25 
İyl
2019
12:17
22
73
3147
Virtual karabakh

Yaxşı valideyn

25 İyl, 2019
12:17
3147

Yaxşı valideyn

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Hamı marketinqin əsas olduğunu deyir. Bazarı öyrənmək biznesi qurmaq və inkişaf etdirmək üçün çox vacibdir. Bunun bir hissəsi isə əhali arasında keçirilən sorğulardır. Bu sorğuların cavabına əsaslanaraq hərəkət etmək yanlışdır. Niyə?

Yalnız Azərbaycanda deyil, Şərqdə əhali arasında sorğular reallığı göstərmir və hər bir halda pozitiv nəticə verir. Bu, mental dəyərlərdən irəli gəlir. Tanımadığı adama neqativ fikir bildirməkdən çəkinirlər.

Məsələn, sorğu keçirmək üçün küçəyə çıxıb bazarda olmayan, ölkəmizdə yetişməyən, tanımadıqları hər hansı bir meyvə ölkəyə idxal edilərsə, alacaqlarını soruşsanız, 90 faiz oponent “hə”, 8 faiz “bilmirəm”, 2 faiz isə “xeyr” cavabı verəcək. Bu rəqəmlər təxmini fikirdir. Amma ümumiliklə nəticə belə olacaq. Malı idxal edəndən sonra heç satılmaya bilər. Çünki cavab verərkən, “yox” demək istəmirlər.

Bu, niyə baş verir?

Uşaqlıqdan hamımıza valideynlərimiz yalan danışmağı öyrədir. Kimsə bununla razılaşmayacaq. Onda öz uşaqlığınızı xatırlamağa başlayın.

Bir hadisə olanda böyüklər “baş qoşma”, “boş ver”, “nəyinə lazımdır?!” və buna bənzər məsləhətlər verərək öz fikrini deməkdən yayındırırlar. Yaxud uşaq olarkən nəyisə sındıranda, korlayanda, onların göstərişinə qarşı hərəkət edəndə böyüklər uşağı cəzalandırır. Sözün düzünü deyib, nə olduğunu anlatmağa çalışdıqca, “şapalağın” gücü artır. Yəni həqiqəti soruşur, amma o həqiqət ağrılı olur, ona görə cəza da artır. Amma məcburən yalan danışıb, özünə bəraət axtaranda cəza o qədər güclü olmur. Çünki həqiqət heç kimə lazım deyil - bunu fikirləşirik.

Eyni məsələ məktəbdə baş verir. Müəllimə desəniz ki, “uşaqlarla futbol oynadıq, yoruldum, ona görə ev tapşırığını etməyə həvəsim və gücüm olmadı”, sizi nə gözləyir? Hamımız bilirik.

Böyüyüb gənc olanda, artıq ilk sevgi ilə qarşılaşırıq. Görüşüb kafe, kino və ya parka gedirik. Təsəvvür edin ki, gənc oğlan və ya qız evdə valideynlərinə həqiqəti deyərsə, nə baş verər?

Bir tanış qız mənə danışıb ki, qonşular anasına deyib ki, onu oğlanla parkda görüblər. Ana ataya şikayət edib, ata da şallağı əlinə alaraq bu qızı o qədər döyüb ki, qız gecəliklə əşyalarını götürərək evdən qaçıb. Onda 18 yaşı var idi. Artıq on il keçir, həmin qız həyat yoluna tək davam edərək daha uğurlu olub.

Bu, o demək deyil ki, hər döyülən evdən qaçmalıdır. Bir də hər səhvə görə, heç nə araşdırmadan, dinləmədən, anlamadan uşağı, gənci döymək lazımdır ki, bir də belə etməsin? Bunu əski atalar sözünü (qızını döyməyən dizini döyəcək) prinsip alaraq edirlər. Bu anda isə uşaqlar gərək xatırlatsın ki, onlar da bu yolu keçiblər, valideyn əl qaldıranda nə hisslər keçiriblər. O anda onlar da səhvini anlayıb bunu etməzlər.

Bu yaxınlarda bir televiziya verilişində “yaxşı valideyn kimdir?” sualına cavab vermək üçün dəvət almışdım. Məncə, ən yaxşı valideyn öz uşağına anlayışla yaxınlaşan, ona məsləhət verərək qərarı azad olaraq özünün qəbul etmə imkanı verən şəxslərdir.

Hesab edirəm ki, artıq müasir ölkədə və dövrdə yaşayırıq, artıq tərbiyə üsullarını dəyişməliyik. Axı hamı öz övladlarının xoşbəxt olmasını istəyir. Buna onları döyərək, söyərək, zorakılıq tətbiq edərək nail olmaq mümkün deyil.

O gün bir tanışım danışır ki, “Uşaq vaxtı oxumağı sevirdim və yaxşı səsim var idi. Bir gün oturub şəkil çəkərək, mahnı oxuyurdum. Anam yorğun divanda oturub dincəlirdi. O anda mənə dedi ki, bəsdir oxudun, sənin səsin yoxdur. O gündən bu günə kimi oxumuram. Bu, məndə kompleksə çevrilib. Halbuki, bəlkə də müğənni ola bilərdim”. Valideyn tərəfindən sadə ifadə insanın bütün həyatını dəyişə bilər.

Qayıdaq marketinq və sorğulara. Əksər insanlar uşaqlıqdan bu qaydalarla böyüyərək sonunda iqtisadiyyatın inkşafına da təsir edir.

Mənim baxışım psixologiya tərəfdəndir və çox dərinə getmişəm, yəni problemin mənbəyinə. Demək istədiyim isə odur ki, ölkə iqtisadiyyatının inkişafında problemlərdən biri də ailə tərbiyəsi, təhsilidir. Təhsil alaraq, öz üzərimizdə çalışaraq nəinki həyatımızı uğurlu edə bilərik, hətta ümümilikdə xalqın rifahına da təsir edərik.

Bu işi televiziya, radio və onlayn media üstünə götürməlidir ki, insanlar oxuyaraq, müzakirə edərək dəyişsinlər. Məktəblərdə, valideyn iclasında uşaqların qiymət və oxumağı ilə yanaşı, həm də valideynlərlə iş aparılmalıdır. 18 yaşından sonra isə tam azadlıq verilməlidir.

“Mental genetika” deyilən elm var. İki xəbərim var: pis və yaxşı. Pis olanı insanların öz əcdadlarının (ata, ana, baba, nənə və sairə) yaşayış tərzini və problemlərini təkrar etməsidir. Bu da onun həyatını korlayır. Yaxşı xəbər isə odur ki, bunu dəyişmək mümkündür. Bunun üçün ilk növbədə istək lazımdır, sonra isə mütəxəssislərə müraciət etmək. Əlbəttə ki, xərci var. Amma özünüzə sual verin ki, pul sizin və uşaqlarınızın xoşbəxtliyindən artıqdırmı?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri