Apr
2019
11:32
124
33
8284
Virtual karabakh

Gəray Gəraybəyli: Tələbələrin şikayəti ilə üç müəllimi işdən çıxardıq - MÜSAHİBƏ

1 Apr, 2019
11:32
8284

Gəray Gəraybəyli: Tələbələrin şikayəti ilə üç müəllimi işdən çıxardıq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın suallarını Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli cavablandırır:

– Gəray müəllim, 2016-cı ildən Azərbaycan Tibb Universitetində rektor vəzifəsində çalışırsınız. Bu müddətdə hansı yeniliklər olub?

– Bizim islahatların əsas istiqaməti tədrisin keyfiyyətinin artırılması ilə bağlıdır. ATU böyük tarixə malikdir. Ölkəmiz üçün həkim hazırlanmasında müstəsna rol oynayır. Artıq ölkə səhiyyəsində, tibb elmində böyük inkişaf var. 

Ümumiyyətlə, tibb elmi elə sahədir ki, burada daim yeniləməyə ehtiyac duyulur. Rektor təyin olunan zamandan əsas hədəfim tədris proqramlarının, tələbələrin qiymətləndirmə və tədrisin keyfiyyətinin artırılması istiqamətində işlər görmək olub. Biz ilk növbədə xarici tibb fakültələri ilə sıx əməkdaşlıq etmişik. 


Dünyada bütün tələbələr Baloniya sistemi ilə təhsil alır. Biz çalışırıq ki, gələcəkdə tələbələrimiz başqa ölkə universitetlərinə transfer olunmaq istədikdə çətinliklə qarşılaşmasınlar, ikili diplom proqramlarının yaranmasına kömək göstərək. 

Artıq üç ildir ki, imtahanlarda açıq tipli suallar olur. Yay istehsalat praktikası artıq semestr ərzində keçirilir. Çünki yay ərzindəki istehsalat praktikasına tələbə ciddi yanaşmır və nəzarət zəif olur. Bu ildən etibarən bizim aralıq qiymətləndirmə prosesi qüvvəyə mindi. Bu, tələbələrin qiymətləndirməsinin şəffaf olmasında böyük rol oynayır. 

– Tədrisin keyfiyyəti ilə bağlı tez-tez monitorinq aparılırmı? 

– Tədrisin keyfiyyətinin yaxşılaşdırılmasında müəllim böyük rol oynayır. Onun üçün biz cari tədris ilinin əvvəlindən artıq bal reytinqi attestasiyasını həyata keçiririk. Hər hansı bir müəllim beş illik seçkidən əvvəl bal-reytinq qiymətləndirilməsindən keçməlidir. O, bal yığmamış müsabiqəyə buraxılmır. 

Bal-reytinq attestasiyasında 10 sual tələbəyə aid olur.

Məsələn, “Müəllim proqramı necə mənimsəyib?”, “Tələbəyə necə çatdıra bilib?” tipli suallar verilir. Tələbədən hansısa müəllimin necə dərs keçdiyini soruşsaq, təbii ki, “yaxşı” deyəcək. Amma o müəllimin pedaqoji fəaliyyətini bu cür qiymətləndirdikdə məlum olur ki,  bəzi müəllimlər öz üzərində işləməlidir. 

Aparılan islahatlar nəticəsində ATU-ya qəbul olan əcnəbi tələbələrin sayı əvvəlki illərə nisbətən dörd dəfə artıb. Bu il birinci kursda 670 azərbaycanlı tələbə oxuyursa, 602 nəfər də əcnəbi tələbə var. Bu da müəllimlərin xarici dili mükəmməl bilməsinə zərurət yaradır. 

Bu il ingilis dili bilən müəllimlərin attestasiyasını apardıq. Attestasiyadan uğurla keçən 45 müəllimin məvacibinin artırılmasını nəzərdə tuturuq. 

– Məlumdur ki, Azərbaycandakı universitetlərdə praktik vərdişlər zəifdir. Təbii ki, ATU-da da bu kimi hallar qaçılmazdır. 

– Razıyam. Azərbaycanda Tibb Universitetində oxuyan tələbələrin nəzəri bilikləri yüksəkdir, amma praktiki vərdişlər zəifdir. Bu istiqamətdə də müəyyən islahatlara başlamışıq. 

Artıq üç ildir ki, buraxılış imtahanında tələbələr iki mərhələdən keçir. Cərrahiyyə, ginekologiya, terapiya, bu ildən isə pediatriya sahəsində praktiki tapşırıqlar yerinə yetirilir. Daha sonra tələbə nəzəri imtahana buraxılır. Bu ildən rezidentlərin də praktik vərdişlərini yoxlamaq üçün imtahan aparılacaq. 

– Hansı ölkələrdən daha çox tələbə gəlir?

– 23 ölkədən tələbəmiz var. Türkiyədən, İrandan, Gürcüstandan, İraqdan, Böyük Britaniyadan, Rusiyadan, Çindən və digər ölkədən tələbələr təhsil alırlar. Qonşu ölkələrdən gələnlər daha çoxdur.

– Tibb Universitetinin diplomlarının xaricdə tanınması ilə bağlı problem olurmu?

– Hər bir universitetin inkişafında müəyyən bir məqsəd olur ki, sonda nəyə nail olduğunu görsün. Biz də bu yolda beynəlxalq akkreditasiyaya nail olmaq istəyirik. Bu gün bizim diplomu bir çox ölkə qəbul edir. Məsələn, bizim diplomlar İraqda tanınır. 

Ona görə də oradan gələn tələbələrin sayı çoxalıb. Gələcəkdə bizim tədris üsullarımızın təkmilləşdirilməsi və ikili diplom proqramları istiqamətində addımlar atmaq istəyirik. 

– Tez-tez tibb kitablarının baha olması ilə bağlı məlumatlar yayılır. Belə bir fikir varmı ki, bu kitablar elektron formada hazırlansın və tələbələr istifadə etsin?

– Burada bir neçə məsələ var, o cümlədən, müəllif hüquqları məsələsi. Mən kitabların həddindən artıq baha olmasını ABŞ-ın Cənubi Kaliforniya Universitetində görmüşəm. Orada altı aylıq ezamiyyətdə olanda öz ixtisasıma uyğun bir tibb fakültəsinin kitabxanasında psixiatriya üzrə dərsliklər 500 dollardan baha idi. 

Həmin vaxt təəccüblənmişdim ki, bu cür baha qiymətə kitabmı olar? Elmi kitablar hər zaman bahadır. Biz bu məsələnin həlli üçün addımlar atmağa başlamışıq. Dünyada tanınmış dərslikləri müəllif hüquqlarını qorumaq şərtilə Azərbaycan dilinə tərcümə edək və tələbələrimiz istifadə etsin. 

– Son üç ildə ATU-dan nə qədər tələbə xaric olunub?

– Daha çox xarici tələbələr xaric olunub. Onlar kredit borcları, təhsil haqqını ödəmədikləri və universitetin daxili intizam qaydalarını pozduqları üçün universitetdən xaric olunublar. Azərbaycanlı tələbələrin xaric olunmasının əsas səbəbi Türkiyə, Almaniya və digər universitetlərə transfer olunmalarıdır. 

Kiçik bir qisim tələbə isə kredit borcu və qaydalara görə xaric olunub. Bir tələbə isə bizim şuranın qərarı ilə universitetdən uzaqlaşdırılıb. III kurs tələbəsi olan şəxs I kurs tələbələrinə imtahanın hazır testlərini internet vasitəsilə satırdı. Biz bunu aşkar etdik və o, ATU-dan xaric edildi. 

– Ölkədə psixiatr azdır. Regionlarda isə daha çox loqopedlərə ehtiyac olur. Hər iki sahə üzrə mütəxəssislər yetişdirmək üçün nələr edilməlidir?

– Əvvəllər psixiatriya həmişə təbabətdən, ictimaiyyətdən uzaq bir sahə idi. Son 10 ildə bu sahəyə baxış dəyişib. Artıq psixiatriya açıq, şəffaf bir sahədir. Milli Məclisdə “Psixoloji yardım haqqında” qanun bu istiqaməti genişləndirib. 

İndi insanlar tərəfindən “dəlixana”, “dəli həkimi” və bu tip kimi terminlərin işlədilməsi ləğv olunub. Mən baş psixiatr təyin olunan zaman Ümumdünya psixi sağlamlıq gününə həsr olunmuş reportaj hazırlanmışdı. Küçədə bir neçə nəfərə “psixi sağlamlıq nədir?” deyə sual verdilər. Bir nəfər mikrofonu özündən uzaqlaşdıraraq, “mən dəli deyiləm” deyib qışqırırdı. 

Psixi sağlamlığı dəliliklə əlaqələndirmək düzgün deyil. Bu, inkişaf qüsurlarıdır, ailə münaqişəsi zəminində yaranan problemlərdir. Bu gün bu sahədə xeyli adam işləyir. Bütün dünyada psixiatriyada qapalı müəssisələr ləğv edilir. 

Onların əvəzinə ailəyə, cəmiyyətə yaxın olan yardım ocaqları yaradılır. Bu gün psixiatriyaya gələn rezidentlərin sayı artır. Daha çox qızlardır. Halbuki vaxtilə bu sahəyə qadınlar az maraq göstərirdi. 

– Tələbələrin müəllimlərdən şikayəti varmı? İşində yol verdiyi nöqsana görə işdən çıxarılan müəllimlər olubmu?  

– Bəli, şikayətlər olur. Bəzən müəllimlər mənə irad tuturlar ki, siz rektor kimi fəaliyyətə başlayandan tələbələrə çox sərbəstlik vermisiniz. Düşünürəm ki, bu, düzgün addımdır. Çünki müəllim tələbə üçündür, tələbə müəllim üçün deyil. Müəllimə düzgün qiyməti tələbə verməlidir. Biz tələbədən soruşmalıyıq ki, verilən qiymət sizi qane edirmi? Ən obyektiv qiyməti də tələbə verir. 

İlk dəfə 2016-ci ilin yayında son kurs tələbələri üçün imtahan haqqında rəyləri bilmək üçün anonim qutular qoyduq. Mən bütün yay ayında anonim fikirləri oxudum. Bizim sonrakı islahatda tələbələrin təklifləri öz əksini tapır. Şikayətlər olan kimi ona reaksiya veririk. Onların şikayətləri nəticəsində son üç ildə üç müəllim işindən azad edilib, bir neçəsinə töhmət verilib. 

– Bu da bir faktdır ki, Azərbaycanda tibb sahəsi inkişaf etsə də, problemlər də qalmaqdadır. Həkimlərin səhlənkarlığı ilə bağlı yazılar da yazılır. Bir həkim olaraq reaksiyanız necə olur?

– Təbii ki, inkişaf olan yerdə problemlər də olur. Həmin yazıları görən zaman əhvalım korlanır, pis oluram. Hesab edirəm ki, heç bir sahədə özünə mütəxəssis deyən insan səhlənkar olmamalıdır. Hər bir sahədə olan səhlənkarlıq fəsadlara səbəb olur. 

Həkim fəaliyyəti hamının gözü önündə olduğu üçün bu sahədə olan problem daha tez görünür. Bəlkə də belə lazımdır. Ancaq biz burada iki şeyə diqqət etməliyik: həkim səhvi və səhlənkarlığı. 

Səhlənkarlıq bağışlanan deyil. Dünyanın inkişaf etmiş ölkələrində də həkim səhvi ilə bağlı məlumatlar var. Bundan heç kim sığortalanmayıb. Həkim səhvini bağışlamaq olmasa da, başa düşmək olar. Amma həkim səhlənkarlığını bağışlamaq olmaz. 

Çalışmaq lazımdır ki, səhvlər azaldılsın. Çünki bizdə hər bir səhv bilavasitə insan həyatı ilə bağlıdır. Fikrimcə, hansısa məsələni qabartmaqla, hansısa bir həkimin haqsızlıqla nüfuzdan salınması düzgün deyil.  

– Siz məşhur aktyor Ağasadıq Gəraybəylinin nəvəsisiniz. Ailənizdə, qohumlarınızda kimsə aktyorluq ənənələrini davam etdirirmi? 

– Təəssüf ki, yox. Babam istəyirdi ki, mən aktyor olum, amma mən bu sənətə getmədim. Bibim qızı Tibb Universitetində oxuyurdu. Uşaq vaxtı onların evinə gedən zaman bu sahəyə marağım artırdı. Babam həmişə məni teatra apara-apara deyirdi ki, Gəray mənim davamçım olacaq. Amma alınmadı və mən həkim oldum.

– ATU-nun Tədris Terapevtik Klinikası, Tədris Cərrahiyyə Klinikası və Onkoloji Klinikasında müalicə alanların dediklərinə əsasən, orada qiymətlər də ucuz deyil. Qiymətlərin aşağı olması üçün nəsə etmək mümkündürmü?

– Bildiyiniz kimi, universitetin Tədris Terapevtik və Tədris Cərrahiyyə və Tədris Stomatoloji Klinikaları tam özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir. Bu səbəbdən qiymətlərlə bağlı problem olur. Bu barədə də işlər aparılır.

– Dövlət İmtahan Mərkəzinin açıqladığı rəqəmlərə əsasən, rezidenturaya sənəd verənlər arasında qızlar üstünlük təşkil edir. Gələcəkdə bu, hansı problemlər yarada bilər?

– Statistikanı biz də izləyirik, amma bu, həmin insanların öz seçimidir. Düşünmürəm ki, bu, gələcəkdə hər hansısa bir problem yarada bilər.

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri