25 
Okt
2021
19:20
127
13
1504
Virtual karabakh

Rasim Quliyevin məhkəməsində Əbülfəs Qarayevin Hacıbala Abutalıbova məktubundan bəhs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanıb.

Məhkəmədə Dövlət Tikinti Arxitektura Komitəsinin birinci müavini Namiq Hümbətovun bu il 7 oktyabrda “FF” Tikinti Şirkətinin rəhbəri Fərhad İbrahimova ünvanladığı məktub elan olunub. Məktubda bildirilir ki, binanın tikintisi 2017-ci ildə başlanıb.

Prosesdə məktuba münasibət bildirən Rasim Quliyev bildirib ki, məktubdan da məlum olur ki, artıq 2017-ci ildə binanın tikintisinə başlanılıb.

Sənədlərdən məlum olub ki, “FF” şirkətinin tikdirdiyi binanın yerində yeni metro stansiyasının girişi nəzərdə tutulduğu üçün həmin yaşayış kompleksinin inşası dayandırılıb.

Məhkəmədə elan olunan sərəncamlardan məlum olub ki, 2012-ci il avqustun 1-də Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun imzası ilə sərəncam verilib. 2014-cü il oktyabrın 28-də isə Hacıbala Abutalıbov həmin ərazidə tikinti aparılmasını dayandırılması barədə sərəncam verib. 2015-ci il oktyabrın 21-də isə H. Abutalıbov bir il əvvəlki sərəncamın ləğv edilməsi barədə təkrar sərəncam imzalayıb. Bundan sonra 2012-ci ildə verilən sərəncam öz qüvvəsində qalıb.

Şirkət 2015-ci ildə ərazidə tikinti aparmaq üçün xüsusi tikinti nişanı alsa da, məlum olub ki, 2015-2018-ci illərdə şirkətin həmin ərazidə tikinti-quraşdırma işləri aparması üçün xüsusi nişan qüvvəsini itirib. Buna görə də şirkət tikinti işləri aparmaq üçün yenidən sərəncam almalı olub.

31 may 2018-ci ildə Rasim Quliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tikintiyə icazə barədə sərəncam imzalayıb. Bundan sonra şirkətə yeni tikinti nişanı verilib.

2018-ci ilin 1 oktyabrında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Rasim Quliyevin imzası ilə olan sərəncamı ləğv edib. 11 mart 2019-cu ildə Fövqəladə Hallar Nazirıiyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tikintinin dayandırılması barədə qərar verib. Bundan sonra isə 2019-cu il martın 13-də Nazirlər Kabineti şirkətin ərazidə 5 mərtəbə bina tikməsinə razılıq verib.

2019-cu il mayın 6-da keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Baş nazirin saviq müavini Hacıbala Abutalıbova məktub göndərib. Məktubda qeyd olunub ki, Dilarə Əliyeva 141 və 145 saylı ünvandakı ikimərtəbəli binalar yerli əhəmiyyətli tarixi abidədir. Məktubda göstərilib ki, həmin binalar qəzalı vəziyyətdədir, binalarda çatlar əmələ gəlib.

Daha sonra Hacıbala Abutalıbov həmin binaların tarixi abidələr siyahısından çıxarılması üçün aidiyyəti qurumlara müraciət edib. Aidiyyəti qurumların bəziləri həmin binaların bərpasına külli miqdarda vəsait tələb olunduğunu əsas gətirərək bu binaların tarixi abidələrin siyahısından çıxarılmasına etiraz etməyib.

Prosesdə vəkillər məhkəməyə sənəd təqdim edib. Sənəddə Rasim Quliyevin hepatit xəstəliyindən əziyyət çəkdiyi göstərilib.

Məhkəmənin növbəti iclası noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri