10 
Mar
2020
11:53
35
65
2981
Virtual karabakh

Bəs qocalanda sənə kim baxacaq?

10 Mar, 2020
11:53
2981

Bəs qocalanda sənə kim baxacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Fevral-mart aylarında iki həftə ərzində 5 Avropa ölkəsində səfərdə oldum. Hər bir ölkədə orada oxuyan və işləyən həmvətənlərimizlə görüşüb danışdım. Hamısı razılıq edib, yaxşı təhsil və təcrübə aldıqlarını söylədi.

Təəssüf ki, nə qədər müasirləşsək də, indiyə qədər bir çox valideynlər öz uşaqlarını gözündən uzaq qoymamaq üçün onları xarici ölkələrə təhsil almaq üçün buraxmır. Səbəbi hamıya aydındır: uşaqlara inamsızlıq, “pis yola düşər”, “uşağı özbaşına buraxmaq olmaz” kimi fikirlər. 

Qeyd etmək istəyirəm ki, ailədə uşaqlıqdan yaxşı tərbiyə görmüş, özünə əmin olan, güclü xarakteri ilə seçilən insan heç zaman pis yola düşməz. Hətta cinayətkarların və narkomanların arasında olsa belə, yenə təmiz qalar. Fəqət ailədə təzyiq, şiddət və məhdudiyyət şəraitində böyüyən şəxs ilk imkanda qadağaların hamısını aşmağa cəhd edəcək. Amma bunun da “əmması” var - həmin şəxsi əhatə edən mühit və insanlar. 

Təhsillə bağlı çoxumuzda formalaşmış assosiasiyadan fərqli olaraq, Avropa və Amerika ölkələrində kollec və universitetlərə yalnız diplom almaq üçün deyil, biliklərə yiyələnmək və hər hansı peşəyə sahib olmaq üçün daxil olurlar. Çox zaman təhsil haqqını valideyn deyil, tələbə özü ödəyir - bunun üçün işləyir, yaxud dövlətdən və banklardan uzunmüddətli kreditlər alırlar. Götürülmüş kreditləri ödəmək üçünsə yaxşı oxumaq lazımdır. Universiteti bitirəndən sonra tapşırıq və “hörmətlə” deyil, yalnız savadı hesabına iş tapa biləcəyini anlayaraq, tələbə yaxşı təhsil və qiymətlər almaqdan başqa yolu olmadığını anlayır. 

Deməli, universitetə intellekt səviyyəsi yüksək olan tələbələr daxil olur. Onlar təhsilə ciddi yanaşdıqları üçün bizimkilər də onlara baxıb, nümunə götürürlər. Bu da o deməkdir ki, “pis yola” nə vaxt qalır, nə də pul. 

Pul məsələsinə gəldikdə, tələbə həyatını və büdcəsini özü təyin edir, dolanışığın bahalı olması hər qəpiyə qənaət etməyə məcbur edir. Bu da maddi vəsaitlərə dəyər vermək və onu qazanmaq istəyi yaradır. Həm də gənclər həyatın çətinliklərini yaşayaraq, sərbəst həyata başlayırlar. Bu, daha sərbəst və uğurlu gələcəyə yol açır.

Valideyn himayəsi altında qalanda isə gənclər heç bir məsuliyyət hiss etmir, çətinlik yaşamırlar. Hər şey hazır gəlir, qiymətlərdə problem olanda isə köməyinə valideynin cibi çatır. Əlbəttə ki, heç bir sərbəstlikdən söhbət gedə bilməz. Valideyn himayəsində olduğu üçün asılılıq yaranır, deməli, gənc ata-anasının göstərişi ilə hərəkət etmək məcburiyyətindədir. Onların qadağalarını aşmaq üçünsə xaricə getmək tələb olunmur, yalan danışaraq, aldadaraq elə valideynin gözü önündə istədiyini etmək mümkündür.

Xaricdə təhsilin digər bir üstünlüyü isə həmin ölkələrdəki mədəniyyətin ölkəmizə idxalıdır. Söylədiyim “mədəniyyət” ilk baxışdan anlaşıla biləcəyindən daha geniş məfhumdur. Bura nəinki davranış, həmçinin təhsil, biznes, etiket və sairə daxildir. Həmçinin, ölkədən kənarda yaşadığı zaman gənc Azərbaycanı tanıdır, çoxsaylı əlaqələr qurur. Bu da gələcək işində istafadə edə biləcəyi alətdir. Ünsiyyətsiz insan inkişaf edə bilməz. Tanış olub danışdığımız hər bir adamdan nəsə öyrənirik. 

Bəzi hallarda bacarıqlı uşaqlar universitetdən sonra həmin ölkədə yaxşı iş taparaq, qalıb yaşayır. Bunun özü də müsbət tendensiyadır. Çünki uzaq ölkələrdə nə qədər çox azərbaycanlı olarsa, ölkəmizin maraqları daha yaxşı qorunar.

Kimsə deyəcək ki, bəs valideyn uşaqlarını yetişdirib, boya-başa çatdırıb ki, qocalanda onlara hayan olsunlar. Bu bizim ənənələrdə ən mənfi hallardan biridir. Çünki uşağa “səni dünyaya gətirmişəm ki, qocalanda mənə baxasan” ifadəsi tərbiyədə ən böyük yanlışdır. Bu sözlə uşağı məhdudlaşdırıb, onu öz həyatını yaşamaqdan məhrum edirlər, boynuna uşaqlıqdan böyük yük qoyurlar.

Onlara elə münasibət, elə şərait yaratmaq lazımdır ki, valideynlərinə öz istəyi ilə kömək etsin, məcburiyyətlə deyil. Həm də elə yaşayın ki, qocalanda heç kimə ehtiyacınız yaranmasın, gümrah olasınız. Bunun üçün isə sağlam qida, hər zaman hərəkətdə, aktiv və pozitiv olmaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri