İyn
2019
15:00
55
425
7565
Virtual karabakh

Yazıçının ailəsi dağılmalı, çoxlu sevgilisi olmalıdır

6 İyn, 2019
15:00
7565

Yazıçının ailəsi dağılmalı, çoxlu sevgilisi olmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəramət Böyükçöl yazır ...

Azərbaycanda istedadlı bir yazıçı, istedadlı bir şair necə məhv olur? Bu suala cavab olaraq bəlkə də, qalın bir kitab yazmaq olar, ancaq çalışacağam ki, fikrimi minimum sözlə ifadə edim. Məncə, yaradıcı adamları daha çox xırda məişət problemləri məhv edir. Məsələn, Əli Kərimin faciəsinə baxın, o boyda şair içəndə, arvadının qorxusundan evə gəlmirdi. Və yaxud, bu məmləkətdə nə qədər istedadlı şair, yazıçılar olub ki, ən adi problemlərin içində məhv olub gediblər. Çünki onların düşüncəsi, təfəkkürü o qədər böyük şeylərə hesablanıb ki, xırda məsələlərin həllindən başları çıxmır. Onlar vaxtında işə gedə bilmir, işdə problem olur, vaxtında evə gələ bilmir, evdə problem olur. 

Bizdə yazıçıdan o qədər şeylər umurlar ki... O, həm nümunəvi ailə başçısı, qayğıkeş ər, gözəl ata, yaxşı əmi, dayı, kürəkən, həm də vətənini, xalqını sevən, düşmənə nifrət hissi ilə yaşayan bir vətəndaş olmalıdır. Bu cür düşüncə problemləri isə ortaya düşük-düşük atalar sözləri və məsəllər çıxarır: “Filankəs yaxşı yazıçıdır, istedadlıdır, romanı da əladır, amma şəxsiyyəti yoxdur”. Sual verirsən: “Niyə yoxdur?”. Deyir: “Beş dənə arvad alıb boşayıb, alkaşdır, söyüş söyür, xalqı bəyənmir, vətənini sevmir və s.”. Soruşmaq istəyirsən ki, sənə yazıçı lazımdır, yoxsa nümunəvi vətəndaş, nümunəvi ailə başçısı, qayğıkeş ər, gözəl ata, əmi, dayı? 

Yazıçı içməli, çəkməli, səhvlər etməli, ictimai-siyasi proseslərin içinə girib-çıxmalı, bir sözlə, hər şeyin dadına baxmalıdır. Ailəsi dağılmalı, sonra yenidən ailə qurmalıdır. Hətta lazım gəlsə, bir daha dağıtmalıdır. Çoxlu sevgililəri olmalıdır. Yazıçının yolu türmələrdən, məhkəmələrdən keçməlidir. Bizdə adamlar istəyir ki, həm yaxşı ailəsi olsun, həm yaxşı vəzifəsi olsun, deputat olsun, pulu, ev-eşiyi, fəxri adları olsun, həm də yaxşı yazıçı olsun. Belə şey heç yuxuda da mümkün deyil. Elə bilirsiniz canda istedad gəzdirmək asandır? Bu həyatı istedadsız yaşamağa nə var ki... 

Bütün bu kimi dedi-qodu düşüncəsi o deməkdir ki, Azərbaycanda qələm adamının yetişməsi, kamillik mərhələsinə çatması üçün şərait yoxdur. Senzuranı xalq özü qoyur. Çünki bu cəmiyyət yazıçı görməyib. Yaradıcı insan necə olur? Bizim cəmiyyət bunu bilmir. Bu adamlar Mikayıl Müşfiqi şeirlərinə görə yox, nakam ölümünə görə sevir. Xəlil Rzanı şair kimi yox, şəhid atası kimi sevirlər. Hüseyn Cavidi sürgün olduğuna görə sevir, onu filosof, ideya adamı kimi tanımırlar. Eləcə də Bəxtiyar Vahabzadəni, Əhməd Cavadı, Almas İldırımı və s. təyinatı üzrə sevmirlər. 

Ümumiyyətlə, Azərbaycan xalqı yazıçını heykəl kimi xoşlayır. Sağlığında isə onu elə şeylərin əlində aciz qoyur ki, çox istedadlı bir adam sonucda hamının gözündə avara, alkaş kimi görünür. Məsələn, qələm adamının pulu, imkanı yoxdur və məcbur olub hansısa bir əclafa ağız açır. Sabah isə o hadisə, detal onun başına qaxınc olur: “O dəfə məndən pul istəyən adam deyildin?”. Yazıçı özü öz gözündən düşür. Xalq öz şairinin, yazıçısının arxasında dayanmır, yəni kitabını alıb oxumur. 

Əminliklə deyirəm, yazıçısının arxasında dayanan bircə hakimiyyətdir. O da ki... Və bəzən yazıçını hökuməti müdafiə etdiyinə görə qınayırlar. Mən isə düşünürəm: niyə müdafiə etməsin ki? Bu gün Azərbaycan yazıçısını, şairini hökumət dolandırmırmı? Ev verir, təqaüd verir, media holdinqlərdə iş verir. Bəs ömründə bir kitab arası açmayan xalq yazıçının nəyindən narazıdır? Yoxsa yazıçını xalq dolandırır? Cəmiyyət hansı haqla ömründə bir kitabını alıb oxumadığı yazıçıdan, şairdən ədalətli vətəndaş mövqeyi, ictimai-siyasi hadisələrə vicdanlı münasibət gözləyir?

Yadıma gəlir, iki il əvvəl Rasim Balayevdən bir müsahibə almışdım. Müsahibədə Prezidentə təşəkkür edib demişdi ki, sağ olsun, onun hər ay verdiyi 1300 manat təqaüd mənim şəxsiyyətimi qoruyur. Xeyli təəccüblə soruşdum ki, necə yəni, anlamadım. Rasim müəllim qayıtdı ki, bala, hələ uşaqsan, bilmirsən, o 1300 manat olmasa, mən dolanışıq üçün o qədər itə-qurda ağız açaram, hər dəfə də içimdən bir tel qırılar, dözmərəm, küçənin ortasında ürəyim partlayar. 

Əslində, yazıçı nə ilə dolanmalıdır? Deyim. Kitabı çıxmalı, kitab satılmalı, insanlar heç olmasa, 20 min tirajla o kitabı almalıdır. Yazıçı həmin pulla alkaşlıq edər, nəşə çəkər, öz işidir. Əsas odur ki, pulu kitabının satışı ilə qazanır. Kitab yazır, bilir ki, pulu qurtarandan sonra birini də yazacaq, satılacaq. Beləcə yazıçı daxilən azad, rahat olur, müti olmur, heç kimə yaltaqlanmır. Çünki bilir ki, qazancı öz qələmindən çıxır, xalq da onu oxuyur. Amma bizdə kitab satmaq, kitab oxumaq mədəniyyəti yoxdur. Yazıçı isə görəndə ki, kitabı satılmır, neyləməlidir? Yaltaqlanmalıdır, alçalmalıdır, əzilməlidir, sınmalıdır...

Bu gün Azərbaycanın ən istedadlı yazıçıları jurnalist kimi fəaliyyət göstərir, özlərindən qat-qat savadsız, qabiliyyətsiz adamlardan müsahibə alır, qonorar xətrinə köşələr yazırlar. Halbuki, bu enerjini, bədii gücü toplayıb yaxşı əsərlər yazmaq mümkündür. Bu əsər həm sənin yaradıcılığın olar, xalqına, ölkənə ədəbiyyat yaradarsan, həm də pul qazanarsan, dolanarsan. Axı jurnalistika fəaliyyəti, aldığın müsahibələr sənin əsərin deyil, bunları qonorar üçün edirsən. Azərbaycan yazıçısı qələmi çörək ağacı kimi minib çapmaqla məşğuldur. İnanın, artıq o qədər robotlaşıblar, təfəkkürləri o qədər kapitallaşıb ki, pulsuz bir status da yazmaq istəmirlər. 

Məsələn, mənim 30 yaşım var. Bu günə qədər üç roman yazmışam. Neçə illərdir mediada yazılarım gedir. Deməli, yaza bilirəm... Yoxsa hələ istedadımı sübut etməmişəm? Amma mənim həyatımda bir yazıçı kimi maddi rahatlıq yoxdur. Və məni yazmağa qoymayan yeganə şey maddiyyatdır. Köşələrimlə, götürdüyüm müsahibələrlə pul qazana bilirəm, amma yazıçı kimi ölürəm. Azərbaycan xalqı məni yazıçı kimi itirir, əvəzində isə bir müddətdən sonra unudulub gedən köşə, jurnalist müsahibələrinin qəhrəmanı kimi qazanır. 

Mənim yaxşı bir roman yazmağım üçün ən azı 10 min manat pul lazımdır. Amma kimsə mənə pul verib, sonra nəyisə diqtə edəcəksə ki, filan şeyi filan elə, o pul mənə lazım deyil. Hansısa bir imkanlı adam mənə desə ki, al bu qədər pul, buralarda avaralanma, müsahibə almaqla, köşə yazmaqla özünü öldürmə, şələ-şüləni də yığ və get romanını yaz... O pulun müəyyən hissəsini ailəmə verərəm ki, dolansın. Qalanına da bahalı içkilər alaram və yazmağa başlayaram. Yenə deyirəm: o pulu mənə qarşılıqsız versinlər. Əgər aldığın o pula görə əxlaqını, mənəviyyatını kirlədəcəksənsə, bəs romanı hansı içlə, hansı ürəklə yazacaqsan?

Kimsə deyə bilər ki, dünyanın heç yerində heç imkanlı adamlar yazıçıya pul verib demir ki, gedib roman yazsın. Nəşriyyatlar sifariş verir, qonorar ödəyir, yazıçı da yazır... Doğrudur, elədir. Amma bura Azərbaycandır, burada hər şey olar, gözümüzün qabağında əlli iki min hoqqadan çıxırlar. Guya burada baş verən hadisələr dünyanın harasında olur ki? Mən bir romana görə 10 min pul istəyəndə isə deyirsiniz ki, dünyanın heç bir yerində belə şey yoxdur. Burada hər şey baş verə bilir, bir yazıçıya 10 min verə bilmirlər ki, get romanını yaz? İkincisi, lap tutaq ki, mən pulu nəşriyyatdan gözləyirəm. Amma naşirlər verirmi? Kitab satılırmı? Yox! Mən də məcbur olub bunu hansısa məmurdan, hansısa biznesmendən gözləyirəm ki, bir gecəyə xərclədiyin puldur, ver gedim xalqımız üçün ədəbiyyat yaradım... Verməzlər, bilirəm. Çünki mən Damla deyiləm, Şəbnəm Tovuzlu, Afət Fərmanqızı, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə deyiləm, mən Əli Kəriməm, Mikayıl Müşfiqəm. Mən gələcəyin adamıyam. Bəs görəsən, bu insanlar hansı üzlə mənə heykəl qoyacaqlar?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri