31 
Mar
2020
15:03
50
312
10733
Virtual karabakh

Sumqayıtda dezinfeksiya tədbirlərindən narazılıq: İcra hakimiyyəti açıqlama verdi - VİDEO

31 Mar, 2020
15:03
10733

Sumqayıtda dezinfeksiya tədbirlərindən narazılıq: İcra hakimiyyəti açıqlama verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt sakinləri şəhərdə aparılan dezinfeksiya tədbirlərindən narazıdır.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən dezinfeksiya tədbirlərinin daha da gücləndirilməsinə qərar verilib. Buna baxmayaraq, Sumqayıt şəhərində vəziyyət bir qədər başqadır.

Belə ki, vətəndaşlar mərkəz küçələr istisna olmaqla, şəhərin başqa istiqamətlərində dezinfeksiya işlərinin aparılmadığını iddia edirlər:

“Yalnız İcra Hakimiyyətinin qarşısı, Sülh prospekti və bəzi mərkəzi yollarda dezinfeksiya xidmətinin xüsusi geyimli əməkdaşları gözə dəyir. Onların da necə dezinfeksiya etdiyini görürsünüz. Həmin şəxslərin əllərində olan xüsusi qablarda heç bir məhlul yoxdur. Sadəcə, görüntü yaradırlar”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən Oxu.Az-a bildirdilər ki, şəhər daxilində həyata keçirilən dezinfeksiya işləri görüntü xarakterli deyil:

“Biz deyilənlərlə razı deyilik. Çünki bu iddialar dezinfeksiya işlərində gecə-gündüz çalışan əməkdaşlara qarşı haqsızlıq olardı. Xüsusi ayrılmış kommunal texnikalar hər gün dezinfeksiya işlərini həyata keçirir. Şəhərin mərkəzi hissəsindən başlayaraq, texnikalar vasitəsilə yollar yuyulur. Dünən də şəhərin əsas giriş yolu olan, uzunluğu 5 kilometrə yaxın Sülh prospekti hər iki istiqamətdə dezinfeksiyaedici məhlullarla yuyulub.

Yuyulma zamanı müxtəlif dezinfeksiyaedici məhlullardan istifadə olunur. Həm çiləmə, həm də xüsusi texnika vasitəsi ilə yollar dezinfeksiya olunur. Dezinfeksiya işləri hər gün sakinlərin gözü qarşısında aparılır. Onu da qeyd edim ki, Sumqayıt şəhərində həyata keçirilən işlər görüntü üçün deyil, əhalinin təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilir. Ola bilsin ki, videonu lentə alan şəxs uzaq məsafədə olub. Xüsusi geyimli əməkdaşlar əsasən, səkilərdə çiləmə üsulu ilə dezinfeksiya işlərini həyata keçirirlər. Eyni zamanda, texnika vasitəsi ilə də xüsusi məhlulla yollar yuyulur”.

İcra Hakimiyyətindən o da qeyd olunub ki, dezinfeksiya işləri yalnız mərkəzi küçələrdə deyil, şəhərin müxtəlif ərazilərində, binaların həyət və girişlərində də aparılır:

“Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır.

Bununla yanaşı, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, liftlərdə, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər həyata keçirilir”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri