11 
İyn
2020
11:25
49
71
4872
Virtual karabakh

Qeyri-adi maketlər hazırlayan dizayner: “Gelandewagen” qapıdan keçmədi, ortadan böldük” - MÜSAHİBƏ

Budəfəki müsahibimiz rəssam-texnoloq, dizayner Qismət Məmmədlidir. O, müxtəlif formalarda, qeyri-adi maketlərin hazırlanması ilə məşğuldur. 

Oxu.Az Qismət Məmmədli ilə müsahibəni təqdim edir:

- Qismət bəy, maket düzəltmə işinə nə vaxt başlamısınız?

- Bu işlə 2012-ci ildən peşəkar səviyyədə məşğulam. Bundan əvvəlki illərdə isə rəssamlıq sənətimi inkişaf etdirirdim.

- Necə oldu ki, maket düzəltməyə qərar verdiniz?

- Uşaqlıqdan maket düzəltmək həvəsim olub. Nəzərə alsaq ki, uşaqlıq illərimiz müharibənin ağır dövrlərində keçib və televiziyada daha çox Qarabağdakı döyüş səhnələri göstərilirdi. Mən də uşaq olanda tank, piyadanın döyüş maşını, qrad qurğusu kimi oyuncaqlarımın olmasını istəmişəm. Çünki bu texnikaların üstündə həmişə öz qohum-əqrəbamı görmüşəm.

Həmin illərdə ilk maketlərimi kağızdan düzəltməyə başladım. Hətta onlara sadə mexanizmlər də əlavə edirdim. İllər keçdi, rəssamlıq sənətimi daha da təkmilləşdirdim və peşəkar fəaliyyətə başladım. Hazırda xarici ölkələrdən və bir sıra yerli firmalar əl işlərimlə maraqlanırlar. 

- Bu işdən gəlir əldə edirsiniz, yoxsa sadəcə, hobbidir?

- Özəl olaraq hazırladığım sifarişlərdən gəlir əldə edirəm. Məsələn, geyim vitrinləri, hər hansı idman, biznes və digər tədbirlərin açılışı üçün nəzərdə tutulmuş fotostendə müxtəlif növ kompozisiyalar əsasında dekorativ maketlər hazırlayıram. İşimdən zövq aldığım üçün hobbi kimi yanaşıram və bu, məni yormur, əksinə, ruhən sakitləşdirir.

- Ən çox hansı maketləri özünüzə ruhən daha yaxın hiss edirsiniz?

- Hələ ki, reallaşdıra bilmədiyim bir layihəni həyata keçirməyi çox istəyərdim. Belə ki, ölkəmizdə Disneylend, Yura parkı, hətta gələcəkdə Qarabağın işğaldan azad olunmasının döyüş səhnələrinin maketlərini hazırlamağı çox istərdim. Ən çox bunları hazırlamağı arzulayıram. 

- Hazırladığınız əl işlərindən ibarət sərgi təşkil etmək fikriniz var?

- Əl işlərimi gözəl bir qalereyada sərgiləmək istəyərdim.

- Bəs sizin üçün xüsusi əhəmiyyəti olan əl işi hansıdır?

- Hazırda üç metr hündürlüyündə robot hazırlayıram. Artıq işə başlamışam, yaxın zamanlarda bitirib, təqdim edəcəyəm. Robot korporativ tədbirlər üçün nəzərdə tutulub. Əl işlərim tək maketlərdən ibarət deyil, toy, ad günü dekorları, tortlar və mulyajlar da hazırlayıram. Bu, evlənənlər üçündür. Əl işlərimin içərisində “Qəsr” tortunu “şah əsər” hesab edirəm.

Həmin tort dörd metr hündürlüyündə idi və Bakıda ərəb şeyxinin toyu üçün eksklüziv olaraq hazırlamışdım. 

Müştəri məndən öncə şəhərdə bütün yerləri gəzmişdi və bu tortun hazırlanmasına heç kəs razı olmamışdı. Yanıma inamsız halda gəlmişdilər və belə bir tort istədiklərini dedilər. Mən də onlar danışdıqca eskiz tərtib edib bildirdim ki, əlavələr etmək şərtilə daha fərqli bir tort düzəldə bilərik. Həmin tortun bir detalını deyəcəyəm, qalanını özünüz düşünün: şirniyyatın giriş qapısındakı çilçıraq brilyantdan hazırlanmışdı.

- İş prosesində başınıza hansı maraqlı hadisə gəlib?

- Maraqlı hadisələr çox olub. Müştərilərin biri “Gelandewagen” markalı maşının maketini sifariş etmişdi. Dekoru aparıb qurduqda məlum oldu ki, maşın qapıdan içəri keçmir. Məcburən avtomobil maketini ortadan bölmüşdük (gülür).

Bir dəfə də belə hal “Ferrari Red” markalı maşının maketinin hazırlanmasında baş vermişdi. Maşın maketləri real ölçülərdə yığıldığı üçün böyük olur. Ancaq istənilən ölçüdə yığmaq mümkündür.

- Əl işlərində realizmə üstünlük verirsiniz, yoxsa təxəyyülünüzü işə salırsınız?

- Hazırladığım əl işlərim fantaziyamın məhsuludur. Amma realizm üslubunda hazırlayıram. Fərqli üslubda işləməyi sevirəm. Hazırda özümü yeni sahədə yoxlamağı düşünürəm ki, bu da animasiya sahəsidir.

Lakin pandemiya ilə əlaqədar işlərimiz tamamilə dayanmış vəziyyətdədir.

Ümid edirəm ki, yaxın zamanlarda dövlətimiz və xalqımız birlikdə bu çətin dövrün öhdəsindən gələ biləcək. İnsanlarımızı səbirli və daha məsuliyyətli olmağa çağırıram.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri