16 
Noy
2021
13:48
119
16
2032
Virtual karabakh

Yeni sosial layihə: “Gözləri ilə danışan mələklər” - FOTO/VİDEO

16 Noy, 2021
13:48
2032

Yeni sosial layihə: “Gözləri ilə danışan mələklər” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ilk uşaq televiziya kanalı “ARB Günəş” “Gözləri ilə danışan mələklər” adlı yeni sosial layihəyə start verib. 

Telekanal eşitmə və nitq məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirən sosial klipin çəkilişlərinə başlayıb. Məqsəd bu qəbildən olan uşaqların cəmiyyətdə özünə layiqli yer tutmasına, sağlam ruhda böyüməsinə, təlim və tərbiyəsinə, eləcə də, onların təhsilinə diqqət yönəltməkdir. Sosial əhəmiyyət daşıyan ekran işi xüsusi qayğıya ehtiyac duyan uşaqların gündəlik həyatda - ailə və cəmiyyət içində yaşadığı problemləri gündəmdə saxlamağa xidmət edir. Layihənin ssenarisi nitq və eşitmə qüsurlu uşaqların, eləcə də, onların mənsub olduğu ailə üzvlərinin aldığı psixoloji və mənəvi zərbələrin ağırlığından bəhs edir. Çəkilişlərin bir qismi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 saylı Xüsusi internat məktəbində aparılır. Sosial mövzulu klipin musiqisini Xalq artisti Gülyanaq Məmmədova ifa edib. 

Mahnının sözlərini övladı eşitmə və nitq qüsurlu olan valideyn Esmira Etibarqızı qələmə alıb. Mahnının musiqisi bəstəkar Yaqut Almazlıya, aranjimanı isə Faiq Kazımova məxsusdur. Rolları Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Mehriban Xanlarova, aktrisa Ülviyyə Rza, aktyor İlqar Musayev canlandırıb. Mehriban Xanlarova həm də, klipdə səsləndirilən şeiri ifa edir. Onu da qeyd edək ki, Əməkdar artistin hər iki valideyni eşitmə və nitq məhdudiyyətli olub. Eşitmə və nitq məhdudiyyətli uşaq rolunu isə elə mahnının söz yazarı Esmira Etibarqızının övladı - real həyatda da eşitmə və nitq məhdudiyyəti olan altı yaşlı məktəbli Aytən Bağırova canlandırır. 

Qeyd edək ki, Aytən Bağırova Bakı şəhər, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin 1-ci sinif şagirdidir. Layihədə jest dilindən istifadə olunması planlaşdırılır. Bu da məhz eşitmə və nitq məhdudiyyətli tamaşaçıların ekran işini daha səmərəli şəkildə izləyə bilməsinə imkan yaradacaq. Sosial layihənin rəhbəri və ssenari müəllifi Məhsim Məhsimov, baş prodüser Yaşar Əhmədovdur. Quruluşçu rejissoru Vüsal Məmmədov, prodüseri Sadiq Şahbazovdur. 

“ARB Günəş” televiziyası fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası mövzusuna hər zaman xüsusi diqqət və həssaslıqla yanaşır. Telekanal mütəmadi olaraq, bu uşaqların həyatını əks etdirən videomateriallar, süjet və verilişlər hazırlayır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri