22 
İyl
2019
13:37
42
206
6855
Virtual karabakh

Yerevan-Moskva reysində erməni təxribatı: saxtakarlıqlarını göyə qaldırdılar - FOTO

Yerevan-Moskva reysində sərnişinlərə təxribat xarakterli jurnallar paylanılıb. 

Oxu.Az-ın məlumata görə, Ermənistanın “Armenia” şirkəti sözügedən jurnalda ölkəyə turist səfərlərini təşviq edən materiallar dərc edib.

Şirkətin sərnişinlərinə təqdim edilən jurnallarda işğal altındakı torpaqlarımız, eləcə də Şuşa şəhəri Ermənistan ərazisi kimi göstərilir. 

Məqalədə Azərbaycanın Şuşada mövcud olan tarixi məscidləri İslam abidəsi kimi göstərilir, amma Azərbaycana məxsusluğu və tarixi qeyd edilmir.

Jurnalda Şuşadakı Xalça muzeyindən və orada nümayiş edilən “erməni” xalçalarından bəhs edilib və muzeyin tarixi ilə bağlı yanlış informasiyalar dərc edilib.

Məsələ barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Oxu.Az-a açıqlama verib.

Bildirib ki, Azərbaycan və Ermənistan əlaqəsində diplomatik münasibətlər olmadığı üçün Rəsmi Bakı onlara müraciət ünvanlaya bilmir:

“Məlum olduğu kimi, Ermənistan Azərbaycanın tarixi ərazilərinə iddialarla çıxış edir və hazırda ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altındadır.

İşğalçı ölkə eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi və digər sahələrdə məlumatları saxtalaşdıraraq, onların erməniləşdirilməsi və bu şəkildə təşviq edilməsinə cəhdlər edir. Biz bu kimi saxta təbliğat-təşviqat halları ilə mütəmadi olaraq üzləşir və onlarla mübarizə aparırıq”.

Qeyd edək ki, işğal altında olan ərazilərdə ermənilər tarixi Azərbaycan abidələri, maddi mədəniyyət nümunələrini dağıdır, eləcə də saxtalaşdıraraq “erməni abidəsi” kimi təqdim edirlər.

Ermənistan turistlərin diqqətini cəlb etmək üçün işğal altında olan Azərbaycan torpaqlarına mütəmadi olaraq, səfərlər təşkil edir, müxtəlif “tədbirlər” keçirməklə, öz işğalçılıq planlarını ört-basdır etməyə çalışırlar. Onların tərtib etdiyi bu cür təxribat xarakterli addımlar və səfərlər beynəlxalq qanunvericiliyə, eləcə də münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərə ziddir. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri