15 
Okt
2018
10:57
19
62
6195
Virtual karabakh

Deputatların rus dili müzakirəsi səngimir

15 Okt, 2018
10:57
6195

Deputatların rus dili müzakirəsi səngimir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda hər zaman bütün dillərə, o cümlədən, rus dilinə hörmət, ehtiram olub. Dil öyrənmək, çox dil bilmək məsələsində heç kim heç kimə müdaxilə etməyib, qarşısını almayıb, əksinə, bunun üçün hər cür şərait yaradılıb.

Azərbaycanda bu gün müxtəlif dillərdə tədris prosesi keçirən orta ümumtəhsil və ali təhsil müəssisələri var. Ancaq şəxsən mən də hesab edirəm ki, Azərbaycanda baza təhsili, baza tədrisi mütləq Azərbaycan dilində olmalıdır, gələcəyimiz olan indiki nəsil məhz ana dilində təhsil almalıdır.

Bunu Oxu.Az-a açıqlamasında şair, millət vəkili Tahir Rza deyib.

O bildirib ki, ana dili, dövlət dili müqəddəsdir, onu nə iləsə əvəzləmək, eyniləşdirmək olmaz.

Millət vəkilinin bildirdiyinə görə, bu dilə xor baxmaq, bu dildə danışmağı özünə yaraşdırmamaq heç cür qəbuledilən və yolverilən hal deyil:

“Hər bir millət, hər bir toplum öz dilini mükəmməl şəkildə öyrənməli və bilməlidir. Öz dilini bilmədən, öz dilini sevmədən, başqa dili də sevə bilməzsən, səmimi olmazsan. Məsəl var, əvvəl evin içi, sonra çölü. Odur ki, bizdə də dədə-babadan qalma bu prinsip daim gözlənilməli və ona əməl edilməlidir.

Azərbaycanda ana dilinə dövlət, ölkə rəhbərliyi səviyyəsində necə böyük önəm verildiyi və diqqət göstərildiyi hər kəsə yaxşı məlumdur. Ona görə ana dilində danışmalı, onu mənimsəməli və təbliğ etməliyik. Bunun da yolu təhsildən, tədrisdən, uşaq bağçasından və orta məktəbdən keçir.

Valideynlərin övladlarının rus dilində təhsil almalarını istəməsini anlayışla qarşılayırıq. Buna müdaxilə edilə bilməz. Amma bu məsələdə ifrata varmaq, əndazəni aşmaq olmaz. Bu, bəhsləşməyin yeri deyil.

Valideynlərimiz, insanlarımız öz dilimizin keşikçisi və qayğıkeşi olmalıdırlar və bu baxımdan, deputat həmkarım Gövhər Baxşəliyevanın fikirlərini yanlış səmtə yozmaq düzgün deyil.

Onun səsləndirdiyi fikirləri qəbul edirəm və hesab edirəm ki, Azərbaycanda təhsil ana dilimizdə aparılmalıdır. Başqa dillərdə danışmaq, başqa dilləri mənimsəmək hər kəs üçün sərbəstdir, azaddır. Buna müdaxilədən söhbət gedə bilməz və getməməlidir”.

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Azərbaycanda dövlət, ana dilinə münasibət birmənalıdır, bu məsələdə mərhum dövlət başçısı Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin prinsipial mövqeyi ortadadır.

Deputatın sözlərinə görə, hər iki şəxs Azərbaycan, dövlət dilində mükəmməl danışmaqla, insanlara nümunədirlər:

“Onlar hər birimizə bu məsələdə nümunədirlər. Odur ki, mənəvi haqqımız yoxdur ki, öz dilimizə başqa gözlə baxaq, ona biganə olaq. Həmçinin, dövlət dilimizə, Azərbaycan dilinə, Azərbaycan türkcəsinə hörmət və ehtiram bizim övladlıq, vətəndaşlıq borcumuzdur.

Bu ölkənin vətəndaşıyıqsa, bu torpağın üzərində gəziriksə, onun suyunu içib, havasını udub, çörəyini yeyiriksə, o zaman onun dilinə də hörmət bizim boynumuzun borcudur. Burada ikinci mövqe, ikinci yanaşma ola bilməz.

Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda bütün dillərə, o cümlədən, rus dilinə hörmət və ehtiram nümayiş etdirməklə, öz dilimizə, onun inkişafına, gələcək nəslin məhz bu dildə və bu ruhda böyüdülməsinə ciddi fikir və diqqət yetirməliyik. Bu məsələnin kökü isə təhsildən, tədrisdən başlayır.

Hesab edirəm ki, təhsilin öz dilimizdə olması daha öndə olmalıdır. Nəzərə almalıyıq ki, dünyada milyonlarla azərbaycanlı, Azərbaycan türkü var. Xüsusilə də, Güney Azərbaycanda 30 milyondan artıq soydaşımız yaşayır.

Onlarla bağlılığımızın, mənəvi, mədəni əlaqələrimizin, tellərimizin qırılmaması üçün məhz öz dilimizə, onun inkişafına, tədrisinə böyük önəm verməliyik”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri