24 
Avq
2019
15:04
49
143
3634
Virtual karabakh

Onoda – Hərb və Sülh haqqında yapon nümunəsi

24 Avq, 2019
15:04
3634

Onoda – Hərb və Sülh haqqında yapon nümunəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

"Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir" dedikdə rus çarına, "dünyanı gözəllik xilas edəcək" dedikdə isə xristian peyğəmbərinə xidmət edən Dostoyevski öz dövrünə və cəmiyyətinə baxaraq, müharibənin mənəvi-psixoloji faydasını fantastik ucalıqlara qaldırır, sülhün, hümanizmin insanlığa ziyan verdiyini söyləyirdi.  

"Kiçik məsuliyyətlər kiçik insanlar yaradır" deyən Dostoyevskinin müharibəni vəsf edən publisistik yazılarındakı "yırtıcı" fikirlərə görə, müharibə kiçik insanların boynuna böyük məsuliyyətlər yüklədiyi və onları tarixin yaddaşından silinməyəcək izlər qoymağa məcbur etdiyi üçün əhəmiyyətlidir.

Biz bu yazımızda sıravini qəhrəmana çevirir deyə bu rus yazıçısının müharibə haqqındakı fikirlərini bölüşməyəcəyik, ancaq sülh dövrünün kiçik, müharibə dövrünün böyük adamlarından birinin tarixə çevrilmiş taleyinə işıq tutmaqla kifayətlənəcəyik ki, illərdir müharibə şəraitində yaşadığımız üçün əlimizin altında bizə güc verən nümunələrin sayı artsın.

Müharibənin böyütdüyü kiçik, sülhün kiçiltdiyi bu böyük adamdan yazmaqda məqsədimiz oxucularımızın içindəki böyük amallar üçün hesablanmış o böyük insanlığı bir neçə dəqiqəlik də olsa, oyatmaq, yalnız sülh istəyən təcrübələrin bəzən insanı necə kiçiltdiyini göstərən bir tale ilə onları tanış etməkdir.

Bu adam haqqında özüm də təsadüfən, bütün günü evdə ortalıqda “avaralanmağına” baxmayaraq, heç vaxt oxumadığım kitablardan olan 1984-cü il təvəllüdlü ABŞ yazarı, “New York Times”ın ən çox satılanlarından olan Mark Mensonun günümüzün boş vaxtları ilə deyil, iş vaxtları ilə öyünən modern kölələri üçün yazdığı və onlara avtobus dayanacaqlarında, metro eskalatorlarında, pullu tualetlərdə, bir sözlə, ağla gələn və insanın mütləq özünü xoşbəxt hiss etməsinə heç bir ehtiyac olmayan hər yerdə xoşbəxt olmağın yollarını göstərdiyi bir kitabında oxudum. Və öz-özümə dedim: bizim oxucular da bu cür insanları tanısalar, pis olmaz, həm də bəlkə, hərdən necə ucuz, mənasız dəyərlərə görə əzab çəkdiklərini, bədbinliyə qapıldıqlarını, hətta intihar etmək istədiklərini gözdən keçirirlər.    

İkinci Dünya Müharibəsi, Asiya cəbhəsi. 1944-cü ildə yapon ordusunun kiçik leytenantı Hiroo Onoda imperatorun adından belə bir əmr aldı: Filippindəki Lubanq adasına gedin və nəyin bahasına olursa-olsun, ABŞ əsgərlərinə təslim olmayın! Bu, hərb dilində ölümə göndərilmək demək idi.

1945-ci ilin fevralında ABŞ əsgərləri Lubanq adasına çıxdılar və qeyri-bərabər döyüşdə yapon əsgərlərinin çoxu öldü, sağ qalanları əsir düşdü, yalnız leytenant Onoda və üç əsgər adanın meşələrində gizləndilər. Və ABŞ əsgərlərinə, onlara yardım edən ada əhalisinə qarşı partizan müharibəsinə başladılar. 

Həmin ilin avqust ayı ABŞ ordusu Hirosima və Naqasakiyə atom bombası atdı, Yapon imperatorluğu təslim olduğunu elan etdi. Yapon ordusu tərk-silah və ləvğ edildi. ABŞ Yaponiyanı modern bir ölkə olmağa məcbur etdi. Yalnız Lubanq adasının meşələrində gizlənən Onoda və üç dostu ABŞ-a təslim olmadılar.

İkinci Dünya Müharibəsi yalnız Lubanq adasında başa çatmadı. Leytenat Onoda və tabeliyindəki üç adam tez-tez meşədən çıxıb ada əhalisini və adada xidmət aparan ABŞ əsgərlərini öldürməyə davam edirdilər. Onları tapmaq, əsir almaq, öldürmək mümkün deyildi. Üç dövlət - ABŞ, Yaponiya və Filippin hökumətləri birlikdə axtarışlar aparır, ancaq Onodanı tapmaq əvəzinə, özləri itkilərlə üzləşirdilər.

Nəhayət, elan yazıb təyyarədən meşəyə səpdilər ki, təslim olun, müharibə başa çatıb! Ancaq leytenant Onoda bu elanları ABŞ ordusunun hiyləsi hesab etdiyi üçün təslim olmadı. Onodanın üç dostu ayrı-ayrı hücumlar zamanı ölü olaraq ələ keçirildi. Onoda tək qaldı, ancaq təslim olmadı.

İkinci Dünya Müharibəsində döyüşən cəmi iki tərəf qalmışdı: ABŞ və Onoda. Axırda bu cəsur yapon əsgəri ilə bacara bilməyən ABŞ dövləti yapon imperatorundan xahiş etdi ki, Onodaya öz adından bir məktub yazıb müharibənin başa çatdığını, təslim olarsa, kimsənin onunla işinin olmayacağını başa salsın. Onoda havadan meşəyə atılan imperatorun öz imzası ilə yazdığı məktuba da məhəl qoymadı, hiylə olduğunu zənn etdi, ABŞ-la müharibəni sonuna qədər davam etdirməkdə israrını təzələdi.

Müharibənin başa çatmasından iyirmi yeddi il keçdi. Bütün yapon mediası hələ də Lubanq adasında ABŞ-la təkbaşına döyüşən yapon zabitindən yazırdı. O, artıq bir mif, bir kabus, bir əcinnə kimi təsvir olunurdu özü haqqındakı yazılarda. Çünki üç ölkənin kəşfiyyatı Lubanq meşələrində onu axtarsa da, heç kim izinə düşə bilmirdi. O, təslim olmağın nə demək olduğunu bilməyən bir yapon samurayının xəyalı idi. Əcdadlarının samuray ruhu onu qoruyur, düşmən üzərində qələbəyə ruhlandırırdı. 

Artıq dünyada başqa müharibələr baş vermiş, başqa ölkələr işğal edilmiş, sərhədlər yerini dəyişmiş, başqa insanlar öldürülmüşdü. Hətta İkinci Dünya Müharibəsindən sonra başlayan başqa müharibələrin bir çoxu artıq sona çatmışdı. Onoda isə İkinci Dünya Müharibəsində idi, Lubanq adasında Yaponiyanın qüruru uğrunda döyüşürdü.

Günlərin bir günü macəra həvəskarı olan Norio Suzuki adlı gənc yapon Onodanı axtarmağı qərara aldı və Lubanq meşələrinə yollandı. Üç dövlətin hərbi kəşfiyyat orqanlarının iyirmi yeddi ildir axtardığı və tapa bilmədiyi bu sonuncu yapon əsgərini Suzuki cəmi dörd gündən sonra tapdı.

Suzuki ona otuz ilə yaxındır İkinci Dünya Müharibəsinin başa çatdığını, Yaponiyanın təslim olduğunu və indi dünyanın ən inkişaf edən ölkələrindən birinə çevrildiyini söylədi, ondan bu illər ərzində nə üçün təslim olmadığını soruşdu. Onoda əsl əsgər cavabı verdi:

"Mənə təslim olmamaq əmr olunub!"

Nəhayət, 1974-cü ildə Suzuki ilə Yaponiyaya qayıdan Onoda ölkəsində milli qəhrəman kimi qarşılandı; televiziyalar, radiolar, qəzetlər ondan yazdı. Ancaq Onoda Yaponiyada uğrunda döyüşə yollandığı öz Yaponiyasını tapmadı. Onun Yaponiyası indi başdan-başa kapitalist bir bazar idi, bütün dəyərlər alınıb-satılırdı.

Yapon qürurundan, yapon kimliyindən əsər-əlamət qalmamışdı. Onun otuz il meşələrdə uğrunda təkbaşına savaşdığı Yaponiya artıq yox idi. Onda belə çıxırdı ki, o, bu illər ərzində boş-boşuna döyüşmüşdü. Onodanı meşədə yaşadan dəyərləri Qərb kapitalizmi Tokioda özündən qabaq öldürmüşdü.

Otuz il Lubanq meşələrində siçan, soxulcan yeyən, porsuq yuvalarında gizlənən, ancaq uğrunda yaşadığı amaldan güc alan Onoda yeni ölkəsində amalı, məqsədi olmayan bir döyüşçü müqəvvası kimi Avropa tərzi geyinən qadın heyranlarının, hökumətin verdiyi imtiyazların, şan-şöhrətin içində dərin depressiyaya düşdü.

Bu Leyli o Leyli deyildi. Və bir gün Onoda da Məcnun oldu, lal-dinməz şələ-şüləsini yığışdırıb Qərb dəyərlərinə “satılmış” vəfasız Yaponiyasını tərk edərək Braziliyaya köçdü. Ömrünün sonuna qədər uğrunda otuz il təkbaşına döyüşdüyü keçmiş sevgilisinə, əsl Yaponiyaya yas saxladı. Müharibə dövrünün yenilməzi sülh dövrünün zavallısı oldu.      

Onodanın Mensonun kitabında təsvir olunmuş həyatına şərh verməyəcəyəm. Bu dəfə şərhləmək (şərləmək) işini müharibə, eyni zamanda, həm də sülh şəraitində yaşayan oxucularımıza həvalə edəcəyəm...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri