Fev
2021
11:18
140
10
5149
Virtual karabakh

Naməlum qəbirlər, tarixi Atəşgah, qadınlar məscidi... - Bakının sirli məbədlərindən FOTOREPORTAJ

2 Fev, 2021
11:18
5149

Naməlum qəbirlər, tarixi Atəşgah, qadınlar məscidi... - Bakının sirli məbədlərindən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt Bakının rayonları bir-birindən maraqlı tarixi ilə seçilir. Bu gün elə abidələr, məscidlər var ki, bəlkə də çoxumuz onların mövcudluğundan xəbərsizik. Onlar tariximizin qədimliyindən, ulu babalarımızın həyat tərzindən, inancından soraq verir.

Belə abidələrdən biri paytaxtın Suraxanı rayonunda yerləşən Atəşgah məbədidir. Ümumiyyətlə, Suraxanı rayonu ərazisində, daha dəqiq desək, Əmircan və Bülbülə qəsəbəsində bir sıra abidələr var.

Tarixi mənbələrdə olan məlumata görə, Atəşgah məbədinin ilk tikililəri II, III əsrə aiddir. Suraxanıdakı Atəşgah məbədinin VII əsrədək, yəni Azərbaycanda İslam dini qəbul olunana qədər fəaliyyət göstərdiyi deyilir. Bundan sonra ölkədəki zərdüşt məbədləri sıradan çıxmağa başlayıb.

Beşbucaq formasında olan abidə 24 hücrədən, bir otaqdan (balaxana) ibarətdir. Məbədin əsas binası səcdəgahdır. İçərisində və damında od püskürməsi üçün çıxıntılar quraşdırılan məbədin hücrələrinin damında tüstü çıxması üçün xüsusi nəfəsliklər açılıb. Hücrələrin qapısının üstündə sanskrit əlifbası ilə yazılan yazılar var ki, bu günə qədər orada həkk olunanların mənası tam olaraq açıqlanmayıb.

Məbəddə zaman-zaman bir sıra tədqiqat işləri aparılıb. Tədqiqatçıların fikrincə, səcdəgahın yanında qazılmış çalada müqəddəs yerdə ölmüş atəşpərəstlərin meyitlərini yandırırdılar. Tikintinin inşa xüsusiyyətləri göstərir ki, kompleks hindlilərin layihəsi əsasında yerli ustalar tərəfindən tikilib.

XVI-XVII əsrlərdə məşhur İpək Yolu Azərbaycandan keçirdi və bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alov barədə Atəşgah məbədi haqqında danışırdılar. Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. 

İndi həmin zəvvarlar üçün tikilən otaqların hər biri muzey kimi istifadə olunur. Otaqlarda arxeoloji qazıntılar nəticəsində aşkarlanan tapıntılar qorunub saxlanılır ki, onlardan ən qədimi e.ə. XVII əsrə aid olan əşyadır.

UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil etdiyi Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Hazırda Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin filialı kimi fəaliyyət göstərir. Qoruğa daxil olmaq ödənişlidir.

Növbəti tarixi memarlıq nümunəsi Bakı milyonçusu Murtuza Muxtarovun 1908-ci ildə inşa etdirdiyi Qoşaminarəli məsciddir. Bu məscid xalq arasında “Murtuza Muxtarov məscidi” kimi də tanınır. Ümumiyyətlə milyonçu M.Muxtarov öz şəxsi hesabına iki məscid inşa etdirib. Məsciddə ibadət zalının sahəsi 196, qadınlar üçün ayrılan ibadət yerinin sahəsi isə 84 kvadratmetrdir.

Aşağı hissəsi dairəvi pəncərələrdən ibarət olan günbəz daxildən hündür tağlı sütunlar üzərində dayanıb. İbadət zalının döşəmədən günbəzə qədər hündürlüyü 19 metrə çatır. Giriş qapısının hündürlüyü 6 metrdir. Bakı və Abşeron kəndlərindəki digər məscidlərdən fərqli olaraq bu məscidin iki minarəsi var. Minarələrin hər birinin hündürlüyü 47 metrə bərabərdir. Məscidin mehrabının yuxarısındakı dairə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə şiə inancındakı 12 imama işarədir. 

Deyilənə görə, o illərdə Murtuza Muxtarov tez-tez bu məscidə gələr, namaz qılıb dua edərmiş. Hətta məscidə qoyulması üçün M.Muxtarov tərəfindən İstanbulda xüsusi sifarişlə Qurani-Kərim hazırlanıb.

Həmin Qurani-Kərim bu gün də məsciddə qorunub saxlanır. Murtuza Muxtarov 1920-ci ildə Bakıda evinə soxulmuş bolşevik əsgərlərinə qarşı fədakarcasına vuruşaraq həlak olub və özünün tikdirdiyi Qoşaminarəli məscidin həyətində torpağa tapşırılıb.

Əmircan qəsəbəsində Əli Bayramov küçəsində yerləşən memarlıq nümunələrimizdən biri isə Nizaməddin məscididir. Məscid XIV əsrdə tikilib. Məlumatlara görə, məscidin sahəsi 40 kvadratmetrdir. Bu məscidin ustası Abbas Əli, məscid üzərindəki kitabələrin müəllifi isə Məhəmməd Tağıdır.

Məscidin fasad hissəsi yonulmuş əhəng daşları ilə hörülüb və ağ rənglə işlənib. Dörd giriş qapısı olan məscidin üç qapısının üzərində daş kitabələr həkk olunub. Yerli camaatın verdiyi məlumata görə, bu məscidin ibadət zalı əvvəl çox kiçik olub. Lakin sonralar məscidin ibadət zalının sahəsi genişləndirilərək iç sahəsi 144 kvadratmetr, hündürlüyü isə 5 metrdir.

Mehrabının hündürlüyü 2 metrə bərabər olan məscidin üstündə, bir neçə yerdə ərəbcə “Allah” sözləri yazılıb. Bundan əlavə, mehrabın üst hissəsindəki daş kitabə başıaşağı vəziyyətdədir. Rəvayətə görə, bunun səbəbi sonralar təmir zamanı ermənilər tərəfindən edilib. Məscidin divarlarının qalınlığı 1 metr, yerdən günbəzədək hündürlüyü 7,5 metrdir. Günbəzin diametri isə 6 metrdir. Məscidin minarəsi yoxdur, günbəzinin hündürlüyü fasad tərəfdən 1,5 metrdir.

Tarixi əhəmiyyətinə görə məscidin önəmi böyükdür. Belə ki, bu memarlıq abidəsinin tarixi onun Əmir Nizaməddin Kəsrani tərəfindən, Şirvanşahlar dövləti dövründə tikildiyini göstərir. Məsciddəki ərəb dilində yazılmış kitabələrdən birinin ikinci sətri belə oxunur: “Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi - hicri-qəməri 730-cu il (miladi tarixi ilə 1329-1330)”. XX əsrin əvvəllərində bu məsciddə yenidən təmir-bərpa işləri aparılıb. Hazırda fəaliyyət göstərmir.

Əmircan qəsəbəsindəki daha bir tarixi memarlıq abidəsi XIX əsr Azərbaycan maarifçilərindən olan Abbasqulu ağa Bakıxanovun ev muzeyidir. 

Azərbaycan yazıçısı və diplomat Abbasqulu ağa Bakıxanov və onun atası, babası Əmircanda Nizaməddin mülkündə yaşayıblar. Məscidin ətrafında qədim kəndin yerində bir neçə qədim nəslə malik evlər indi də qalmaqdadır. Nizaməddin məscidinin yanında Abbasqulu ağa Bakıxanovun yaşadığı mülkün bir hissəsi qalır.

Əmircan qəsəbəsində 1904-1905-ci ildə Mirzə Malik Abbasquluzadə tərəfindən tikilən Binyətlilər məscidi təkcə qəsəbədə yox, bütün Bakıda “Qadınlar məscidi” kimi tanınır.

Əmircan qəsəbəsində Səkinəxanım seyid Saleh qızı piri var. Pirin içərisində bir neçə məzar daşı var. Onlardan biri Səkinəxanım seyid Saleh qızına məxsusdur. Digərlərinin isə kimə aid olduğu bəlli deyil. Deyilənə görə, hətta həmin məzarların kimə aid olduğunu öyrənmək üçün İrandan mütəxəssislər belə gətirilib.

 

Suraxanı qəsəbəsində həm də maraqlı mozaikalara da rast gəlmək mümkündür. 

Bu kimi fotoreportajlarımız davam edəcək...

Könül Cəfərli 
FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri