10 
İyn
2022
10:32
176
18
4894
Virtual karabakh

Pulu səp ayaqlarının altına, sonra da Allahdan ruzi dilə...

10 İyn, 2022
10:32
4894

Pulu səp ayaqlarının altına, sonra da Allahdan ruzi dilə...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rövşən Əsədov yazır...

10-15 il, hətta daha uzun illər bundan öncə toylarımızda olmazsa olmaz bir adət var idi. Toyun aparıcısı – tamada bir-bir ailələrə söz verərdi. Ailə başçısı çıxış edəndən sonra bir musiqi sifariş edib öz ailəsini ətrafına toplayıb oynayardı. Qadınlar isə işvə-naz ilə cilvələnib rəqs edərdilər. Ailə başçısı da əlini cibinə salıb qadınlara şabaş verərdi. Əvvəl pulun elə bir dəyəri də yox idi, şabaş da köhnə pulla beş yüz manat, yaxud min manat (bir Məmməd) (indiki pul ilə 10-20 qəpik) olardı. Bəzən isə pulu topa ilə çıxarıb səpərdi oynayanların başına. Uşaq vaxtı biz də tez qaçıb yerə tökülən pulları yığardıq. 

Bəzi bölgələrdə isə fərraş olardı. O, şabaşa nəzarət edər, yerə töküldükcə yığıb ya musiqiçilərə, ya da toy sahibinə verərdi. Əlində çubuğu da olardı. Kimsə sözünü eşitməsə, qorxudardı.

İndi çox toyda belə adət qalmayıb. Pulun da dəyəri qalxıb deyə heç kim özünə sığışdırıb rəqs edənlərə qəpik vermək istəmir, manat da baha başa gəlir. Son dövrlər yalnız varlı, imkanlı adamların toyunda belə şeylərə rast gəlirik. Amma rast gəlməz olaq, həmin oliqarx toylarındakı mənzərə artıq adət yox, görməmişlikdir...

Bir neçə gün öncə ölkəmizdə toy məclislərinin birində çəkilən videonu izlədim. Müğənnilərdən biri həmkarı ilə rəqs edir, kişi müğənni qadının başına pul səpir, ardından isə pulun üzərində “Şalaxo” gedirlər. İrad bildirmək isə imkansızdır. Arqumentləri var, adət belədir. Adət belədirsə, demək ki, etdiyimiz doğrudur?! Adətlərimiz nə qədər etibarlıdır, müasir dövrümüzlə ayaqlaşırmı? 

Qardaş ölkə Türkiyədə isə vəziyyət bizə baxanda xeyli ürəkaçandır. Onlar toyda şabaşı kiminsə başından töküb, sonra üzərində rəqs etmirlər. Toya dəvət olunan qonaq yeni ailə quran cütlüyə pul hədiyyəsini mədəni şəkildə, bəyin və ya gəlinin boynuna sancaqla taxaraq təqdim edir. Başqa dövlətlərdə də buna bənzər nümunələr var. 

Əslində “şabaş” sözü dilimizə fars dilindən keçib, hərfi mənası isə “şad olsun”, “təbrik” deməkdir. Bizdə isə şabaş deyiləndə ilk ağıla gələn pul olur. 

Deyirlər pul səpmək ruzi, bərəkətdir. Bu anlama gəlir ki, ey rəqs edənlər, Allahdan ərz edirik ki, başınızdan aşağı bax beləcə ruzi, bərəkət tökülsün. Bu, birmənalı olaraq paradoksdur! İşlə, əziyyət çək, Allah sənə o ruzini, əməyinin haqqını yetirsin, yetirsin ki, get özünə, ailənə, övladına çörək al, ehtiyaclarını ödə, sən də o pulu səp ayağının altına üstündə oynayıb Allahdan ruzi dilə. Bir növ dini rituala bənzəyir bizimki... 

Pula, şabaşa hərisliyimiz o qədər yüksəkdir ki, başımızdan pul səpib üstündə oynamaq üçün saxta pulları belə “tədavülə” buraxmışıq. Bir “paçka” saxta yüzlük 5-10 manata sosial şəbəkələrdə açıq satışdadır. Əminəm ki, belə bir el adətimiz olmasa da, hökmən hərisliyimizə başqa bir don geyindirəcəyik...

Bizə elə ovaxtkı fərraşdan lazımdır, ayaqlarımızın altında tapdaq etdiyimiz o pulları yığıb əlindəki çubuğu ilə başımıza-başımıza döysün. Döysün ki, ay insan, bu cür görməmişlik etmə, o pula möhtac olan ailələr varkən sən yüzlükləri havada uçurursan, hələ bir qarnını da qabağa edib irişə-irişə o pulun üstündə atılıb-düşürsən. O pul ki, üzərində Azərbaycanın xəritəsi var, o pul ki, üzərində bizim dövlət atributumuz olan himnimizin sözləri var, o pul ki, üzərində Vətən müharibəsinin, qələbəmizin rəmzi olan “Xarı Bülbül”ün rəsmi var...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri