10 
Avq
2022
11:02
21
72
1535
Virtual karabakh

Rusiyanın əmək bazarında miqrantlar: Sayımız azalıb, yoxsa artıb? - AÇIQLAMA + FOTO

10 Avq, 2022
11:02
1535

Rusiyanın əmək bazarında miqrantlar: Sayımız azalıb, yoxsa artıb? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər ölkədən çıxarılmasını tələb etmişdi. Belə olmayacağı təqdirdə həmin şəxslərin ölkədən qovulacağı belə, bildirilirdi. Yayılan statistikaya görə, həmin vaxt Rusiyada 120 min azərbaycanlı qeyri-qanuni yaşayırdı.

Cari ilin ikinci rübündə Rusiyaya daxil olan əmək miqrantlarının sayı 3,12 milyon nəfər təşkil edib. Bu, son altı ildə rekord rüblük göstəricidir. Maraqlıdır, həmin göstəricinin təxminən neçə faizi azərbaycanlılardan ibarətdir? Ötənilki tələbdən sonra Rusiya əmək bazarında sayımız azalıb, yoxsa artıb?

Mövzu barədə Oxu.Az-a danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın rəhbəri Azər Allahverənov bildirib ki, təqribən bir il əvvəl Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ümumi sayı 600 min civarındaydı:

“Bu tələb təqribən 2021-ci ilin mart-aprel aylarında dilə gətirilmişdi. Onda Rusiya-Ukrayna münaqişəsi hazırkı səviyyədə deyildi. Rusiya çox maraqlıydı ki, ölkə ərazisində qeyri-qanuni yaşayan şəxslərlə bağlı məsələyə aydınlıq gətirilsin. Lakin bu tələb irəli sürülən zaman belə bir şərt də qoyuldu ki, çıxmaq istəməyənlər 15 iyunadək statuslarını leqallaşdırmalıdırlar. Yəni kim statusunu leqallaşdırsa, Rusiyada qala biləcəkdi, digərləri isə ölkəni tərk etməliydilər, üçüncü yol yox idi. Elə həmin ərəfədə çox sayda azərbaycanlı statuslarının leqallaşdırılması üzrə müəyyən addımlar atdılar, digərləri isə ölkəni tərk etdilər. Rusiya DİN-in açıqladığı rəqəmlərə görə, hazırda ölkədə 500 min civarında Azərbaycan vətəndaşı yaşayır. Yəni bir il ərzində 100 minə qədər azalma olub. Hələ 2022-ci ilin yanvar ayında bu göstərici təxminən 400 min idi”.

Həmsöhbətimiz azalmanın səbəblərindən də söz açıb:

“Onlardan biri statusu leqallaşdırma tələbidir. Digər səbəb isə Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalar qoymağa başlaması oldu. Çünki həmin sanksiyalar nəticəsində müxtəlif sahələrdə emal prosesi dayandırıldı, çox sayda iş yeri bağlandı, böyük layihələrin icrası mümkün olmadı. Beləliklə, orada çalışan miqrantlarımız iş yerlərini itirdilər, Rusiyada qalmalarına ehtiyac olmadığı üçün ölkəni tərk etdilər”.

Allahverənov bu gün 200 minə qədər azərbaycanlının Rusiyada əmək fəaliyyəti ilə məşğul olduğunu vurğulayıb:

“Ticarət sahəsində Rusiyada əmək fəaliyyəti ilə məşğul olanlar haqqında müxtəlif rəqəmlər səsləndirilir. Təxminən 200 minə qədər azərbaycanlının orada əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir. Onun 140 minə qədəri əmək patenti əsasında fəaliyyət göstərir. Onlar əsasən ticarətlə məşğul olsalar da, tikinti, kənd təsərrüfatı, elm və təhsil sahəsində çalışan vətəndaşlarımız da var.

Fikrimcə, bu gün Rusiya ərazisinə daxil olanlar əmək miqrantları deyil, daha çox Rusiya-Ukrayna müharibəsi nəticəsində hərbi əməliyyatların getdiyi ərazilərdən Rusiya ərazisinə hərəkət edən şəxslərdir. Onlar Rusiya ərazisinə daxil olduqda ilk olaraq qaçqın statusu üçün müraciət edirlər, Rusiya isə qaçqın statusu vermədiyinə görə onlar əmək miqrantı kimi identifikasiya olunurlar. 3,12 milyon nəfərlik say bilavasitə bununla bağlı ola bilər. Bu statistik göstəricidə azərbaycanlıların sayı çox cüzidir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri