Okt
2021
13:56
128
21
3762
Virtual karabakh

Azərbaycanın görkəmli şairi: “Şüursuz şəkildə çox şeydən qorxuram” - MÜSAHİBƏ + FOTO

Görkəmli şair Məmməd İsmayıl 1996-cı ildən Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professorudur.

Biz onu daim dünyanın müxtəlif ölkələrində keçirilən ədəbiyyat tədbirlərində görürük. O, hər il Vətənə gəlir, öz doğma torpağını ziyarət edir.

 “Kaspi” qəzetinin Məmməd İsmayıldan aldığı müsahibəni təqdim edirik:

- Məmməd müəllim, hər şairin öz yaşam qaydaları, meyarları, dəyərlər sistemi var. Bəs sizin nəzərinizdə ləyaqətli şair ömrü necə olmalıdır?

- Haradansa bir daş atsalar, pəncərəyə dəysə, mən də çoxları kimi dik atılaram. Yəni şüursuz şəkildə çox şeydən qorxuram. Amma şüurlu şəkildə heç kəsdən qorxacağım yoxdur. Çünki mənim arxamca buraxdığım izlərdən yaxşı xəbərim var. Həyatda çox şey üzərindəki izi saxlayır: suyun üstündə yerisən, orada da iz qalır, dumanın içindən keçsən, orada da. Bəzən insan həyatında da elə izlər qalır ki, onlardan qaçmaq mümkün deyil. Ona görə də həyatda elə izlər buraxmalısan ki, sonra onlar edam kəndiri kimi arxanca gəlib səni məhv etməsin. Dünyada çox şeyin bəlası həzdədir. Söhbət hər mənada həzdən gedir. Necə ola bilər ki, sən həm istəyirsən ki, hər şeydən həzz alasan, həm də sənə “gözünün üstündə qaşın var” deməsinlər? Bu, mümkündürmü? Heç vaxt. Həmişə çalışmaq lazımdır ki, arxanda adını batıran, səni məhv edən bir iz qalmasın. Ona görə də, aza qane olub təmiz yaşamağa özünü alışdırmalısan. Hər halda, mən özüm belə yaşadığıma görə, ləyaqətlə yaşamaq yolunu tutanlara da bunları deyə bilərəm.

- Sizin şəxsiyyət və yaradıcılığınıza həsr olunan şeirlərdən ibarət “Sən indi hardasan, Məmməd İsmayıl?” adlı kitab çap olunub. Həmin kitabdakı şeirlərin böyük əksəriyyəti sizi geriyə - Vətənə səsləyir. Eşitdiyimə görə, gələn ildən Vətənə biryolluq qayıdacaqsınız. Bu qayıdışınızda o şeirlərin - həmin çağırışların rolu varmı?

- İyirimi iki il əvvəl 60 illiyim ərəfəsində yaradıcılığım və həyat yolum haqqında “Yaş altmışa dayandı” adlı bir kitab da çap olunmuşdu. Kitabı oxuyanda başımın tükləri biz-biz olmuşdu. O qədər həyəcanlandırıcı kitab idi ki! Sanki haqqında kitab yazılan adam bu dünyadan köçüb, onun bütün fiziki gücü yox olub, enerjisi ancaq mətnlərində qalıb. Və barəsində yazanlar sanki ona ağı deyirdilər, haqqında söhbət gedən şairin, sadəcə quruca adı ortadadır, onunla bağlı bütün həsəd, paxıllıqlar isə artıq geridə qalıb. Canımız adımızın ögey Vətənidir. Çünki adımız qalır, canımız isə dünyadan köçüb gedir. O nəşrdə çox mötəbər imzaların mənim haqqımda yazıları vardı. Həmin yazıları oxuyanda düşündüm ki, kaş heç qürbətə getməyəydim. Qürbət də bir növ o dünyadır. “Sən indi haradasan, Məmməd İsmayıl?” kitabını oxuyub bitirəndən sonra da oxşar hissləri keçirdim. Bizim ən yaxşı adamlarımız hər gün bizi təqdir etmir. Məsələn, həyat yoldaşımız demir ki, sən böyük şairsən, övladlarımız söyləmir ki, ata, fəxrimiz, vüqarımızsan. Amma səndən bir köynək aralı olan adamlar sənin şair kimliyini daha yaxşı dərk edir və bunu dilə - yazıya gətirirlər. Səndən bir köynək uzaqdakı adamların səni sevməsi Allahın sevgisi, Yaradanın təqdiridir və onları qiymətləndirmək boynumuzun borcudur.

Əlbəttə, o kitabdakı yazılar həm səsli, həm də səssiz haraylardır. Bir qaya önündə haray çəkirsən, səsin yüz yerdən özünə qayıdır. O yazılar məndən mənə qayıdan çoxsaylı haraylardı. O şeirlər mənim qürbət həyatımın vətəndəki əks-sədalarıdır. O əks-sədaların qayıtdığı boşluq mənim Azərbaycandakı boşluğumdur. Vətənimdəki boşluğumu ya məzarımla, ya güzarımla doldurmalıyam.

- Bir şeirinizdə “Mən olan zamanın qulağı kardır, eşidən deyildi nə söyləsəm də” yazırsınız. Xaqani Şirvani Yeyir İsa süfrəsindən nemət eşşək arısı” yazaraq müasirlərini qınayırdı, Nizami Gəncəvi Əsrdaşlarımın yaramazlığı barədə” yazırdı, Məhəmməd Füzuli Şikayətnamə” ilə dövrünü qamçılayırdı. Sizcə, haçansa şairin sözünün eşidildiyi dövr olubmu?

- Aleksandr Puşkin dövrünün vacib adamlarından sayılan Nikolay Mixayloviç Yazıkova ünvanladığı məktubda belə gileylənirdi: bu necə zamandır ki, səhər yazdığın şeirin günorta zamanı keçdiyini fərq edirsən. Yaxud Yuri Kuznetsov heyfslənirdi ki, yaşıdlarım arasında dost tapa bilmədim. Yəni dövrdən gileylənmək özündə cəmiyyətə söz deməyə mənəvi haqqı olan əksər şairlərdə olub. Əgər ömründə bircə dəfə şairin ilham naqilləri Allahın diktəsi ilə ilahi bir mətn yarada bilirsə, o şair əsrlərlə insanların yaddaşında yaşamağa layiqdir. Bəzi şeirlərim var ki, onları mən yazmamışam. Onlar Allahın diktəsi ilə kağıza köçürülüb. Məsələn, bu şeirim:

Bir qapı döyüləcək bu yolların başında
Pəncərə işığından diksinəcək bu gecə.
Bir ürək döyünəcək bu yolların başında,
Buza dönmüş arzular isinəcək bu gecə.

Açacaq qollarını xoş gələn qonağına,
Güləcək bir ananın divarları, daşları.
Bir sevinc qışqıracaq gecənin qulağına:
Bakıdan oğlum gəlib – başında yoldaşları...

Hamısını demirəm, həvəsi olan özü tapıb oxuyar. Ancaq o şeir bir daha və heç bir peşəkarlıqla qələmə alına bilməz. Sən heç qızılın köhnəldiyini görübsən? Yox. Qızıl heç kəsə can atmır, insanlar ona can atırlar. Torpağın altında da qızıl qızıldır. Fikir yüklü misralar qızıla bərabərdir, kiminsə onun fərqində olub-olmamağı vacib deyil. Kimi-kimsəsi olmayan Məhəmməd Füzuli bu gün ona görə dimdik ayaqdadır, bizim aramızdadır. Bu gün özünü “postmodernist” adlandıran hansısa şair bu misradakı fikir qədər müasir, fərqli, yenilikçi ola bilərmi? İnanmıram:

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Dünyanın 12 ölkəsində kitabım çıxıb, üç ölkədə də çapa hazırlanır. O  kitabların çapına nə  böyük pul xərcləmişəm, nə də nəşrlərindən ötrü kiməsə ağız açmışam. Bu özünütərif kimi başa düşülməsin, sadəcə yaradıcılığım haqqındakı faktı deyirəm. Amma öz Vətənimdə çoxları məni görməzdən gəlir, ona görə də, sənin sualındakı misraları - “Mən olan zamanın qulağı kardır, eşidən deyildi nə söyləsəm də” deməyə mənəvi cəhətdən haqqımın olduğunu düşünürəm.

- Bir şeirinizdə belə bir fikir səsləndirirsiniz ki: “Musanı dağlara çəkən nəydisə, məni də qürbətə o çəkəcəkdi”. Bu misralardakı fikir şeirdə tam aydın olmur, eyni zamanda Musa peyğəmbərin dağlara çəkilməsi müxtəlif dini səbəblərlə izah edilir. İstərdim sizi qürbətə çəkən səbəbi daha geniş müstəvidə şeirinizdəki analogiyanı əsas götürərək şərh edəsiniz...

- Mən misraların qədərinə inanan şairəm.

İki sahil yaxasıyam,
Həsrət-həsrət baxasıyam.
Mən Dardanel boğazıyam,
Hamı məndən keçib gedər…

Bu misraları yazandan yeddi il sonra gözümü açıb özümü Dardanel boğazının sahilində tapdım. 26 ildir iş otağımın pəncərəsi həmin boğaza açılır. Halbuki o şeiri damağımın çağ, kefimin kök vaxtında yazmışdım və o zamanlarda qürbətdə yaşamağa məcbur olacağımla bağlı xırda bir ehtimal da yox idi. Onda iki jurnalın baş redaktoru idim. “Gənclik” jurnalı 300 min tirajla çıxırdı. Görəsən, onda bu misraları niyə qələmə almış, nə üçün başqa boğaz yox, məhz Dardanel yazmışdım? Çünki şair, bəlkə, özü də fərqində olmadan alın yazısını oxuyub yazır. Elə vaxtlarım oldu ki, ən yaxın dostlarım belə mənə yaxın durmadılar. İndi əksəri yenidən qucaq açmaq istəyirlər. İndiki Məmməd İsmayılla dost olmağa nə var? Övladlarım, ailəm aclığın astanasında olanda, mən əlacsız qalıb Tovuzun Əsrik kəndində yer belləyəndə, əkin əkəndə sinəsini qabağa verənə ehtiyacım vardı. Qayıdaq sənin sualına:

Musanı dağlara çəkən tale Allah idi, məni də qürbətə öz nəsibim apardı. Allah deyilən qüdrət mənə deyir ki, Məmməd, sən məndən varmı istəmisən? Yox! Vəzifəmi istəmisən? Xeyr. Sən məndən arzularınla imkanlarının uzlaşmasını istəyibsən, mən də sənin üçün o imkanı, şansı hər zaman yaratmışam. Ona görə də, naşükür, şikayətçi deyiləm. Bax, Araz əgər Türkiyədən axıb Kürə qovuşmasaydı, Xəzərə çata bilərdimi? Araz Kürə qovuşub dənizə can atır, Kür də dənizdə öz adını itirəcəyini bilə-bilə yenə Xəzərə can atır. İnsan da həyatdakı bütün gücünü sərf edir ki, Allaha qovuşsun. Şair yalnız İlahi şeirləri və təmiz vicdanı ilə Allaha qovuşa bilər.

- Siz zaman-zaman səfər düşüncələrinizi şeirləşdiribsiniz. Himalaydan Paris küçələrinəcən yaşadığınız günlərin izlərini şeirlərinizdə görmək olar. Dünyanı görmək sizin şair kimi düşüncələrinizə nə dərəcədə təsir elədi və səfərlərlə bağlı yaşantıları şeirləşdirmək nə qədər gərəklidir?

- Sovet dönəmində xeyli publisistik şeirlər yazmışam. Məsələn, “Göz yaşı qülləsi” şeirim. 30-40 yaş arası SSRİ Yazıçılar İttifaqının xətti ilə dünyanın bir çox ölkələrini gəzmişəm. Mənim yaradıcılığıma bu gün də həmin ölkələrdə böyük rəğbət var. Məsələn, bildiyim qədərincə Moskvada Ədəbiyyat İnstitutunun binasında Qafqazlı məzunlardan bircə mənim portretim asılıb. Bu təsadüfü deyil, məsələn, “Литературная газета” - nın redaktorunun müavini vardı, Krivitski, bir dəfə onunla qəzetdə Azərbaycan şairlərinin şeirlərinin davamlı olaraq poeziya səhifəsinin ən aşağısında verilməsi ilə bağlı mübahisəmiz olmuşdu. Söhbət zamanı ona dedim ki, nəyə görə Bəxtiyar Vahabzadənin şeirini hamıdan sonra, səhifənin aşağısında veribsiniz, bu həm şairə, həm də Azərbaycan ədəbiyyatına hörmətsizlikdir. O isə siyirməsindən Bəxtiyar müəllimin şeirlərinin qəzetdə çap olunması ilə bağlı  redaksiyaya göndərdiyi təşəkkür məktubunu çıxarıb oxudu. Dedim, bununla etdiyiniz yaxşılığı sübut edirsiniz? Görün siz Azərbaycan şairlərinə necə pis münasibət göstərirsiniz ki, onlar aza qane olaraq sizə təşəkkür ünvanlayırlar. Halbuki Bəxtiyar Vahabzadənin haqqıdır ki, səhifənin ən başında  çap olunsun. Söhbətimizin nəticəsi oldu və ondan  sonra Azərbaycan şairlərinin şeirlərini daha gözəgəlimli yerdə dərc edirdilər. Sualına cavabı konkretləşdirsək, onu deyərəm ki, sonralar xarici səfərlərdə publisistik şeirlər yazmadım, bunun şairlik olmadığını başa düşdüm. Dünyanı görmək, bəşəri düşünmək baxımından dünyagörüşümə çox təsir eləyib.

Eyfel qülləsinə çıxma ki, çıxsan
Paris ayağının altında qalar.

Bütün dünya ədəbiyyatının ədəbi prospektləri Parisdə kəsişir. Bu misraları yazmaq üçün gərək Eyfeli görəsən. Məsələn, Kubada elə ot var ki, bələdçi həmin ota əlini uzadır, ot içinə çəkilir, əlini geri çəkir, ot açılır. Himalay dağına çıxmasan, Hindistanın əski dünyadan qalma bir torpaq parçası olduğunu haradan bilə bilərsən?! Bütün bu möcüzələri görmək gözəldir, çünki onlar şairin düşüncəsinə, dünyagörüşünə təsir edir. Amma fikrimcə, səfər şeirləri yazmaqdansa, səfərlər haqqında gündəlik yazmaq, təəssürat məqalələri qələmə almaq daha gərəkli olardı.

- Şeirlərinizdən danışmışkən bu misralarınızı da yada salaq. Yazırdınız ki, “Vətən Qarabağsız yarıvətəndir, mən də ki, Vətənsiz yarımadamam?” Şükürlər olsun ki,  torpaqlarımız azad olundu, daha bütövsünüzmü?

- Fərid, inan, mən Qarabağsız yaşaya bilmirdim. Vətənsiz yarıbədən, yarımcan idim. İkinci Qarabağ müharibəsindən əvvəl bir müsahibəmdə demişdim ki, mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəyəm. Şuşanın azad olunması xəbərini eşidəndə hönkür-hönkür ağladım. Şuşanın azad olunması ilə İstanbulun fəthini eyniləşdirmək olar. O mənada ki, ərəblər bir neçə dəfə Konstantinopolu fəth etmək istəyiblər, amma mümkün olmayıb. Bu səbəbdən Məhəmməd peyğəmbər deyirdi ki, Konstantinopolu fəth edəcək ordu nə mübarək ordudur, ona öndərlik edəcək komandir nə mübarək komandirdir. Eyni fikri Şuşanın azadlığına aid etmək olar. Bax, bu gün qalib millətin qalib şairi kimi qarşında oturmuşam. Allahın bu gününə çox şükür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri