İyl
2021
17:43
47
750
25588
Virtual karabakh

Dövlət komitəsindən bir foto ilə məşhurlaşan ana-bala ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO

7 İyl, 2021
17:43
25588

Dövlət komitəsindən bir foto ilə məşhurlaşan ana-bala ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şövkət Əliyeva və onun haqqında sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, Əliyeva Şövkət İntiqam qızı Komitəyə sosial şəbəkələrdə yayılmış paylaşımlardan sonra yönləndirilib:

“Komitə səlahiyyətləri çərçivəsində xanımın problemlərinin aradan qaldırılması məqsədilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə müvafiq tapşırıq verib. Ş.Əliyeva ilə əlaqə saxlanılıb və Mərkəzin əməkdaşlarının xanımın evinə səfər etməklə bağlı müraciətlərinə cavab olaraq Ş.Əliyeva evdə olmadığını bildirib. Buna rəğmən xanımla telefon danışıqları mütəmadi olaraq davam etdirilib. Daha sonra mərkəzə gəlmək üçün imkanı olmadığını bildirən Ş.Əliyeva üçün Mərkəz tərəfindən xüsusi nəqliyyat vasitəsi ayrılıb və o, mərkəzə dəvət edilərək onunla söhbətlər aparılıb.

Söhbət əsnasında məlum olub ki, xanım rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb. Onun bir qız, iki oğlan olmaqla üç övladı var. İki oğlu atasındadır, qızı Ayan isə özü ilə qalır. Məlum fotoşəkil sosial şəbəkələrdə yayıldıqdan sonra Ş.Əliyeva və qızı Ayan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən sığınacağa yerləşdirilib və bir müddət orada qalıb. Orada xanımın və qızının tibbi müayinə və müalicələri ilə bağlı müvafiq olaraq həkimlərlə əlaqə saxlanılıb. Xanım onun üçün görülən tədbirlərdən razı olduğunu bildirib. Lakin daha sonra Ş.Əliyeva qızı ilə birgə öz istəyi əsasında sığınacaqdan ayrılıb.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ilə söhbət zamanı xanım işləmək istədiyini desə də, uşağa baxan heç kimin olmadığını əsas gətirərək, övladının sığınacağa yerləşdirilməsini xahiş edib. Onun istəyi əsasında Mərkəz tərəfindən azyaşlı Ayan “Təmiz Dünya” İctimai Birliyinin sığınacağına yerləşdirilib. Xanıma da orada qızı ilə birgə yaşaya biləcəyi bildirilib, lakin o, sığınacaqda qalmaqdan imtina edərək öz evində qalmaq istədiyini deyib.

Ş.Əliyeva ona edilən bir neçə iş təklifindən ya məsafənin uzaqlığı səbəbindən, ya da işin ona uyğun olmadığını əsas gətirərək imtina edib. Bütün bunlarla yanaşı ona digər iş təklifləri barədə də məlumat verilib. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə də xanımın işlə təmin olunması istiqamətində müraciət ünvanlanıb. Onu da qeyd edək ki, Ş.Əliyevaya əvvəlki iş yerinə bərpa edilməsi ilə bağlı təklif edilsə də, o, köhnə iş yerinə qayıtmaq istəmədiyini bildirib. Ş.Əliyeva əməkdaşlarımızla söhbəti zamanı Komitə tərəfindən onun üçün atılan bütün addımları yüksək qiymətləndirib və razı qaldığını bildirib”.

11:24

“Qızımı tapşıracaq etibarlı bir yer axtarıram. Çox yorulmuşam, ona təhlükəsiz yer tapıb intihar etmək istəyirəm”.

Bu sözləri Oxu.Az-a sosial şəbəkələrdə paylaşılan bir foto ilə hər kəsin diqqətini özünə çəkən Şövkət Əliyeva deyib. Sosial şəbəkələrdə xanımın intihara hazırlaşdığına dair bir çox məlumatlar paylaşıldı. Məsələni dəqiqləşdirmək üçün Şövkət Əliyeva ilə əlaqə saxladıq.

Hər tezdən qızı ilə küçələri süpürərək bir qarnı ac, bir qarnı tox dolanan Ş.Əliyeva deyir ki, işsizlikdən bu fikirə düşüb:

“Heç kimdən şikayətçi deyiləm. Zülm çəksəm də işim var idi. Amma hazırki vəziyyətim, əvvəlki halımdan qat-qat ağırdır. Ağır olsa da işim vardı. İndi işimdən də olmuşam. Nə işim var, nə də dolanışığım. Bir çox qurumla əlaqə saxladılar, köməklik göstərəcəklərini dedilər, lakin heç kim köməklik göstərmədi. Ancaq təsəlli verirlər. Çox yorulmuşam, artıq tək çıxış yolunu intiharda görürəm. Sığınacaqda, eləcə də əhalinin göndərdiyi yardımlara görə minnətdaram. Amma bu yardımlar bu gün var, sabah yoxdur. Mən uşağımı xalqdan gələn yardımlarla saxlaya bilmərəm. Evim yaman gündədir. Borc ala-ala özümə bir daxma düzəldirdim, indi onu da edə bilmirəm. Borc sahibləri qapıma dayanıb, təhqir edirlər. Haqlı olaraq pullarını istəyirlər. Əlimdən heç nə gəlmir, artıq çox yorulmuşam. Artıq tək çıxış yolu kimi intihar etməyi düşünürəm”.

Xatırladaq ki, söhbət hər gün sübh tezdən qızı Ayan ilə küçələri süpürən və bir gün fotoqraf Nuran Məmmədovun kamerasına tuş gələrək insanların diqqətini özünə çəkən ana ilə balaca qızından gedir. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri