15 
Fev
2020
13:31
82
40
2678
Virtual karabakh

Çindən təxliyyə olunan azərbaycanlı: “Universitetdən və rəsmilərdən geri çağırış məlumatı gözləyirəm”

15 Fev, 2020
13:31
2678

Çindən təxliyyə olunan azərbaycanlı: “Universitetdən və rəsmilərdən geri çağırış məlumatı gözləyirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sağlamlıq arayışımızı Türkiyənin Səhiyyə naziri şəxsən təqdim etdi. Ankarada Zəkai Tahir Burak adına xəstəxanada bizə yüksək səviyyədə xidmət göstərildi”.

Bunu APA-ya açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyyə edilərək, 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və bu gün oradan buraxılan altı Azərbaycan vətəndaşından biri - Leyla Quliyeva bildirib.

Çinin Uhan şəhərində magistr təhsili aldığını deyən Leyla Quliyeva epidemiyanın yayılması xəbərini eşidəndə azyaşlı qızına görə çox stres keçirdiyini qeyd edib:

“Qızım yeddi yaş yarımlıqdır. Bir ana kimi onun üçün çox narahat idim. Baxmayaraq ki, tibbi nəzarət və gigiyena, eləcə də, digər məsələlər həm Çində, həm də Türkiyədə çox yüksək səviyyədə idi. Uhanda da hər şey nəzarət altında idi. Çin hökumətinin səhiyyəsi çox inkişaf etdiyinə görə operativ iş rejimində idilər. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Leyla Quliyeva deyib ki, Uhana qayıdıb təhsilini davam etdirmək niyyətindədir:

“Təhsilimi mütləq davam etdirmək istəyirəm. Təhsil aldığım universitetdən və rəsmilərdən geri çağırış məlumatı gözləyirəm. Amma qızımı özümlə götürməyi düşünmürəm. Ailəm bu ağır, stresli günlərdə mənə dəstək oldu. Bu istəyimə də sayğı göstərirlər. Ailəmə, o cümlədən, Azərbaycan, Türkiyə və Çin rəsmilərinə bizə hərtərəfli dəstək göstərdiklərinə görə çox təşəkkür edirəm”. 

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, altı nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.

Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, onlar gün ərzində Azərbaycana yola salınacaqlar. Azərbaycanın Səhiyyə Nazirliyi Çindən Türkiyəyə təxliyyə edilən Azərbaycan vətəndaşlarının yenidən karantinə götürülməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyə 14 gün karantin müddəti keçiblər.

“Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə nazirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri