28 
Noy
2018
17:32
36
229
10684
Virtual karabakh

Rusiyalı ekspert: Azərbaycanlı biznesmenlərin oğulları İŞİD-ə qoşulurdular

28 Noy, 2018
17:32
10684

Rusiyalı ekspert: Azərbaycanlı biznesmenlərin oğulları İŞİD-ə qoşulurdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terror təşkilatının “Qafqaz fraksiyası” hər zaman nüfuzlu və çoxsaylı bölmələrdən biri olub. Qafqazlılar nəinki 2013-2017-ci illərdə “xilafət”in sadə döyüşçüsü və kiçik komandiri olub, həmçinin İŞİD-in siyasi və ordu strukturunda mühüm komandir vəzifələrini tutublar. Bir çox hərbi nəzarətçilər Qafqaz bölməsini ordunun ən mübariz döyüşçüləri adlandırırlar. 

Bu fikirləri Oxu.Az-ın müxbiri ilə söhbətində Rusiya politoloqlar cəmiyyətinin eksperti, Müasir Əfqanıstanın araşdırılması mərkəzinin aparıcı mütəxəssisi Andrey Serenko deyib. 

Onun sözlərinə görə, İŞİD-in tərkibində döyüşən Azərbaycan vətəndaşları və etnik azərbaycanlıların sayı barədə kifayət qədər məlumatlar yoxdur. 

“Rəsmi qiymətləndirmələrə əsasən, İŞİD-in güc strukturlarına qarşı fəal hücumları zamanı İraq və Suriyada 100-dən çox azərbaycanlı döyüşçü öldürülüb. Düşünürəm ki, real rəqəmlər ağlasığmaz dərəcədə böyükdür. Mənə məlum olan rəqəmlərə əsasən, 2013-2016-cı illər ərazində mindən çox azərbaycanlı İŞİD-ə qoşulub. Söhbət qonşu Türkiyədən Suriyaya gedən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Rusiyada yaşayan və bu ölkənin ərazisində radikal olan azərbaycanlılardan da gedir”, - ekspert bildirib. 

Müsahibimiz deyib ki, Rusiyanın regionlarında yaşayan gənc azərbaycanlıların – Rusiya universitetlərinin tələbələrinin, kifayət qədər uğurlu biznesmenlərin oğullarının Suriyaya getməsi və İŞİD-ə qoşulması ona məlumdur. 

“Təkrar edirəm ki, bu, kifayət qədər varlı və təhsilli, eyni zamanda, sələfi təriqətini qəbul edən və “cihada” görə yaxınlarını atıb gedən şəxslərdir”, - A.Serenko əlavə edib. 

İŞİD üzrə ekspert qeyd edib ki, azərbaycanlılar İŞİD ordusunun tərkibindəki həmyerliləri ilə birlikdə etnik bölmədə döyüşməyə üstünlük verirdilər. 

2014-2015-ci illərdə Suriyada (Rəqqa) və İraqda azərbaycanlılardan ibarət 50-100 nəfərlik bölmələr fəaliyyət göstəriridi.

“Ola bilsin ki, bu səbəblərdən “xilafətin tərkibinə” daxil olmazdan əvvəl azərbaycanlı döyüşçülər İslamın şiə təriqətinə üstünlük verirdilər, onlar İŞİD-in təhlükəsizlik və kəşfiyyat xidməti olan “Təhlükəsizlik xidməti”nin agentlər tərəfindən izlənirdi. 2015-ci ilin yanvarında əmirliyin agentləri azərbaycanlı komandir Sirac Azərini casusluqda ittiham etdilər və o, İŞİD-in şəriət məhkəməsinin qərarı ilə edam olundu”, - müsahibimiz əlavə edib. 

O bildirib ki, bəzi mənbələrə görə, İŞİD-dəki azərbaycanlı döyüşçülər üçün rahatlıq yox idi. 

“Onların əksəriyyəti Suriya və İraqdakı döyüş fəaliyyətində iştirak edir və bu təcrübədən gələcəkdə “xilafət”in sərhədləri kənarındakı döyüşlərdə istifadə etmək niyyətində idilər. Yeri gəlmişkən, 2016-cı ilin yazında söhbət gəzirdi ki, İŞİD-in tərkibində olan onlarla azərbaycanlı döyüşçü Suriyanı tərk edərək, Türkiyə ərazisinə keçmişdi və buradan Azərbaycana gəlməyə çalışırdı. Fikrimcə, “xilafət”in güclü dini təbliğatına baxmayaraq, İŞİD azərbaycanlı döyüşçülər üçün yeni vətənə çevrilə bilmədi”, - A.Serenko deyib. 

İŞİD əvvəlki kimi deyil...

Ekspertin sözlərinə görə, İŞİD 2014-2016-cı illərdə olduğu kimi, mövcud deyil. 

“Xilafət” gizli formata keçib, onun strukturları Suriya-İraq ərazilərinin bir hissəsini (Suriyanın cənub-şərqində yerləşən Deyr-əz-Zor bölgəsini, Xacin şəhərinin rayonlarını), Cəzirə səhrasını nəzarətdə saxlayır. Bundan başqa, İŞİD döyüşçüləri İraqın müəyyən hissəsində - Bağdadın şimalındakı rayonlarda, Kərkükdə, Salxuddində və digər yerlərdə fəallığını saxlayır”, - o hesab edir. 

A.Serenko əmindir ki, İŞİD-in hərbi birləşmələrinin taktikası və tərkibi 2014-2016-cı illərlə müqayisədə kifayət qədər dəyişib. 

“İş burasındadır ki, İŞİD-də həmişə iki ordu olub. Birinci ordunun tərkibinə nəinki iraqlılar, suriyalılar və qonşu ərəb ölkələrindən gələnlər, həmçinin əcnəbilər, eləcə də, azərbaycanlılar daxil idi. Bu ordunun silahlı tankları, artilleriyası var idi, onlar hücum və müdafiədə uğurlu fəaliyyət göstərirdi. Fikrimcə, 2014-2016-cı illərdə İŞİD ordusu regionda ən böyük quru qoşunu idi”, - mütəxəssis qeyd edib. 

Onun sözlərinə görə, İŞİD-in ikinci ordusu isə “Təhlükəsizlik xidməti”in strukturlarını idarə edir və uzun müddət kölgədə qalıb. 

“Onun tərkibi yalnız İraq və Suriyadan olan döyüşçülərdən, ərazini yaxşı tanıyan və yerli sakinlərlə əlaqəli olan, dil problemi olmayan şəxslərdən ibarət idi. İŞİD bu ordunu birinci ordunun darmadağını vəziyyətinə hazırlayırdı. Və indi “Təhlükəsizlik xidməti” ordusu İŞİD layihəsinin regionda tam yoxa çıxmasına imkan vermir. 

İŞİD-in “gizli xilafət” formasına keçməsi kifayət qədər uğurlu olub. Bu gün İŞİD layihəsi İraqda nəinki beynəlxalq antiterror koalisiyasının darmadağınından sonra sağ çıxıb, hətta yeni fəallıq izləri göstərir. “Təhlükəsizlik xidməti” döyüşçüləri İraq güc strukturlarına, federal polis xidmətinə, komandirlərinə qarşı aktiv taktiki hücumlara başlayıb.

Onlar yolları minalayır, İraq dövlət idarəsinin əməkdaşlarına və hərbi qulluqçulara, onların evlərinə hücum edir, ələ keçirdikləri əsirləri vəhşicəsinə öldürür. Nəticədə, guya İŞİD-dən azad edilən bir neçə yaşayış məntəqələrində İraq hökuməti yerli administrasiya üçün məmur tapa bilmir – insanlar “Təhlükəsizlik xidməti”in qisasında qorxaraq, idarə orqanlarında vəzifə tutmaqdan çəkinirlər”, - A.Serenko qeyd edib. 

Müsahibimizin bildirdiyinə görə, İraq güc strukturlarının, kürd birləşmələrin, müxaliflərin antiterror əməliyyatları keçirərək, ölkədə terrorun kökünü kəsməyə cəhd etmələrinə baxmayaraq, hələlik bunu etmək mümkün olmayıb. 

“Bundan başqa, mənim fikrimcə, yaxın 2-3 ildə İŞİD-in İraqda bərpasını istisna etmək olmaz. Buna görə də İŞİD layihəsinin tam məhv edilməsini gözləməyə dəyməz”, - o əlavə edib. 

Əbubəkr əl-Bağdadi sağdırmı?

Ekspertin fikrincə, bu gün İŞİD-in “xəlifə”si ilə bağlı kifayət qədər tutarlı məlumat yoxdur. 

“Vaxtaşırı onun öldürülməsi ilə bağlı şayiələr gəzir, ancaq bəzi əlamətlərə görə, Əbubəkr əl-Bağdadi hələ də sağdır. Əl-Bağdadi gah Afrikaya gedir (İŞİD-in yerli filialının qüvvə topladığı Çada), gah da Əfqanıstana (İŞİD layihəsi burada Nanqarxar bölgəsinin və Pakistanın bəzi rayonlarının sərhədlərini keçməyib) gedir. 

Düzünü desəm, əl-Bağdadinin başqa adla İraqın hansısa şəhərində sakit yaşadığı məlum olsa, təəccüblənmərəm. “Təhlükəsizlik xidməti” tərəfindən hazırlanan konspirasiya sistemi həmişə üstün olub, hesab edirəm ki, sistem İŞİD liderinin sağ olmasına imkan verir. İŞİD-in kəşfiyyat və təhlükəsizlik xidmətinin agentləri Suriya və İraqın bir çox şəhərlərində fəaliyyət göstərir, bu da “gizli xilafət”in mövcud olması üçün vacib elementlərdəndir”, - ekspert qeyd edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri