İyl
2020
13:25
31
133
5319
Virtual karabakh

Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane oldu - VİDEO

3 İyl, 2020
13:25
5319

Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edib.

Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Buraya baxış keçirilən zaman boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Nəsibov Ehtiram Qənimət oğlu tərəfindən zəbt olunduğu müəyyənləşdirilib. Boru kəmərinə cəmi 1-2 metr məsafədə tikilən ev qəzanın aradan qaldırıması zamanı xüsusi texnikanın işləməsini xeyli çətinləşdirib. Bununla belə, həyətyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakuumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.

Ev sahibi (1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüş) Nəsibov Ehtiram Qənimət oğlu açıqlamasında bildirib ki, evi 1994-cü ildə tikib və ərazidən neft kəmərinin keçməsindən xəbərsiz olub: “Bu ərazini mənə kimsə satmayıb, özüm qaçqın kimi yerləşmişəm”.

Məsələ ilə bağlı Report-a açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölməsinin rəisi Nizami Qafarov bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır, bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub. Nəticədə, təhlükəsizlik işçiləri kəmərin vəziyyətinə vaxtlı-vaxtında yoxlaya bilmir.

SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev isə deyib ki, qəzanın baş verdiyi ərazi Böyükşor-Sumqayıt neft boru kəmərinin 38-ci km-liyidir və hazırda hadisənin başvermə səbəbi araşdırılır: "İlkin ehtimallara görə, kəmər uzun müddət istismarda olduğuna və mühafizə zolağının zəbt edilməsi ilə əlaqədar nəzarət tədbirlərindən kənarda qaldığına görə qəza baş verib. Bu isə vətəndaşlar üçün çox böyük təhlükə yaradır. Nəzərə almaq lazımdır ki, boru xəttində baş verən qəza yanğına, partlayışa səbəb ola, nəticədə, vətəndaşların özlərinə və ailə üzvlərinə xəsarət yetirilə bilər”.

Məsələni şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, mühafizə zonasına düşən ərazilərdə yaşayış məskənlərinin salınması yolverilməzdir.

Onun sözlərinə görə, SOCAR-ın vətəndaşlara, bu cür ərazilərdə yaşayış evlərinin tikintisini biznesə çevirən işbazlara müraciətlərinə baxmayaraq, belə hallar hələ də yaşanmaqdadır: “Boru kəmərlərinin mühafizə zonalarına düşən ərazilərdə fərdi ev tikənlər bilməlidilər ki, bu, tamamilə qanunsuz əməldir. Belə zonalarda tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Hər hansı tikintinin aparılmasına kəmərin hər tərəfindən 50 metr məsafə saxlanılmaqla icazə verilir. İndiki halda isə söhbət kəmərin 1-2 metrliyindəki tikilidən gedir. Onlar ilk növbədə öz həyatlarını çox böyük təhlükəyə atmış olurlar. Digər tərəfdən, sabah kəmərdə hər hansı səbəbdən partlama və müvafiq olaraq, yanğın baş verərsə, əraziyə xüsusi texnikanın daxil olması mümkünsüz olacaq. Belə olan halda bu cür tikililərin sahibləri həm də onların həyatını qurtaran və öz peşə borcunu yerinə yetirən onlarla insanın həyatı ilə oynayırlar”.

Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri