12 
Fev
2021
13:21
380
44
6436
Virtual karabakh

Nəzrin Mustafayeva: “Bu TƏBİB-in deyil, mənim fikrimdir” - YENİLƏNİB + VİDEO

12 Fev, 2021
13:21
6436

Nəzrin Mustafayeva: “Bu TƏBİB-in deyil, mənim fikrimdir” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“REAL TV-yə müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikrim sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olub. Verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyimi istədi”. 

Bu sözləri TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. 

“Mən həkim-infeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da  hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilmişdir. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil”, - deyə o qeyd edib.

10:48

“Açıq havada yaxınlığınızda heç kim yoxdursa, tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarında sosial məkanlarda maska taxmaq məcburidir. Yəni açıq havada tək gedirsinizsə maska taxmaya bilərsiniz:

"Biz əgər sosial ərazilərdəyiksə, maska taxmaq məcburiyyətindəyik. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin sırf inzibati qaydada maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

TƏBİB nümayəndəsinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri ərazidən asılı olmayaraq açıq havada maska taxılmadığı təqdirə polis əməkdaşları tərəfindən cərimə tətbiq edildiyini qeyd ediblər.

Xatırladaq ki, Nazirlər Kabinetinin karantin qaydaları ilə bağlı müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. 

Bu məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirildi ki, mövzu ilə əlaqədar açıqlama veriləcək. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri