Avq
2021
16:24
221
39
3020
Virtual karabakh

Yardımlıda 3 milyon ağacın qırılması ilə bağlı müraciətin araşdırılmasına tapşırıq verildi - RƏSMİ + EKSKLÜZİV

5 Avq, 2021
16:24
3020

Yardımlıda 3 milyon ağacın qırılması ilə bağlı müraciətin araşdırılmasına tapşırıq verildi - RƏSMİ + EKSKLÜZİV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlı rayonunun Bərcan kəndinin bir qrup sakininin son 20 il ərzində üç milyondan çox ağacın qırılması ilə bağlı yaydığı müraciətə münasibət bildirib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların sözügedən müraciəti ilə bağlı monitorinqlər aparılacaq:

“Vətəndaş həmişə haqlıdır. Demək ki, hansısa bir problem var ki, vətəndaş şikayət ünvanlayır. Bu da ondan irəli gəlir ki, onlar meşələrin qırılmasından, təbiətin qorunmamasından narahatdır. Onların narahatlığı başa düşüləndir. Qışda evlərini istiliklə təmin etmək arzusu qanuni hüquqlarıdır.

Lakin müraciətdə deyilən və guya son 20 ildə 3 milyondan artıq ağacın qırılması faktı şərti səsləndirilib. Bunun da səbəbi odur ki, vətəndaş mütəxəssis deyil, hesabatı öz düşüncəsinə uyğun aparıb. Nəzərə almalıyıq ki, bütün Yardımlı ərazisinin meşə fondu sahəsi cəmi 17 min hektardır. Bu o deməkdir ki, bu ərazinin 1/5 yoxdur və ya əks halda ərazidə 3 milyon ağacın kəsilməsi, təxminən 3-4 min hektar ərazi deməkdir.

Həmin 3-4 min hektar müqayisə üçün Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının birgə ərazisidir. İddiadan belə anlaşılır ki, bu boyda ərazidə meşə qırılıb. Bu, mümkünsüzdür. Amma istənilən halda vətəndaşın müraciəti araşdırılmalıdır, problem varsa, həlli üçün addımlar atılmalıdır”.

O qeyd edib ki, Yardımlıda ağacların kəsilməsi ilə bağlı vətəndaşların müraciətinin araşdırılması üçün artıq tapşırıq verilib:

“Bu meşələrə mütəmadi nəzarət olunur. Tək Yardımlıda yox, bütün regionlarda qazlaşmayan ucqar kəndlərlə bağlı yerli icra orqanları öz vətəndaşının probleminin həllinə baxmalı və bununla bağlı təkliflər verməli, alternativlər axtarmalıdır”.

Nazir müavini əlavə edib ki, Azərbaycan ümumiyyətlə az meşəsi olan ölkədir:

“Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə son illərdə odun tədarükünə ayrılmış limit il ərzində 64 min kubmetrdir. Nəzərə almalıyıq ki, əhalinin sayı çoxalır, kəndlərimiz böyüyür və ona görə də, oduna ehtiyac artır. Belə olduğu təqdirdə aidiyyəti qurumlar alternativ yanacaq növləri tapmalıdır. Bu gün bütün dünyada alternativ enerji mənbələrdən istifadə olunur. Ona görə də bizdə də bu yanaşma dəyişilməlidir.

Meşəyə odun, yanacaq mənbəyi kimi baxılmalıdır. Digər bir tərəfdən yanaşsaq, qazlaşma da tamamilə bu problemi həll etmir.

Çünki müşahidələrimiz göstərir ki, bəzi qazlaşmış kəndlərin sakinləri də, qaz pulunu ödəmək istəmədiyi üçün qeyri-qanuni yolla odunun əldə olunmasına çalışır. Bu məsələyə kompleks yanaşılmalıdır, vətəndaş icra orqanı, hətta ETSN-i də bu sahədə birgə çalışmalı və vətəndaşın ehtiyacını ödənilməlidir”.

O vurğulayıb ki, son 4 il ərzində ölkədə qanunsuz ağac qırıntısının həcmi beş dəfə azalıb:

“2017-ci ildə qanunsuz ağac qırıntısı il ərzində 55 min kubmetr idisə, ötən il bu göstərici təxminən 10 min kubmetr civarında olub. Bu il isə gözləntilərimizə görə bu rəqəm daha da az olacaq”.

Nazir müavini bildirib ki, mütəmadi olaraq meşələrlə bağlı regionlarda icra hakimiyyətləri, digər dövlət qurumları ilə görüşlər keçirilir:

“Yerli icra orqanları bilməlidir ki, əhali alternativ yanacaqla təmin olunmadıqda, istilik ehtiyacını ödəyə bilmədikdə meşələrə üz tutacaq. Fikrimcə, bu istiqamətdə düşünməyin vaxtıdır və bu, olduqca zəruridir. Yenə də təkrar edirəm ki, həmin yazı ilə müraciət edən adamların haqsız olduğunu düşünmürük, hansısa formada onların da yanacaqla təmin olunması, alternativlərin təqdim olunması vacibdir.

Alternativ enerji mənbəyindən biri kimi nazirlik tərəfindən bu gün bir çox ölkələrdə tətbiq olunan briketlərin istehsalına və ondan istifadəyə keçid təklif olunub. Briketlər odunu əvəz edir, odundan qat-qat artıq istilik verir və uzun müddət yanır. Bu baxımdan onların istifadəsi həm səmərəlidir, həm də meşəyə olan ehtiyacı azaldır. Həmçinin, xarici ölkələrdən briket və bu tipli məmulatların gətirilməsi işinin stimullaşdırılması məsələsinə baxılmalıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri