14 
Yan
2022
17:46
31
152
5217
Virtual karabakh

Cəhənnəm, əli bir yerə ilişsin

14 Yan, 2022
17:46
5217

Cəhənnəm, əli bir yerə ilişsin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Emilya Tağıyeva yazır...

Son günlər sosial mediada uşaqlarımızı əmanət etdiyimiz təhsil ocaqlarında onlara qarşı şiddət barədə videolar yayılıb. Dünən bağçada tərbiyəçi işləyən qadının “Instagram”da işlədiyi bağçanın səhifəsinin “like”ları üçün balacanı şəklini çəkəndə ona zor tətbiq etməsini özündə əks etdirən kadrlar yayıldı, ondan əvvəl isə məktəb direktorlarının şagirdlərə əl qaldırmasının görüntüləri paylaşıldı. Bağça ilə bağlı görüntülər hər kəs tərəfindən şiddətlə qınanılsa da, məktəbdə qeydə alınan kadrlara ikili münasibət göstərildi. Bəziləri müəllimin tərbiyə məqsədiylə bu addımı atdığını, başqa çarəsi olmadığını, uşağın onu bu həddə çatdırdığını deyir, digərləri nə baş verməsindən asılı olmayaraq, şagirdə, xüsusən də keçid dövründə olan birinə əl qaldırılmasının düzgün olmadığını deyirlər.

Bəs hansı yanaşma daha düzgündür?

İlk olaraq deyim ki, 20-30 il əvvələ kimi uşaqların müəllimlər tərəfindən döyülməsi çox adi hal idi, bunu tərbiyə üsulu sayırdılar. Hətta yadıma gəldiyi qədər uşağın alnına iki yazıb sinif-sinif gəzdirildiyi hallar da olub. Həmin vaxt bu kütləvi hal olduğundan adi qarşılanır, uşaqlara o qədər də təsir etmirdi.

Amma bu gün belədirmi?

Orta məktəb illəri uşaqların ən emosional dövrüdür və bu zaman kəsiyində aqressivlik, qəddarlıq da müşahidə olunur. Bu zaman geyim-keçimdən, boy-buxundan, arıqlıq-köklükdən tutmuş smartfonun, hətta qulaqlığın markasına kimi hər şey lağ hədəfi ola bilər. Son iki illik pandemiya isə vəziyyəti daha da çətinləşdirib - səbirsizlik, aqressiya baş alıb gedir, ailələrdə boşanmaların sayı çoxalıb, nəticədə tək valideyn himayəsində böyüyən uşaqların sayı artıb. Maddiyyatın yaratdığı problemlər də keçid dövründə olan uşaq üçün əlavə yükə çevrilir.

Məktəb psixoloqları məhz bu anda lazımdır. Amma təəssüf ki, təhsil müəssisələrində onların sadəcə adları var. Deməli, praktikada psixoloqdan əlimizi üzməliyik.

Yerdə qalır müəllim və valideynin əlbirliyi. Son zamanlar bu da demək olar ki, mümkünsüz hala gəlib: başı sosial problemlərə qarışan bəzi valideynlərin uşağı ilə məşğul olmağa nə imkanı, nə də həvəsi qalmır. Digərləri isə əksinə, müəllimin uşağı danlamasına görə onun üstünə gedir, uşağın hər hansı bir hərəkəti ilə bağlı narazılıq eşidəndə isə “mənim uşağıma böhtan atırsınız” deyir, bir başqası da “balasına toxunanın başına məktəbi uçuracağı” anonsunu verir və sair.

Əlbəttə, uşaq tərbiyəsində ən böyük məsuliyyət valideynin üzərinə düşür, bu danılmazdır. Ancaq hər hansı səbəbdən bu mümkün deyilsə, müəllim məsuliyyətdən azad olurmu?

Demək olar ki, hər birimizin çox sevdiyi, uzun illər keçməsinə baxmayaraq, böyük hörmətlə xatırladığımız müəllimlər çoxdur. Amma heç yadımıza düşməyən, bəzən isə yadımıza düşəndə qəzəbləndiyimiz pedaqoqlar da var. 

Bəs niyə müəllimlərin hamısı eyni cür davranmır? Düşünürəm ki, bunun səbəbi bu müqəddəs peşəyə barmaqarası yanaşmadır. Əksər valideynlər qız uşaqlarının böyüyəndə müəllim olmasını istəyir və bunu övladına təlqin edir. Səbəbi peşənin “əli-ayağı quru”, sakit, asan olmasıdır: Nə var ki? Gedib uşaqlara 3-4 saat dərsini deyəcək, sonra evinə qayıdacaq. Həm “hökumət işidir”, həm repetitorluq edə bilər, həm ailəsinə, uşağına vaxt ayıra biləcək, həm də ayın axırında filan qədər pul alacaq.

Elə bilirsiniz təkcə ata-analar belə fikirləşir? Xeyr! Fikir verin, imtahanda da ən aşağı bal müəllimlikdə olur. Hətta özünə güvənməyən uşaqlar ixtisas seçimində müəllimliyi yazırlar ki, “cəhənnəm, əli bir yerə ilişsin”.

Burada yanlış anlaşılmanın qarşısını almaq üçün bir məsələni vurğulamaq istəyirəm: Mən qətiyyən ali məktəblərə girmək üçün giriş balının qaldırılmasının tərəfdarı deyiləm. Hətta əksinə istərdim ki, bizdə də bir çox xarici dövlətlərdə olduğu kimi institutlara, universitetlərə giriş açıq olsun – qəbul imtahansız, tək attestatla həyata keçirilsin. İmtahan isə ali məktəbdə təhsilin sonunda – diplom alınanda verilsin.

Qayıdaq müəllimlik ixtisasına. Bu həqiqətən də asan peşədirmi? Xeyr. Mən deyərdim hətta həkimlik qədər çətindir. Tibb işçiləri heç olmasa pasiyentin müayinəsi zamanı diaqnoz qoymaq üçün müxtəlif təhlillər, rentgen, kompüter tomoqrafiyası və sair kimi yardımçı vasitələrdən istifadə edirlər.

Ancaq bir uşaqla necə davranmağa, ona hansı tərəfdən yanaşmağı, ürəyini ələ almağı göstərəcək yardımçı vasitə hələ kəşf olunmayıb. Burada bütün məsələ gələcək müəllimin universitetdə bu peşəyə yiyələnərkən pedaqogikanı, psixologiyanı nə dərəcədə mənimsəməsindən və öz intuisiyasından asılıdır.

Müəllimliyə barmaqarası baxanlar, dörd ili birtəhər başa vuraraq “asan” peşəyə sahib olmaq istəyənlər sinfə girəndə və əsl həqiqəti görəndə özlərini itirirlər. Bəziləri uşaqlara nəzarəti əlinə almaq uçun aqressiv münasibəti seçir, cəzalar, təhqiredici ifadələr, hətta döyməklə onların öhdəsindən gəlməyə çalışır, digərləri isə bunun əksinə şagirdləri görməzdən gəlmə yolunu seçir, 3-4 saat “dərsini” keçib, evinə yollanır…

Hər ikisi təhlükəli haldır. Uşaqlara qarşı aqressivlik nəyi öyrədir? Əlində hakimiyyətin, gücün varsa, qışqıra bilərsən, alçaltmaq, təhqir etmək, hədələmək, hamının gözü qarşısında ələ salmaq “imtiyazlarına” sahibsən. Şagirdə qarşı laqeydliyin fəsadları heç də bundan az deyil. O, var olduğunu sübut etmək üçün daha da aqressivləşə və hətta cinayətə əl ata (son dövrlərdə bütün dünyada məktəblərdə şagirdlər tərəfindən həyata keçirilən qətliamlar bunun bariz sübutudur), ya da özünə qapana bilər…

Vəziyyətin ciddiliyini göstərmək üçün ötən günlərdə saytımızda gedən müsahibələrdən birinə diqqət çəkmək istərdim. Müsahib Bakının mərkəzində KRESLODA yaşayan Rövşən Orucov adlı biri idi. 56 yaşlı bu kişinin bütün varidatı – kolbasa, çörək, su və məhəllə sakinlərindən birinin hədiyyə elədiyi “spalnik” (yuxu çantası) idi. Müxtəlif cinayətlərə görə, uzun illər həbsdə yatan keçmiş məhkuma heç yerdə iş verilmir. Söhbət əsnasında onun cinayət, fırıldaq, yalan dolu faciəli həyatının təməlinin beşinci sinifdə (?) oxuyarkən qoyulduğu aydın olur.

Rövşənin sözlərinə görə, dərslərini yaxşı oxusa da, dəcəl olub. 10-11 yaşında olarkən bir davaya qarışıb, bundan sonra direktorun otağında döyülüb. Uşaq ağlı ilə intiqam almaq istəyən məktəbli gecə təhsil müəssisəsinin pəncərələrini qırıb. Direktor onu məktəbdən qovub, valideynləri isə onu başqa məktəbə qoymayıblar… Nəticə, uşaq yaşlarından quldur dəstələrinə qoşulan bakılının həyatında xırda cinayətlər, həbs dolu günlər başlayıb…

Burada müəllim və valideyn “həmrəyliyi”nin bir insan ömrünü necə məhv etdiyinin şahidi olduq. Əslində bu “birlik” təkcə Rövşənin deyil, onlarla insanın həyatına təsir göstərib. Axı Rövşən tək olmayıb, onun quldurluğa cəlb etdiyi insanlar da var, fırıldağının qurbanı olanlar da, buna görə həyatında çətinlik yaşayanlar da. Bu “domino effekti”ni sonsuza qədər uzatmaq olar.

Və Rövşən yüzlərlə nümunədən sadəcə biridir.

Müəllim unutmamalıdır ki, istənilən aqressiv davranış əslində kömək çağırışıdır: Özümü pis hiss edirəm, bacarmıram, anlamıram, öyrənə bilmirəm, başa düşmürəm, mən bədbəxtəm, mənə kömək edin hayqırtısı. Uşağın problemini anlamaq üçün çox da uzağa getmək lazım deyil: Hər bir məktəbdə şagirdin “şəxsi işi” olur. Həmin sənəddə onun ailə tərkibi, çətinlikləri, çəkindikləri, xarakteri, qiymətləri, hətta tibbi arayışı olur. Müəllim ən azı buradan yola çıxaraq uşağa hansı tərzdə yanaşacağını anlaya bilər.

Məqalənin sonunu müəllimimin bir sözü ilə yekunlaşdırmaq istəyirəm. O demişdi ki, artıq robotlaşma əsrinə gedirik (90-ci illərdə idik), bir azdan əməliyyatı belə robotlar həyata keçirəcək, maşın, təyyarə sürəcək, satıcı işləyəcək. Ancaq bütün ixtisaslara yiyələnsələr belə, heç vaxt robot-müəllim görməyəcəksiniz. Çünki burada standart yoxdur: Bir uşağı rəqabət yaratmaqla yaxşı qiymətə həvəsləndirmək mümkündürsə, digərini tərifləməlisən. Əksi olarsa, biri arxayınlaşar, digəri həvəsdən düşər. Ümumiyyətlə hər şagirdə qavrama qabiliyyətini bilib, ona uyğun qiymət yazılmalı, fərdi yanaşılmalı, münasibət göstərilməlidir. Ürəyi, ruhu olmayan robotlar heç zaman bunu edə bilməzlər.

Əminəm ki, belə yanaşma olarsa, ən aqressiv uşaqları da ələ almaq olar. Səbir, hövsələ, həvəsə gəldikdə isə, kim demişdi ki, müəllimlik asan peşədir?..

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri