərzində 15-17 yaş arası olan 308 qadın abort etdirib.

Belə ki, 2012-ci ildə 63, 2013-cü ildə 88, 2014-cü ildə 88, 2015-ci ildə 50, 2016-cı ildə 19 abort qeydə alınıb. Hazırda ötən ilin statistikası hazırlanır.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, region məktəblərində qızların təhsildən yayınması kütləvi hal alıb:

“Xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Qızların təhsildən yayınmasının kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur.

Ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Onlar səkkizinci sinifdə oxuyarkən nişanlanır və təhsil arxa plana keçir.

Qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar”.

Ekspert bildirib ki, belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb:

“Kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını işləməyə cəlb edirlər. Belə hallar daha çox aran rayonlarında geniş vüsət olub.

Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib.

DİM-in məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər.

Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur.

Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında, demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir.

Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdankənar doğulan uşaqlardır.

Nikahdankənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2017-ci  illərdə nikahdankənar doğulan uşaqların sayı 25 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır”.

Risk qrupu

Məsələnin tibbi cəhəti də var. Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyir ki, qız uşağının 18 yaşına kimi daxili cinsiyyət üzvləri tam formalaşmır:

“Hamiləliyin sona çatdırılmasında ciddi fəsadlar yaranır. İlk dəfə yeniyetmə yaşında hamilə qalanlar yüksək risk qrupuna daxildir. Onlarda daha çox qanaxma olur.

15-16 yaşlı yeniyetmə hamilə olan zaman böyrəklərinə, ürəyinə təzyiq düşür. Çünki orqanizmi tam inkişaf etmədiyi üçün bətnində yetişdirdiyi uşağın da təzyiqi iki qat təsir edir və orqanizm buna dözmür”.

17 erkən nikah faktı

Qeyd edək ki, 2016-cı ildə erkən nikahlarla bağlı 17 fakt qeydə alınıb. Gəncədə 10 fakt, Qubada beş, Cəlilabad və Cəbrayılın hər birində bir fakt qeydə alınıb.

Faktlardan ikisi üzrə cinayət işi başlayıb. Digərləri ilə bağlı isə cinayət işi başlamayıb. Çünki onlar üzrə rayon icra hakimiyyətləri tərəfindən nikah yaşının bir il aşağı endirilməsi üçün əsaslar göstərilib.

Erkən nikaha məcbur edənləri hansı cəza gözləyir?

Hüquqşünas Vasif Rzayev bildirib ki,18-ci yaşına çatan hər bir şəxs evlənə bilər:

“Bu yaşdan aşağı şəxslərə nikah yolverilməzdir. Amma 16 yaşdan yuxarı evlənən şəxslər üçün də bir məsuliyyət nəzərdə tutulmayıb. 16 yaşa çatmayan şəxslə evlənmək artıq cinayət sayılır. Çünki evlənən zaman cinsi münasibət yaşanır və yeniyetmə ilə cinsi əlaqədə olma, seksual xarakterli hərəkət etmə, təbii ki, cinayətdir.

Bu zaman həmin şəxsə üç ilə kimi azadlıqdan məhrumetmə cəzası verilir. Məcbur edən ata olsun, ana olsun, yaxud qəyyumlar olsun, fərqi yoxdur, Cinayət Məcəlləsində cəza müəyyənləşib”. 

Vasif Rzayev qeyd edib ki, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə 2000 manatdan 3000 manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur:

“Yəni kimliyindən asılı olmayaraq, qadını heç kimsə nikaha məcbur edə bilməz. 2-ci bənddə isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə 4000 manata qədər cərimə və yaxud dörd ilə qədər həbs nəzərdə tutulur”.

UNİCEF-in hesabatına əsasən, dünyada erkən yaşda ailə quran qızların sayı 15 faiz azalıb ki, bu da 25 milyon təşkil edir. Ancaq bu azalmaya baxmayaraq, dünyada hər il 12 milyon qız erkən nikaha məcbur edilir.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri