15 
İyn
2019
15:54
175
32
5638
Virtual karabakh

Bu “dağ” eradan əvvəldən yanır, görən hər kəs təəccüblənir - REPORTAJ

15 İyn, 2019
15:54
5638

Bu “dağ” eradan əvvəldən yanır, görən hər kəs təəccüblənir - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə il əvvəl təsadüfən Məhəmmədi kəndinə yolum düşdü. Kəndin girişində bir yazı diqqətimi çəkdi: “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu. Əslində, bu ərazidə qoruq adını ala biləcək nəyinsə olacağına təəccüblənmişdim. Kəskin üfunət iyi, təmirsiz yollar bu düşüncələrimi daha da qüvvətləndirmişdi. 

Bir neçə gün öncə qoruğun açılışı ilə bağlı məlumat yayıldı. Tədbirdə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva da iştirak etdi. 

Həmin günü xatırladım və yenidən bu əraziyə baş çəkmək qərarına gəldim. Təmirli yollarla bir neçə dəqiqə getdikdən sonra ünvana çatdıq. İlk anlardan fikrim tamamilə dəyişdi. Möhtəşəm tikili, təmiz hava və gözəl mənzərə, eyni zamanda, avtomobillər üçün yaradılmış park buna səbəb oldu. 

Avtomobildən düşdükdən sonra qoruğun girişindəki kiçik maket gözümdən yayınmadı. Əslində, bu, tək mənim yox, qoruğa gələn turistlərin də diqqətini çəkmişdi.

Biletlərin qiyməti ilə maraqlanırıq. Hazırda “Yanardağ”ı ziyarət etmək üçün bir nəfər yerli və xarici vətəndaş iki manat (bələdçi ilə beş manat), tələbə bir manat (bələdçi ilə üç manat), məktəbli 20 qəpik (bələdçi ilə bir manat) ödəməlidir.

Avqustun 1-dən etibarən giriş qiymətlərində artım müşahidə ediləcək. Belə ki, avqustun 1-dən etibarən giriş yerli sakinlər üçün iki, turistlər üçün isə doqquz manat, tələbələr üçün bilet bir manat, məktəblilər üçün isə pulsuz olacaq. Əgər bələdçi ilə gəzmək istəsəniz, Azərbaycan dilində turun 30 dəqiqəsi üç manat, digər dillərdə isə altı manat müəyyən edilib. 

Ümumi sahəsi 64,55 hektar olan qoruqda turistlərin sayı da kifayət qədər çox idi. Ərazidə olan zaman onlarla turistin bura gəldiyinin şahidi olduq. Qoruqdan bildirdilər ki, gün ərzində buranı 500-700 turist ziyarət edir. 

Qoruqda ziyarətçilər üçün restoran və muzey fəaliyyət göstərir. Muzeydə ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələri nümayiş etdirilir. Bununla yanaşı, muzeydə məşhur azərbaycanlı rəssam Hüseyn Haqverdiyevin “Unudulmuş əcdadların kölgələri” adlı əsəri də yer alır.

Buradakı divardan birinin boş olması diqqətimi çəkdi. Bələdçi xanım divara yaxınlaşmağımızı məsləhət gördü. Divara yaxınlaşdıqda burada özümün odla təsvirimin əks olunduğunu gördüm. 

Restoranda isə bir çaydan çayın qiyməti 3 manat 40 qəpik, yarım litrlik su bir manat, salatlar isə 5-6 manatdır. 

Daha sonra muzey ərazisində fəaliyyət göstərən suvenirlərin satışı üçün nəzərdə tutulmuş hissəyə baş çəkdim. Olduqca gözəl olan əl işlərinin qiymətləri ilə maraqlandım. Yerli sənətkarların hazırladığı əsərlərin qiyməti 5-250 manat arasında dəyişir. Burada 250 manata həsir çanta satılır. Üzərində atəşpərəstliyə aid simvolların əks olunduğu əsərlər və yerli sənətkarlar tərəfindən hazırlanan əl işləri burada qəbul edilir. 

Muzeydə açıq hava konsertləri üçün 500 nəfərlik amfiteatr fəaliyyət göstərir. Burada fiziki məhdudiyyətli şəxslərin alovun ətrafına enməsi üçün xüsusi yol da çəkilib. 

Uşaqlar da unudulmayıb. Burada onlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir. 

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktor fəaliyyətlərini icra edən Ramin Cəfərov bildirib ki, yaxın vaxtlarda qoruqda tibbi məntəqə də fəaliyyətə başlayacaq. 

O bildirib ki, hazırda bilet alıb qoruq ərazisinə daxil olan şəxslər sığortalanır və hər hansı hadisə zamanı yardım edilir. 

Burada olduğum zaman turistlərlə həmsöhbət oldum. Fransadan gələn xanım turist Bakının gözəlliyindən, müasirliyindən danışdı. O, “Yanardağ”a olan heyranlığını gizlətmədi.

Krasnodarlı turist isə buranın tarixi ilə maraqlandığını və əsrlərdir saxlanılan bu qoruğu gördüyünə görə məmnun olduğunu deyib.

Qeyd edək ki, “Yanardağ”ın tarixinin hələ eradan əvvəlki dövrlərdən başladığı təsdiq edən mənbələr var. Aparılan araşdırmalar da bu faktı təsdiq edir. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da “Yanardağ”ın mövcudluğuna istinadən qəbul edilib. 

Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlət başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi.

Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.

“Yanardağ” abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.

Samir İsayev 
FOTO: Ramil Zeynalov
VİDEO: Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri