30 
İyn
2019
21:00
182
94
13664
Virtual karabakh

İlk görüşdə qardaşa yaxalanan cütlüklə müsahibə: Corab məsələsi bizi öldürəcək

Əslində bizim hekayəmiz elə ilk dəfə bir-birimizi gördüyümüz andan başladı. Sadəcə, biz bunu bir qədər gec anladıq. Maraqlısı odur ki, “ağ atlı şahzadə”ni adətən qızlar gözləyir, amma bizdə tərsinə oldu. Vüsal məni deyil, mən Vüsalı tapdım. Bir-birimizə o qədər saf hisslərlə yanaşdıq ki, bu, bir çox çətinlikləri geridə qoymağımıza kömək etdi. Artıq bir ildir evliyik. Bir-birimizi tanıdığımız gündən düz 55 ay keçib. Həyatımda olduğu üçün çox xoşbəxtəm.

Deyirlər ki, sevənlərin, sevginin günü olmaz. Bunu bütün sevənlər təsdiq edər. Elə bugünkü müsahiblərimiz kimi.

Oxu.Az 30 iyun - Milli Sevgililər Günü münasibətilə bütün sevənləri təbrik edir, bu günə özəl olaraq isə Könül və Vüsal Orucovların sevgi hekayəsini təqdim edir. Könül jurnalist, Vüsal isə proqramçı kimi çalışır.

Könül deyir ki, hər şey tələbəlik illərindən başlayıb. Kirayə ev axtarışında olarkən tale onu bir gün gəlin köçəcəyi evin qapısına gətirib:

“Qardaşım, bacım və mən tələbəlik vaxtı “28 May” metrostansiyası yaxınlığında kirayə evdə qalırdıq. Həmişə deyinirdim ki, bura yaxşı yer deyil, başqa ev tapaq və s. Ümumiyyətlə, mən bu hadisələrdən sonra qismətə çox inanıram. Deyinib-deyinib, nəhayət, qardaşımı razı saldım ki, evi dəyişək. Bir tanış qız var idi, ona dedim ki, kirayə ev axtarırıq, münasib bir ev bilsə, mənə xəbər etsin.

Bir neçə aydan sonra elə yoldaşımın qaldığı evlə eyni həyəti olan bir ev tapdıq. Qardaşım əşyalarımızı gətirib evə yığdı. Sonra biz rayona, valideynlərimizin yanına getdik. Bu, 2014-cü ilin mart ayında olub. Daha sonra valideynlərimizlə birlikdə həmin evə gəldik. Elə o gün ilk dəfə yoldaşımı gördüm. Bir anlıq diqqətimi çəkdi. Sən demə, o da eyni hissləri keçirib. Sadəcə, mən bunu çox sonra bilmişəm”.

Vüsal deyir ki, uzaqdan-uzağa Könülə baxsa da, cəsarətini toplayıb yaxınlaşması bir qədər uzun çəkib:

“Könülü bizim həyətə köçəndə gördüm. Çox xoşum gəldi. Amma nə yalan deyim, bir qədər utancağam. Gözlərim Könülə tərəf baxanda, dərhal özümü yığışdırırdım ki, ətrafdakılar hiss etməsin. Əsas da qardaşı. Bir müddət beləcə uzaqdan izlədim. Sonra öz-özümə dedim ki, Vüsal, tərpən, danışmağa cəhd elə. Baxışlarından hiss edirdim ki, o da mənə qarşı az da olsa, nəsə hiss edir. Amma yenə də risk etmirdim ki, eyni məhəllədə qalırıq, birdən istəməz, sonra yaxşı olmaz və s.

Bir gün Könül həyətdə imtahana hazırlaşırdı. Pəncərədən baxırdım, amma yaxşı görə bilmirdim. İnanırsınız, evin içində hamam ola-ola, mən, yalan olmasın, boş-boşuna 10-15 dəfə həyətdəki hamama gedib-gəldim ki, onu yaxşı görə bilim. Bir neçə dəqiqə sonra evə getdim. Nəsə yazıb ona vermək istədim, baxdım ki, kağız-qələm yoxdur. Cibimdə kibrit qutusu vardı. Kibritin başı ilə balaca bir vərəqə nömrəmi, altına da “mənə yaz” sözlərini yazdım. Sonra bu vərəqi qəsdən yerə atdım ki, Könül görsün və götürsün. Evə gedib pəncərədən gizli-gizli baxırdım ki, götürüb-götürmədiyindən əmin olum. Könül də sağ olsun, ürəyimi üzdü, o qədər gec götürdü ki, dedim, indi külək vurub aparacaq. Nəhayət, götürdü və ilk söhbətimiz onun bir “salam” yazması ilə başladı. Nə yaxşı ki, o salam yazıldı”.

“İlk görüşdə qardaşım bizi gördü, amma…”

Könül və Vüsal bildirir ki, onların ilk dəfə görüşdüyü gün daxil olmaqla, hər görüşlərində yağış yağıb. Könül deyir ki, nə vaxt gizli iş tutsa, həmişə üstü açılıb, elə ilk görüşdə də belə olub:

“İlk görüşümüz noyabrın 20-si oldu. Elə bil bizim acığımıza yağış yağırdı. Vüsal ilə görüşdük, danışdıq. Vüsal məni təxminən 40 dəqiqə universitetin qarşısında gözlədi. Bir il boyunca biz hər görüşəndə yağış yağdı. Bir gün isə “əsl bomba” partladı. Eyni məhəllədə qaldığımız üçün məcburən birlikdə gəldik. Düzdür, əl-ələ tutmamışdıq, amma avtobusda kənardan baxan hiss edərdi ki, biz birlikdəyik. Bizdən bir neçə dayanacaq sonra qardaşım da eyni avtobusa mindi. Vüsal mənə, mən də Vüsala baxanda, sən demə, qardaşım da kənardan bizə baxırmış” (gülür).

Vüsal Könülün sözlərini belə tamamlayır: deyir ki, o an səssiz-səmirsiz salam verib və avtobusdan düşüb:

“Birdən sola çevrildim, gördüm, Könülün qardaşı bizə baxır. Elə bir vəziyyət idi ki, danışanda gülməyim gəlir. Bir kəlmə “Salam, qardaş” deyib, dayancaqda düşdüm. Düşəndən sonra Könülə yazıb soruşdum ki, problem yoxdur? Cavab gəlmədi. Öz-özümə dedim ki, inşallah, Könülə acıqlanmazlar. Sonradan bilmişəm ki, qardaşı xətrimi çox istədiyindən o qədər də əsəbləşməyib (gülür).

Uzun sözün qısası, qardaşı axşam məni, necə deyərlər, duelə çağırdı. Özümü hazırlamışdım ki, bəs, Vüsal, babat döyüləcəksən, nə badə səsin çıxsın. Oturub danışdıq, vəziyyəti izah etdik. Böyüklər də bir-birini tanıdı, şükür, çox sevdilər. Xeyir-duamızı aldıq. Amma Könül mənə çox sonra dedi ki, sənin yerində başqası olsaydı, bəlkə də o avtobusdan birbaşa xəstəxanaya getmişdi. Qardaşım sənin xətrini çox istədiyi üçün heç nə eləmədi (gülür)”.

Vüsal deyir ki, Könülə düz iki dəfə elçi göndərib. Qız evindən “hə” alana qədər o ki var tər töküb. Daha sonra müxtəlif problemlər səbəbindən bu münasibətin rəsmiləşməsi dörd il uzanıb.

Nəhayət, 2018-ci il iyulun 28-də Vüsal və Könül ailə həyatı qururlar. Gələn ay evliliklərinin bir ilini qeyd edəcək cütlük suallarımıza cavab verərkən, sözün yaxşı mənasında, bir az da bir-birilərinin qiybətini etdi.

- Vüsal sənə romantik evlilik təklifi etdi?

- Əslində, evlilik təklifi heç gözləmədiyim anda gəldi. Həmişə Vüsala deyirdim ki, bu, qeyri-adi şəkildə olmalı, yadda qalmalıdır. Vüsal ad günümdə mənə evlilik təklifi etdi. Şəhərdə restoranların birində qızılgül ləçəkləri ilə dolu bir masa hazırlatdı. Vüsal cəmiyyət içində o qədər utancaq idi ki, içəri girəndə bu masanın bizim olduğu ağlıma belə gəlmədi. Restorana girən kimi digər boş masaya keçirdim ki, ofisiantlar məni güllərlə dolu masaya yönləndirdilər. O qədər çaşqınlıq içində qaldım ki. Həmin gün elə buna görə də yaddaqalan oldu. Məncə, bir insan sənə öz sevgisini elə ötürməlidir ki, onu bütün qəlbinlə duya biləsən. Vüsalın sevgisini mən qəlbimlə duya bilirəm.

- Hansınız daha çox qısqancsınız?

Könül: Mən. Dəhşət qısqancam. Bunu etiraf edirəm. Vüsal isə mənim bu qısqanclığıma dözəcək qədər səbirlidir.

Vüsal: İnanırsınız, məni öz kölgəmə də qısqanır. Amma artıq bir-birimizin xasiyyətinə öyrəşmişik. Qarşılıqlı olaraq bir-birimizin bəyənmədiyi davranışlara yol verməməyə çalışırıq.

- Ev işlərində bir-birinizə kömək edirsinizmi?

Könül: Evi dağıtmasın, köməyə ehtiyac yoxdur (gülür). Həqiqətən Vüsal mənə hər işdə dəstək olur. İşi çox olduğundan yorğun olur. Amma nə qədər yorğun olsa da, corablarını çıxardıb çarpayının böyründən tullamağa gücü qalır (gülür). Bu corab məsələsi bizi öldürəcək.

Vüsal: Coraba qədər yaxşı gəlmişdik. Daha nə deyim?

- Könülün yeməkləri, yoxsa ananın?

- Çox çətin sual verdiniz. Bunu anam da oxuyacaq. Məni uçurumdan atırsınız (gülür). Əslində, Könülün əlinin duzu var, çox yaxşı yeməklər bişirir. Hətta o qədər yaxşı ki, mən subay vaxtı yemədiyim yeməkləri belə, yeməyə başlamışam. Amma nə qədər də olsa, ana yeməyinin dadı ayrı olur.

Könül: Vüsalın bu cəhətini sevirəm. İki ailə arasında körpünü çox yaxşı qurur.

- Gündəlik gəzməyə çıxanda kim kimi daha çox gözləyir?

- Məncə, Könül bu suala cavab verməsin. Çünki elə vaxt olur ki, onu bir saat gözləyirəm. Ən tez yarım saata hazırlaşır. On dəqiqəyə evdən çıxan adamam, amma saatlarla gözləyirəm.

- Hər cütlüyün bir-birinə sevimli, özəl xitabı olur. Bəs siz bir-birinizə necə müraciət edirsiniz?

Könül: Əslində, Vüsal mənə heç vaxt adımla müraciət etmirdi. Həmişə “şirinim” deyirdi. O qədər adımla xitab etməyib ki, evdə böyüklərin, qardaşımın yanında “Könül” deyəndə mənə gülməli gəlir (gülür).

Vüsal: Könül mənə “ürəyim” deyə xitab edir. Nə yalan deyim, xoşuma da gəlir. Bəzən bəylər bu cür müraciətlərdən çəkinir. Amma insanın sevgi ilə dediyi bütün sözlər, müraciətlər gözəldir.

Qəhrəmanlarımız əmindir ki, bu həyatda sevginin qalib gələ bilməyəcəyi bir şey yoxdur. “Sevginin günü yoxdur” deyən Orucovlar üçün Sevgililər Günü bir-birilərinə sevgilərini etiraf etdikləri gündür:

Könül: Bizim üçün Sevgililər Günü o qədər də özəl deyil. Vüsalla mənim sevgililər günümüz tarix olaraq 20 noyabrdır. Ümumiyyətlə, hər gün bir-birimizə sevgimizi, istəklərimizi dilə gətirməklə, bir-birimizə dəstək olmaqla, hörmət etməklə həyatımızı daha da gözəlləşdiririk.

Vüsal: Könülün həyatımda olduğu hər gün, hər dəqiqə dünya mənim üçün sevgi doludur.

- Qısa olaraq sevgiyə necə tərif verərdiz?

Könül: Hər kəs üçün sevgi fərqli anlam daşıyır. Amma bunu hər ikimizin adından deyə bilərəm ki, bizə görə sevgi qarşılıqlı hörmət, təmənnasız qayğı və anlayışdır. Görünüş də önəmlidir. Amma nəzərə almaq lazımdır ki, 10-20 ildən sonra yaşa doluruq, xarici görünüşümüz dəyişir. Həyat yolunda insanları bir-birinə bağlayan məqamlar çox dərin olmalıdır ki, bitib-tükənməsin.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri