31 
May
2020
16:26
42
594
10263
Virtual karabakh

Siyavuş Novruzov: “30 qəpik verib maska almağa imkanı yoxdursa...”

31 May, 2020
16:26
10263

Siyavuş Novruzov: “30 qəpik verib maska almağa imkanı yoxdursa...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov əhalini tibbi maskadan istifadə etməyə çağırıb.

Oxu.Az-ın xəbərinə görə, S.Novruzov bildirib ki, tibbi maska taxılmamasına görə cərimələr nəzərdə tutulur.

“Kimsə maska taxmır, bəziləri də durub deyir ki, həmin insanların maska almağa imkanı yoxdur. 30 qəpik verib maska almağa imkanı yoxdursa, çalışsın ki, 50 manat cərimə olunmasın”, - deyə S.Novruzov bildirib. 

O qeyd edib ki, bəzi insanlar tətbiq olunan cərimələrin bağışlanacağını düşünür:

“Biri də durub deyir ki, koronavirusdan ölənlərə şəhid statusu verilsin. Digəri isə deyir ki, koronavirus xəstəsinə mənzil veriləcək. İnsanlar tibbi maska taxmaqdan başqa, hər şeyi fikirləşirlər”.

S.Novruzov əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinə şayiə yayılmasına görə məsuliyyəti müəyyən edən maddə əlavə olunmalıdır. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir. Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunur.

Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri