Mar
2019
15:18
150
28
9202
Virtual karabakh

Timur Vaynşteynin 45 yaşı tamam oldu

1 Mar, 2019
15:18
9202

Timur Vaynşteynin 45 yaşı tamam oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tanınmış keçmiş “KVN”çi, “Parni İz Baku” ŞHK (Şən və Hacırcavablar Klubu) komandasının üzvü, ŞHK-nın Yüksək Liqasının çempionu, “VayT Media” teleşirkətinin təsisçisi Timur Vaynşteynin 45 yaşı tamam olur.

Oxu.Az xəbər verir ki, Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub.

1996-cı ildə həkim-psixiatr ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetinin məzunu olub. Ancaq ixtisası üzrə bir neçə il işlədikdən sonra fəaliyyət sahəsini tamamilə dəyişib. Televiziyaya keçərək, Rusiya Televiziya İşçiləri İnstitutunda Televiziya proqramları rejissoru ixtisası üzrə ikinci ali təhsilini alıb.

Televiziya sahəsində öz karyerasına VİD telekanalında qədəm qoyub, sıravi müxbirdən “Dobrıy Veçer” və “Tema” proqramlarının rəhbərinə kimi yüksəlib. Daha sonra özünün “Ças Pik” adlı şousunu yaradıb. Həmçinin, tanınmış “İşu Tebya” (Səni axtarıram) telelayihəsinin müəllifidir. Televiziya sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Vaynşteyn teleşirkətin ən yaxşı redaktoru adını qazanıb.

Timur, eyni zamanda, teleproqramların, tammetrajlı kino və serialların istehsalı üzrə ixtisaslaşmış “VayT Media” şirkətinin təsisçisi və baş prodüseridir.

2010-cu ilin payızında “VayT Media” beş - Polşa, Çexiya, Slovakiya, Ukrayna və Belarus telekanalı üçün “Wipe Out Cup” uyğunlaşdırılmış versiyasını ərsəyə gətirməklə, Rusiyanın Mərkəzi və Şərqi Avropa üçün bir sıra layihələr istehsal edən ilk prodakşn şirkətinə çevrilib. Elə həmin il “VayT Media” telekontent istehsalı üzrə dünya lideri olan “Endemol” şirkəti ilə strateji tərəfdaşlıq haqqında müqavilə bağlayıb.

2013-2016-cı illərdə Timur Vaynşteyn “STS Media” direktorlar şurasının üzvü olub.

2014-cü ilin dekabr ayının ortalarında dünya telesənayesinin iki nəhəngi - “Endemol” və “Shine Group” şirkətləri birləşib. Beləcə, “VayT Media” şirkəti daha bir iri televiziya istehsalçısı olan “Shine Group” şirkətinin beynəlxalq hitlərindən ibarət kitabxananın eksklüziv sahibinə çevrilib.

2015-ci ilin dekabr ayında Timur Vaynşteyn öz karyerasında növbəti uğura imza atıb: Rusiyanın ən iri teleşirkəti olan NTV telekanalında baş prodüser postuna təyin olunub. NTV baş prodüseri olaraq, teleşirkətin qeyri-siyasi layihələrinə nəzarət edib. Vaynşteynin vəzifədə olduğu müddətdə “Saltıkov-Şedrin Şou”, “Zvonok”, “Odnajdı...”, “Oxota”, “Kinoşou”, “Tı Super”, “Tı Super! Tansı”, “Breyn–rinq” və digər verilişlər efirə gedib.

Azərbaycanda isə Timur daha çox “Parni İz Baku” Şən və Hazırcavablar komandasının üzvü və bədii rəhbəri kimi tanınır.

Komandanın tərkibində KVN (ŞHK) Yüksək Liqasının çempionu, 1995-ci il Yay Kubokunun mükafatçısı olub. 2000-ci ildə “Parni İz Baku” Timur Vaynşteynin bədii rəhbərliyi altında “KVN-nin XX əsr ən yaxşı komandaları turnirinin” qalibi olub.

Bu gün Timurun “Parni iz Baku”dan olan komanda yoldaşları onu xoş gün münasibətilə səmimi qəlbdən təbrik edirlər. Onlardan biri, Bəhram Bağırzadə olduqca təsirli status yazaraq, dostunu özünəməxsus şəkildə təbrik edib.

“Bu gün mənim üçün bayramdır, çünki dostum və qardaşım Timur Vaynşteyn baharın ilk günündə ad gününü qeyd edir!

Lokomotiv, novator, pioner, ... O, Kolumbun dövründə yaşasaydı, Amerikanı məhz o kəşf edərdi. Timur Vaynşteyn elə kişilərdəndir ki, bütün çətinliklərə rəğmən, yalnız qabağa gedir. Bütün keçmiş SSRİ məkanında onun qədər peşəkar və yüksək səviyyəyə malik insan tanımıram! Tima hər şeyə öz əməyi, ağlı və məqsədyönlülüyü hesabına nail olub, başqa cür o, Rusiyanın ən böyük telekanallarından biri – NTV-nin baş prodüseri ola bilməzdi.

Onun Azərbaycan barədə yaxşı süjetlər hazırlaması, bizim filmlərin nümayişini təşkil etməsi, tanınmış azərbaycanlı artist və müğənniləri dəvət etməsi mənə və bütün azərbaycanlılara çox xoş təsir bağışlayır. Timur layiq olduğu yerdədir və bu yeri özü qazanıb.

Qoy, məndən inciməsin, Lyona əmini - atasının xətrini ondan da çox istəyirəm. Leonid Vaynşteyn KVN-nin gözəl azərbaycanlı bəstəkarı, musiqiçisi və oyunçusudur. O əsl bakılıdır, Azərbaycan dilində səlis danışır, üstəlik, ədəbi dildə. Onun nitqi, musiqi kimi incə nüanslar və əlvan çalarlarla çiçəklənib, buna isə təkcə bu dildə danışan yox, onu hiss edən, yaşayan insan sahib ola bilər. Üstəlik, onun “Parni İz Baku”dan da məzəli zarafatları var idi, bunu sizə bir təcrübəli “KVN”çi olaraq deyirəm.

Komanda üçün Timurun anası – Bəyaz xala da böyük töhfələr verir. O, tez-tez bizimlə oyunlara gedirdi, bizi qayğı və diqqəti ilə əhatə edirdi. Evdən kənarda bizim ikinci anamız olurdu. Buna, həqiqətən, ehtiyacımız var idi. Tima sənin gözəl ailənə sülh və əmin-amanlıq arzu edirəm. Və əlbəttə ki, sənə, sənin anana, həyat yoldaşına və övladlarına möhkəm can sağlığı arzulayıram. Arzu edirəm, hər zaman sakit şəkildə öz bədii layihələrinlə məşğul olasan, milyonlarla tamaşaçının bəyəndiyi filmlər çəkəsən.

Zirvələri fəth etmiş insana axı nə arzu etmək olar? Yeni zirvələri fəth etməyi! Dayanmaq-durmaq nədir, bilməyəsən, Tima! Yaşından asılı olmayaraq, sən hər zaman mənim üçün böyüklük həyatına birgə şəkildə ilk addımları atdığım, səhnədə çiyin-çiyinə durduğum və qalib gəlməyi öyrəndiyim Bakılı oğlan olaraq qalacaqsan. Səni təbrik edirəm, Tima!”

Oxu.Az kollektivi Timur Vaynşteynə fəaliyyətində və yaradıcılığında uğurlar arzu edir!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri