May
2022
13:38
340
19
4706
Virtual karabakh

İcra Hakimiyyətindən Vətən müharibəsi şəhidinin ailəsinin narazılığına CAVAB - YENİLƏNİB + FOTO

6 May, 2022
13:38
4706

İcra Hakimiyyətindən Vətən müharibəsi şəhidinin ailəsinin narazılığına CAVAB - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi Rayon İcra Hakimiyyəti Vətən müharibəsi şəhidi Elşən Orucovun həyat yoldaşı Tulzala Yusubovanın müraciətinə cavab verib. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhidin yoldaşı sonuncu 29.04.2022-ci il tarixi olmaqla, bir neçə dəfə Binəqədi Rayon İcra Hakimiyyətində qəbulda olub:

“Vətəndaşa Bakı şəhərində mənzil ilə təmin olunması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, 2021-ci il tarixindən öncə qeydiyyatda olduğu Qazax Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmalı olduğu və növbəti mərhələdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Qazax Rayon İcra Hakimiyyətinə göndəriləcək sorğu əsasında Bakı şəhərində mənzil ilə təmin olunmaq üçün növbəyə alınması qaydaları izah edilib. Əlavə olaraq qeyd edirik ki, vətəndaş Tulzala Yusubova Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna dəvət olunub”.

10:12

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi Elşən Orucovun ailəsi Binəqədi Rayon İcra Hakimiyyətindən narazıdır. 

Bu barədə şəhidin həyat yoldaşı Tulzala Yusubova Oxu.Az-a müraciət edib.

O bildirib ki, iki ildir ki, iki övladı ilə kirayədə yaşayır:

“Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri mənim şəhid ailələri üçün verilən evlərdən mənzil almağıma mane olurlar. Mən Binəqədi rayonunda əmimin evində qeydiyyatdayam və uşaqlarım burada təhsil alırlar. Kirayə yaşadığım üçün ev növbəsinə düşmək istəsəm də, qurum mənim sənədlərimi qəbul etmir.

Mənə bildirdilər ki, ev almaq üçün Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməyimi bildirdilər, amma onlar da sənədlərimi qəbul etmirlər. Anam mənə dəstək olurdu, amma o da vəfat etdiyi üçün iki uşağımla çox çətin vəziyyətdəyəm”.

Qeyd edək ki, E.Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.

O, 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elşən Orucov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.

Qəhrəmanımız “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri