17 
Yan
2022
17:54
42
330
1627
Virtual karabakh

Deputat: “Məsuliyyətsizlik etsək, qaydalar yenidən sərtləşdirilə bilər”

17 Yan, 2022
17:54
1627

Deputat: “Məsuliyyətsizlik etsək, qaydalar yenidən sərtləşdirilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq dünyanın inkişaf etmiş ölkələrində, Avropada, Amerikada koronovirus infeksiyasının yeni “Omikron” ştammı yayılıb. Həqiqətən də koronovirus pandemiyasının başladığı ilk gündən üçüncü ştammdır ki, geniş yayılır. Ümumiyyətlə bu gün koronovirus infeksiyası ilə bağlı tibb elmi, əvvəlki dövrə nisbətən daha çox məlumatlıdır”.

Bu barədə Oxu.Az-a açıqlamasında deputat Məlahət İbrahimqızı danışıb. O bildirib ki, səhiyyə təşkilatları, digər aidiyyəti qurumlar keçən dövr ərzində bu istiqamətdə kifayət qədər təcrübə əldə ediblər:

“Aparılan tədqiqatlar onu göstərir ki, “Omikron” ştammının törətdiyi xəstəlik “Delta” ştammına nisbətən daha yüngül olsa da, yoluxuculuq tezliyi yüksəkdir. Ona görə də bu ştamm Avropada aşkar olunduqdan çox qısa müddət sonra bütün qitəyə yayıldı. Hətta vəziyyət o dərəcəyə çatdı ki, Avropa məkana daxil olan ayrı-ayrı ölkələr çox sərt karantin qaydaları tətbiq etməyə başladılar. Amerikada ali və orta məktəblərdə təhsil sistemində yenidən məsafədən tədris sisteminin tətbiqinə keçildi”.

M.İbrahimqızı “Omikron” ştammının Azərbaycanda da qeydə alınması ilə bağlı məsələyə münasibət bildirərkən bildirib ki, ştamm aşkarlanmamışdan öncə ölkədə virusun bu növünün yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb:

“Ölkədə əhali arasında “Omikron” ştammının sürətlə yayılmasının qarşısını almaq məqsədilə lazımi tədbirlər, qaydalar təkrar-təkrar elan edilib və vətəndaşların da bu qaydalara riayət edərək sağlamlıqlarının qeydinə qalmaları tövsiyə edilib. “Omikron” ştammından qorunmaq üçün keçən dövrdə koronovirusdan müdafiə olunmaq üçün atılan addımlara yenidən riayət edilməlidir. Konkret olaraq sosial hərəkətliliyin azaldılması, şəxsi gigiyena, dezinfeksiya qaydaları gücləndirilməlidir. Bunlardan da önəmlisi ilk növbədə vaksinasiya prosesinə cəlb olunmaq və yoluxma anında xəstəliyi daha yüngül şəkildə keçirmək üçün buster dozalara üstünlük verməkdir. Əhalinin artıq 60 faizə qədər hissəsi vaksinin hər iki dozasını qəbul edib. Buster dozanın isə tətbiqi davam edir.

Çünki Azərbaycan pandemiya dövründə vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biri olub. Vətəndaşlar vaksin vurdurmaqda könüllüdür və hər kəs özünün, ailəsinin sağlamlığını qorumaq üçün vaksin vurdurur. Bu gün də tibb işçilərinin, eləcə də bizim vətəndaşlara tövsiyəmiz odur ki, buster dozanı vaxtında vurdurmaq lazımdır. “Omikron” ştammının digər ştammlarla müqayisədə dəfələrlə sürətli yayıldığını nəzərə almaq lazımdır. Yanaşı xəstəliyi olanlar, vaksin vurdurmayanlar, özlərini riskə atmasınlar, hər iki dozada və daha sonra da gücləndirici buster dozanı da vurdursunlar. Hazırkı duruma görə fikir bildirsək, görərik ki, karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac yoxdur. Lakin məsuliyyətsizlik etsək, gigiyenik qaydalara riayət etməsək, müvafiq qurumlar digər ölkələrdə olduğu kimi sərtləşdirilmiş qaydaları tətbiq etməyə məcburdurlar. Lakin məncə, qaydalara riayət etməklə bunun qarşısını almaq olar. Hər bir vətəndaşın sağlamlığı və həyatı dövlətimiz üçün vacibdir və koronavirusa qarşı mübarizədə dövlətimizin bütün resurslarından istifadə edilir. Bütün bəşəriyyət, eləcə də Azərbaycan bu gözəgörünməz düşməni, virusu məğlub edəcəyimizə inanmalıdır. Hər şey bizdən asılıdır!”

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri