20 
Mar
2021
14:41
376
100
1869
Virtual karabakh

AzTV qazilərin istəyi ilə bayram konserti hazırlayıb - VİDEO

Azərbaycan Televiziyasının əməkdaşları bayram münasibətilə qazilərin evlərinə gedib, onların və ailələrinin bayramını təbrik edib.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, lentə alınmış bu kadrlar Novruz bayramı ilə bağlı musiqili bayram proqramında nümayiş olunacaq. Layihə “Odlar Yurdum” adlanır.

Proqramın aparıcısı “Avroviziya 2011”in qalibi Eldar Qasımovdur. Bayram proqramının fərqli cəhəti odur ki, aparıcı 44 günlük Vətən müharibəsində sağlamlığını itirən qazilərin evlərinə gedir, onlarla və ailə üzvləri ilə söhbət edir, bayram təbriklərini çatdırır.

Layihənin daha bir fərqliliyi ondadır ki, təqdim olunan musiqi nömrələri məhz həmin qazilərin istəyi əsasında proqrama salınıb.

Konsert proqramında Mənsum İbrahimov, Nəzakət Teymurova, Ənvər Sadıqov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Aşıq Samirə, Eldar Qasımov, Murad Arif və Azad Şabanov kimi tanınmış incəsənət adamları yer alıb.

Layihə rəhbəri Ranar Musayev, Ülviyyə Könül, quruluşçu rejissor Elnur Qədirov, bədii rəhbər Rövnəq Həsənzadə, redaktoru isə Təxminə Yusifova olan bayram proqramının quruluşçu operatoru isə Elçin Əliyevdir.

“Odlar Yurdum” martın 20-si saat 22:00-da AzTV-də yayımlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri